`Sevil`ən qızlar: Onlar indi haradadırlar? - MÜSAHİBƏ+FOTOLAR

`Sevil`ən qızlar: Onlar indi haradadırlar? - MÜSAHİBƏ+FOTOLAR
  23 Yanvar 2017    Oxunub:42748
“Qara Qaşın vəsməsi”, “Qadan alım” , “Sənmi gözəlsən”, “Könlümün yadigarı”... Bu mahnıların adını çəkmək yetər ki, hamı “Sevil” vokal instrumental ansamblını xatırlasın. Ansamblın 4 qızının ifası, geyimləri, mahnıları o dövr üçün görünməmiş yenilik idi. Bəli, söhbət əfsanəvi cazmen Vaqif Mustafazadənin yaratdığı qızlardan ibarət “Sevil” kvartetindən gedir.

Vaxtilə həmin qrupun üzvi olmuş Sevil Allahverdiyeva hazırda uşaq bağçasında musiqi rəhbəri kimi fəaliyyət göstərir. O, AzVision.az-a müsahibəsində özünün və qrupdakı digər qızların sonrakı taleyilə bağlı maraqlı söhbət edib.

- “Sevil”in keçmiş üzvlərindən kimlərlə əlaqəniz var? Onların sonrakı taleyi necə oldu?

- Qrupumuzun üzvlərindən biri - Sevda xanım rəhmətə gedib. Onun ölümü bizi şoka saldı. Çünki hamımızdan cavan idi. Gözlənilmədən dünyasını dəyişdi.

Digər qızlardan Rəna Talıbova və Dilarə xanım ilə əlaqələrim var. Dilarə xanıma əvəllər “xallı qız” deyirdilər. Üzündə qəşəng xalı var idi. İmkan olanda görüşürük. İş,uşaqlar, nəvələr başımızı çox qatıb. Ona görə də tez-tez görüşə bilmirik. Rəna xanım əməkdar artist adını alıb. Buna layiq idi, istedadlı, işgüzar insandır. “Sevil” kvartetinin davamçısı kimi yeni “Sevil” ansamblını yaradıb. Çox gözəl fəaliyyət göstərir. Dilarə xanım da əməkdar artist adını alıb. Neçə illər Azərbayacan Dövlət Simfonik Orkestrində skripkada çalıb. Sonradan isə səhhətilə əlaqədar orkestrdən çıxdı. İndi məktəbdə fəaliyyət göstrərir, balacalara öz işini öyrədir.



- Övladlarınız, nəvələriniz varmı?

- İki gözəl nəvəm var. İkisi də qızdır. Leyli və Selin.

- Yolunuzu davam etdirən varmı?

- İki qızımın ikisi də - Nigar və Mənsurə Əhmədovalar,- musiqini sevən insanlardırlar. Vaxtilə “Yeni ulduz” müsabiqəsində iştirak ediblər. Kiçik qızım Bülbül adına məktəbi birtirib. Pianoçu kimi fəaliyyət göstərib.




- “Sevil”ə gəlişiniz necə olmuşdu?

- O illər yadddan çıxa bilməz. Elə maraqlı, gözəl idilər ki. Uşaqlıqdan oxuyurdum. 3-cü sinifdə oxuyanda bəsətkar Hökümə Nəcəfova bizim məktəbə gəlib, bir neçə uşağın içindən məni seçmişdi. Mən onun mahnılarını oxuyurdum. Böyüyəndə də musiqiyə böyük həvəsim var idi. Elə oldu ki, “Sevil”dən bir qızın getməyindən xəbər tutdum. Özümü yoxlamaq istədim. Dedim, görəsən nəsə alına bilərmi? Vaqif Mustafazadə kimi bir musiqçi ilə rastlaşmaq, onun qarşısında oxumaq asan deyildi. Məktəbi təzə bitirmişdim, çox həyəcan keçirdirdim. Amma mahnıları özümə məxsus oxuya bilirdim. İmtahandan keçdim. Vaqif müəllim, onun həyat yoldaşı Elza xanım və anası Zivər xanım dinləyib, qəbul etdilər.

“Sevil”in ilk çıxışını mən hələ məktəbdə oxuyarkən yeni il bayaramında görmüşdüm. Çox bəyəndim. Qızların oxumağı, Vaqif müəllimin ifası heç kimə bənzəmirdi. Vaqif müəllimin musiqisinə vurğun idim. Onda ağlıma gəlməzdi ki, özüm bu kvartetə qatılacağam, Vaqif müəllimlə bir səhnədə dayanıb, onun instrumental ifası altında savadlı qızlarla birlikdə çıxış edəcəm.



- Kvartetdə ilk ifa etdiyiniz mahnı hansı oldu?

- Mən Vaqif müəllimin evinə gələndə bir neçə mahnı oxumuşdum. Ələxüsus da, Emin Sabitoğlunun “Zaman” mahnısını Vaqif müəllim seçdi. İlk dəfə səhnəyə çıxışımda da mən bu mahnını ifa etdim. Həmin dövrlər yaradıcı bir mühit var idi. Bəstəkarlar, ifaçılar arasında qızğın yardıcılıq mübadiləsi gedirdi. Ramiz Mirişli, Hacıxan Məmmədov, Emin Sabitoğlu, Tofiq Quliyev və bir çox bəstəkarların mahnılarını ifa edirdik. Vaqif müəllim onlarla görüşürdü, biz də Vaqif müəllimdən hazır materilları götürürdük. Əgər o, hansısa mahnını bəyənirdisə, götürüb özünəməxsusu formada işləyirdi.



- “Sevil”in günləri necə keçirdi?

- Biz səhərlər və ya günortalar dərsə gedirdik. Axşamlar məşqə yığılırdıq. Əvəllər Bəsətkarlar İttifaqında yığışıb məşq edirdik. Sonra nədənsə həmin yeri Vaqif müəllimin əlindən aldılar. Biz onun birotaqlı evində məşq etməyə başladıq. Çoxlu mahnılar öyrənirdik. Saatlarla məşqlər olurdu. Konsert olanda lap çox məşq edirdik. Vaqif müəllimin bizə verdiyi vokal parçalar asan deyildi. O zamanlar mahnıların aranjman olunmasını kimsə qəbul edirdi, kimsə etmirdi. Xalq mahnılarının aranjmanını edirdi, biz də oxuyurduq. Onun stilinə, manerasına çatmaq asan deyildi. Nəsə alınırdı, nəsə alınmırdı. Bəzən bizi elə tərifləyirdi ki, özümüzü göyün yeddinci qatında hiss edirdik. Bəzən də elə narazı qalırdı ki, bilmirdik nə edək.



- Həmin vaxtlar Vaqif müəllimin qızı Əzizə Mustafazadənin neçə yaşı var idi?

- Mən qrupa gələndə 4 yaşı var di. Bapbalaca, şirin, qəşəng bir qız idi. Bir az böyüyəndən sonra özü də oxumağa başladı. Balaca olanda ayaqları heç pedala çatmırdı, amma akkordlar götürüb oxuyurdu. Çox gözəl, istedadlı qız idi. Sonra da nə qədər yüksək uğurlara nail oldu.

- Vaqif müəllim istəyirdimi qızı onun yolu ilə getsin?

- Bəli. Onunla çox fərəhlənirdi. Deyirdi ki, qızım mənim davamçım olacaq. Qızı ilə nəfəs alırdı. Atası da Əzizə üçün birinci idi. Atasını itirəndə çox böyük stress keçirdi. Əzizə çox kiçik yaşında səhnədə “Qara qaşın vəsməsi” mahnısını oxumuşdu. O yaşda aranjmanla o mahnını oxumaq heç də asan deyildi.



- Vaqif müəllimin özü xaraktercə necə insan idi?

- Çox sadə, şən, mehriban, ürəyi yumşaq insan idi. Pianino arxasına keçəndə isə qeyri-adi br insan olurdu. Onun ifasına qulaq asanda görürdün ki, daxildən nə qədər qeyri-adi şəxsiyyətdir. Ağac bar verəndə başını aşağı salır. O da belə insan idi. Tələbkarlığı və ciddiliyi də öz yerində olardı. O zamanlar cazı inkişaf etdirmək, tamaşaçı auditoriyasına qəbul etdirmək asan deyildi. Onu çox incidirdilər. Mübarizə aparırdı, sınmırdı.

Bəziləri indi efirə çıxıb danışırlar ki, Vaqif müəllimlə dost olublar. Vaqif müəllim onların evinə gedib, birlikdə qutab yeyiblər və s. Gülməli söhbətlərdir. Onun dostlarla gəzməyə, qutab yeməyə vaxtı yox idi. Vaxtı olanda qızına, ailəsinə diqqət yetiridi. Əsas zamanını isə məşqlərə ayırırdı. Daim işləyirdi, yaradıclıqla məşğul idi. Musiqidən, pianinodan ayrılmırdı. Həmin adamlar onun diqqətini heç olmasa 5 dəqiqə özlərinə cəlb etmək üçün bilmirdilər ki, nə etsinlər. İndi kimsə olmayan şeylər uydurur. Vaqif müəllimin həyatında biz Əzizəsi, bir də musiqi var idi.



- Qurupdan nə zaman uzaqlaşdınız?

- Mən ailə səbəblərimə görə kvartetdən bir az tez - 1977-ci ildə ayrıldım. Mənim yerimə Rəna xanımın bacısı Sevda Talıbova gəldi. Vaqif müəllim onda artıq yavaş-yavaş caz ansamblı ilə işləmək haqqında qərar verirdi. Artıq kvartetin sonu yaxınlaşırdı. Bəlkə də ona görə dağıldı ki, qızlarla işləmək asan deyildi. Biri analıq məzuniyyətinə çıxırdı, biri ailə qururdu. Təzə qız axtarıb tapmaq, bu çətin proqramı ona öyrətmək elə də asan deyildi. Vaqif müəllimə isə caz ansamblı lazım idi. Çünki o, bu yol ilə getmək istəyirdi. 1977-ci ilin yayında qrup dağıldı. Vaqif müəllim caz triosu ilə fəaliyyətini genişləndirdi. Yaxşı konsertlər keçirdirdi. Qrupdan ayrılandan sonra da onunla, yoldaşı Elza xanımla konsertdə görüşürdük, zəngləşib, danışırdıq. Çox çəkmədi ki, 1979-cu ildə Vaqif müəllim rəhmətə getdi.



Şahanə RƏHİMLİ
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti