`İnanmazdım ki, Bakıya bu qədər bağlıyam` - İsfar Sarabski ilə MÜSAHİBƏ

`İnanmazdım ki, Bakıya bu qədər bağlıyam` - İsfar Sarabski ilə MÜSAHİBƏ
  19 Yanvar 2017    Oxunub:14788
Elə musiqilər var ki, gərək onu ürəyinlə dinləyəsən. Məhz o zaman musiqiçinin notlarla ən müqəddəs şeylər haqqında necə pıçıldaşdığını duyarsan.

AzVision.az-ın növbəti həmsöhbəti, əməkdar artist, cazmen və pianoçu İsfar Sarabski də musiqini qəlbən duyan, onu ürəyi ilə dinləməyi bacaran musiqiçilərdəndir.

Qeyd edək ki, o, Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabskinin nəticəsidir.

-İsfar, necəsiniz? Deyəsən, ötən il sizin üçün çox işgüzar olub. Bir az yorğun görünürsünüz.

- Təşəkkür edirəm. Bu, həyata keçirdiyimiz layihələr, konsertlərlə bağlıdır. Baxmayaraq ki, fiziki cəhətdən bir az çətin olur, ancaq belə konsertlərin, layihələrin olması çox sevindiricidir. Hər şeyin yaxşı olması üçün daima böyük ümidlərlə cəhd edirik, irəliyə addımlar atırıq.

-Müsahibəyə asanlıqla razılaşmadınız. Məndə belə bir fikir yarandı ki, ciddi insan olmaqla yanaşı, bir az da sərtsiniz. Bu xarakterinizdən irəli gəlir, yoxsa gündəlik iş qrafikiniz,işlərin çoxluğu belə sərtliyi tələb edir.

- Bəlkə də işlərin çoxluğundandır ki, kənardan insanlarda sərt adam siması yaradıram. Onlara elə gələ bilər ki, mən insanlarla ünsiyyət qurmağı xoşlamıram, çox ciddi, özünə məxsus qaydaları olan insanam. Xeyr, əslində belə deyil və bunun xarakterimlə bağlılığı yoxdur. Mən də hamı kimi ünsiyyət qururam, maraqlanıram, hansısa maraqlı mövzularda insanlarla söhbət etməyi sevirəm.



-İş qrafiki demişkən, adətən, musiqiçilər gecələr işləyib, gündüzlər dincəlirlər. Sizin iş qrafikiniz necədir?

-Məndə fərqli olur, zamana görə dəyişir. Əgər qarşıda konsert hazırlıqları yoxdursa, bir-iki gün dincəlirəm, dostlarla futbol oynayıram, filmə baxmağa gedirəm, musiqi dinləyirəm. Konsertlər olanda qrafik bir qədər dəyişir, səs yazısı, 2-3 həftə yaradıcı səfərlər, öz üzərində çalışmalar və s. olur.

Bunları həyata keçirmək fiziki cəhətdən çətindir. 3 gün ardıcıl fərqli şəhərlərdə konsert vermək asan deyil. Məsələn, mənim üçün ilk vaxtlar çətin idi. Əvvəlcə buna öyrəşmək lazımdır. Ağır qrafik əhval- ruhiyyəyə təsir göstərir. Ümumən götürdükdə isə saydıqlarımın hamısını etmək mümkündür. Ən əsası gərək sənin yaxşı yuxun və qidalanman olsun. Gün ərzində heç olmasa bir saat hər şeydən uzaqlaşıb, sonra yenidən iş başına qayıdasan.

-Məsələn, yorulanda hər şeyi buraxıb dostlarla kinoya və ya futbola gedirsinizmi?

- Əlbəttə, bunlarsız mümkün deyil. Başqa işlərlə məşğul olmaq, arada hər şeyi unutmaq lazımdır. Sərbəst olmaq, nədənsə zövq almaq, dostlarla ünsiyyət qurmaq, kinoya baxmaq, fərqli mövzulara maraq göstərmək mütləqdir. Bütün bunlardan sonra məşğuliyyətinə, işinə qayıdanda səndə artıq enerji, yeni qüvvə olur.



-Hansı futbol klubuna fanatlıq edirsiniz?

-Ölkələr arasında yığmamıza fanatlıq edirəm. Bu öz növbəsində. Dünyadan isə uşaqlıqdan fanatlıq etdiyim komanda “Milan”dır. Özüm də futbol oynayanda bu komandanın formasını geyinirəm. Ancaq deməzdim ki, həddi keçəcək dərəcədə fanatlıq edirəm və ya komandama görə kiminləsə mübahisə edirəm. Sadəcə olaraq hər həftə bu klub haqda xəbərlər oxuyuram və oyunlarını izləyirəm.

-Bəs, siz futbol oynayanda hansı mövqedə çıxış edirsiniz?

- Uşaqlıqda qapıçı olmuşam. Onda özündən yaşca böyük oğlanlarla futbol oyanamaq istəyərdinsə, qapıda durmalı idin. Böyüdükdən sonra sevimli mövqeyim mərkəzə meyilli hücumçu oldu. Mini futbolda isə öndə oynayıram. Futbolda çox zədələr almışam. Hətta bir dəfə ayağımı sındırmışdım. Ancaq konsertə qədər müalicəni başa vurub, gipsi çıxartdıra bildim.



- İnsanların ilham mənbəyi onların əldə etdiyi informasiyalar əsasında yaranır. Maraqlıdır, İsfarın ilham mənbəyi məhz nələr ola bilər?

-Hər şey. Ətrafda nə görürüksə, o mənim ilham mənbəyim ola bilər. Məsələn, elə bugünkü müsahibədən sonra oturub nəsə yaza bilərəm. Mən çalışıram ki, hər anı hiss edim, hər dəqiqəni yaşayım. İlham təbiətdən, insanlardan ,yürüşdən, səfərdən, nəfəs aldığımız havadan belə gələ bilər. Hər biri özü özlüyündə musiqinin bələdçisi olur.

- Sizin tanınmış opera müğənnisi, aktyor, rejissor Hüseynqulu Sarabskinin nəticəsi olduğunuzu bilirik. Ailənizdə sizdən başqa musiqiçi varmı?

-Ailəmiz musiqiçilərdən ibarətdir. Anam, atam, dayım, xalam, xalamqızı musiqiçidirlər. Mən 3 yaşımdan başlayaraq vallara qulaq asmışam. Özümü balaca “dj” hesab edirdim. Atam caz, italyan, fransız mahnılarından ibarət vallar alırdı. Ən böyük şansım onda olub ki, çox kiçik yaşlarımdan belə gözəl mahnıların mövcudluğundan xəbər tutmuşam. Daima məni operaya, rok və ya repdən ibarət konsertlərə aparıblar. Bir sözlə, həmişə musiqi ilə bağlı olan hər şey haqqında xəbərdar olmuşam. Bəlkə də, bunlar olmasaydı, bu gün belə olmazdı.



-Sarabski təxəllüsünün yaranması haqqında müxtəlif versiyalar var. Bu haqda siz nə deyə bilərsiniz?

-Ulu babamın əsil soyadı Rzayev olub. Sarabskini özünə təxəllüs götürüb. Müxtəlif versiyalar var. Mən bildiyimə görə, Ərdəbil, Təbriz yaxınlığında Sarab adlanan bir yer olub. Babam təxəllüsünü bu ərazinin adından götürüb.

-İnternetdə yayılan məlumatlarda qeyd edilir ki, babanız 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxıb. Bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası olub. Babanız tamaşadan çox təsirlənib və özünə səhnə təxəllüsü olaraq Sarabskini götürüb.

-Belə versiya də var. Qeyd etdiyim kimi, versiyalar çoxdur. Ona görə də tam dəqiqliklə demək olmur.



-Ailənizdə Hüseynqulu Sarabski haqqında nə danışıblar, onunla bağlı hansı xatirələri bölüşüblər?

- Mənə danışblar ki, o, səliqəli, qəşəng geyinməyi çox sevirmiş. Mən hətta onun bir neçə əşyasını, şlyapa və əsasını görmüşəm. Ailəsi ilə birgə çəkilən fotoları da yadigar qalıb.

Bildiyiniz kimi o, Üzeyir Hacıbəyovla dostluq etdib və onun kimi bir sıra ziyalılar Bakıda işləyib Uzeyir Hacıbəyovun Peterburqda musiqi təhsilin almasına dəstək olublar. Bu mənim üçün vacib və çox gözəl faktlardan biridir ki, ulu babam tanınmış sənətkar, peşəkar opera aktyoru olmasından əlavə, Azərbayacan musiqi mədəniyyətinin inkişafına xidmət göstərənlərdən biri olub. Həmin dövrlər bildiyiniz kimi çox çətin olub. Teatr, səhnə anlayışı o qədər də qəbul olunmurdu.Buna baxmayaraq onlar öz sənətlərindən çəkinməyiblər. Azərbayacan musiqisi üçün mübarizə aparıblar.

-İşinizlə bağlı tez-tez dünyanın bir çox ölkələrinə səfər etməli olursunuz. Maraqlıdır, Bakıya bağlı adamsınız, yoxsa sizin üçün uğurun gəldiyi yer daha önəmlidir?

-Mən özüm də inanmazdım ki, Bakıya bu qədər bağlıyam. Əvəllər məndə belə bir hiss var idi ki, hansısa başqa ölkədə yaşaya bilərəm. Ancaq gördüm ki, belə deyil. Səyahət etməyi, gəzməyi, başqa ölkələrdə yaşamağı sevirəm. Bunlar mənə yeni hislər, emossiyalar, tanışlıqlar verir. Ancaq bir şərtlə ki, uzun müddət sürməsin. Mənim üçün yaxınlarım, dostlarım, ətrafım çox vacibdir. Onlarsız yaşamaq çətindir. Buna görə də harasa gedəndə həmişə geri qayıtmaq biletimlə də maraqlanıram.



-Anladığım qədəri ilə hər bir işdə, xüsusən də, musiqidə gördüyünüz işin ideal olmasına çalışırsınız. İdeala çatmaq həmişə mümkündürmü? Bəs, yükü ağır deyil?

- Birinci növbədə onu deyim ki, məsələ ideal olmaqda deyil. Vacib olan odur ki, sən etdiyin işə hörmət etməlisən. Özün özünə ideal olmalısan. Çox şey istəkdən asılıdır. İstək olanda imkanları, bacarığı və gücü birləşdirib həyatda çox şey edə bilərsən. Ən əsası isə insanın kompleksi olmamalıdır. Özünə inam mütləqdir. Çalışıram ki, qarşıma qoyduğum məqsədə çatım, yeni uğurlar əldə edim. Bu, mənim prinsiplərimdən biridir. Bir sözlə, məqəsəd heç vaxt bitmir.

-Bildiyimə görə tək caz, klassik musiqlər deyil, elketron musiqiyə də marağınız var..



-Bu maraq məndə birdən-birə yaranmadı. Əvvəlcə elektron musiqiyə qulaq asmağa, onu sevməyə başladım. Mənə janr, ritmlər maraqlı gəldi. Və düşündüm ki, cəhd edim. Aparaturalar aldım, “Youtube”dən bununla bağlı məşqlərə baxdım. Düzünü desəm, bu mənim üçün çox çətin oldu. İki ilə yaxın çalışdım və alındı.

Qeyd edim ki, Diana Hacıyeva ilə birlikdə çalışmışam,“İ break again” -i hazırlamışıq. Təbii ki, başqa işlərimiz də var. Onları da zamanla təqdim edəcəyəm.

- Ötən il ud ifaçısı, bəstəkar, dünya şöhrətli Dafer Yusiflə dünya turlarına çıxmışdınız. Maraqlı konsertləriniz, işbirliyiniz oldu. Bundan sonra da davam edəcəkmi?



- Bu çöx gözəl anlar idi. Biz birlikdə ifa edirdik, ünsiyyət qururduq. O, sanki mənim böyük qaradaşım idi. Həmişə mənə kömək edirdi, məsləhətlər verirdi. Onunla işləmək mənim üçün çox böyük təcrübə idi. Biz onunla yaxınlarda danışmışıq. Növbəti turlar, işbirliyimiz olacaq.

-Müxtəlif ölkələrdə konsertlər verirsiniz. Səfərlərinizdən hansı daha yadda qalan olub?

-Məsələn, bu yaxınlarda Omanda konsertdə olduq. Müsəlman ölkəsi olduğuna görə tamaşaçılar zalda başı bağlı, qapalı geyimdə əyləşmişdilər və ifa zamanı hətta yerlərində rəqs etdilər. Bu mənim üçün bir az qeyri- adi idi.

-Olduğunuz ölkələrin musiqisindən başqa, daha nələri ilə maraqlanırsınız, hansı məkanlarında olmağı sevirsiniz?

-Mən adətən dostların və getdiyim yerlərin yaradıcı insanlarının məsləhətlərindən yararlanıram. Bu hansısa muzey, caz və ya elektron klub, tarixi yer ola bilər. Musiqi mağazaları mənim ən zəif yerimdir. Geyim mağazalarını gəzməyi, alış- veriş etməyi isə o qədər də sevmirəm. Mən yaxınlarmdan, dostlarımdan hansısa əşyanı almağı xahiş edirəm. Onlar mənim zövqümü bilirlər.



-Elnur Hüseynovla birgə “Sarı gəlin”kompazisiyasını hazırlamışdınız. Onunla əlaqələriniz davam edirmi?

-Elnur Hüseynovla yaxın əlaqələrimiz var. Tez-tez danışırıq. Hazırda Elnur Türkiyədə yaşayır. İşləri çox yaxşı gedir. Elnur eyni zamanda mənim üçün yaxşı dostdur. Biz yeni mahnılar üzərində işləyirik, tezliklə təqdim olunacaq. Ondan əlavə Şəhriyar İmanovla , Diana Hacıyeva ilə, Natiq Şirinovla birlikdə işləmişik.

-Rəqs etməyi necə ,sevirsinizmi?

-Mən rəqs etməyi sevirəm. Rəqs insanın ən vacib pozitiv hislərindən biridir. Rəqs hislərin ifadəsidir. Daha çox elektron musiqi ilə rəqs etməyi xoşlayıram. Toyda və ad günlərində isə milli rəqslərimizdən hansınısa oynayıram.

-Yaşın üstünə yaş gəldikcə musiqiyə baxışlarınız, seçdiyiniz mövzulara münasibətiniz yəqin ki, dəyişir.

- Bu çox güclü şəkildə dəyişir. Tək musiqiyə yanaşma deyil, hətta ünsiyyət qurmaq, münasibət saxlamaq da illərlə dəyişir. 5 il bundan öncə sizə başqa cür cavab verə bilərdim. Bütün hallarda hər şey yaxşılığa doğru gedir. Hər an inkişaf etməyə çalışıram. Maraqlı nəsə əldə edirəmsə, yeni nəsə öyrənirəmsə, bu, məni bir az da ruhlandırır, həvəsləndirir. Mən keçmişin həsrətini çəkməyi xoşlayan insanlardan deyiləm.



-Müsahibələrinizdən birində bildirmişdiniz ki, insan kimə və ya nəyəsə görə daxilindəki “mən”i unutmamalıdır. Necə düşünürsünüz, həmişə xarakterli qalmaq mümkündürmü?

- Birinci növbədə öz qarşımda səmimi və şərəfli olmalıyam. Bu, mənim prinsipimdir. Kiməsə xoş olmayan söz desəm, özüm özümdən utanaram. Buna görə də birinci “mən”i fikirləşirəm.

-Bəlkə də, buna görə əhatənizə çox adamı yaxın buraxmırsınız..

-Bəli. Yəqin ki, bu faktordan yaranmış səbəblərdən biridir. Elə insanlarla yaxınlıq edirəm ki, onlar həyata, işlərinə yanaşmalarında doğru etiketin nə olduğunu bilirlər.

-“Caz həyatdır, bu həyatda var olmanın səbəbidir. Piano arxasında özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm” - Bu fikirlər sizə məxsusdur. Sizcə, dünyanın ən xoşbəxt insanı necə olur?



-İndi bu suala dəqiqliklə cavab verə bilmirəm. Xoşbəxtliyə yanaşma fərqlidir. Ən vacibi xoşbəxt olmağı bacarmaqdır. İnsanlar bəzən xoşbəxtliyi görmürlər, gözlərini bağlayırlar.

-Maddi durumunuzdan razısınız?

--Mən hansısa tədbirə getmək, oradan çoxlu pul qazanmaq prinsipi ilə yaşamıram. Hər şeyi yaradıcılıqla, konsert təşkil etməklə, öz üzərində məşğul olmaqla əldə etmək olar. Ancaq bu o demək də deyil ki, müəyyən tədbirlərdə iştirak etmirəm. Tez -tez müəyyən festivalların, olimpiadaların və dövlət səviyyəsində keçirilən tədbirlərin iştirakçısı oluram.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti