Ədliyyə işçiləri şəhidlərin xatirəsini yad edib

Ədliyyə işçiləri şəhidlərin xatirəsini yad edib
  20 Yanvar 2017    Oxunub:1839
1990-cı il Qanlı 20 Yanvar faciəsindən 27 il ötür. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə əbədi həkk olunmuş bu dəhşətli hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim ehtiramla yad edir. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi həmvətənlərimizin həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumxalq hüzn günündə ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin bütün struktur qurumlarında anım mərasimləri keçirilərək faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə bir daha nəzər salınıb.

Tədbirlərdə qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıya daxil olaraq günahsız insanları vəhşicəsinə qətlə yetirməsi bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrdən biridir. Baş vermiş bu dəhşətli hadisədən sonra Azərbaycan xalqı öz haqq səsini dünyaya çatdırmaq istəsə də, imperiya rəhbərliyi hər vəchlə bunun qarşısını almağa çalışıb.

Yığıncaqlarda faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirməsi, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilməsi xüsusilə vurğulanıb. Prezident İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi, bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığı, diqqət və qayğı ilə əhatə olunan şəhid ailələrinin və əlillərin sosial təminatının gücləndirildiyi qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.

Nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı kinozalda filmlər, foto-slaydlar nümayiş etdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti