Millinin başına Qurban Qurbanov gətirilir

  21 Avqust 2013    Oxunub : 535
Millinin başına Qurban Qurbanov gətirilir
Qurban Qurbanovun Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunması məsələsinə bu ilin sonunda baxıla bilər.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun milli komandaya rəhbərlik edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən trend-ə deyib:

"Son vaxtlar "Qarabağ" klubu kifayət qədər yaxşı oyun nümayiş etdirir, Avropa Liqasının pley off mərhələsinə yüksəlib. Qurban Qurbanov istedadlı cavan kadrdır, "A" və "PRO" kateqoriyalı lisenziyalar alıb. Lakin gözləmək lazımdır, çünki Berti Foqtsun bu ilin sonunadək müqaviləsi var və "Dünya Çempionatı-2014" seçmə mərhələsini yekunlaşdırmalıdır. Mərhələ bitəndən, müqavilə başa çatandan sonra bu məsələyə baxılmalıdır. Hər şey qanun çərçivəsində, sivil formada baş verməlidir".

R.Əliyevin sözlərinə görə, milli komandaya elə məşqçi gəlməlidir ki, yığma komanda nəticə göstərsin: "Sevindirici haldır ki, belə kadrlarımız var. Foqts artıq iki mərhələ işlədi, elə böyük nəticələrə nail olmadı. Tendensiya artıq ona doğru getməlidir ki, bizim yerli kadrlar həm klublarda, həm də yığmada olmalıdır. AFFA tərəfindən xeyli sayda praktiki kurslar həyata keçirilir. İstənilən klubdakı oyunçular düşünməlidirlər ki, onlar sabah milliyə qatılacaqlar".

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası "Dünya Çempionatı-2014" seçmə mərhələsində 7 oyundan sonra 4 heç-heçə edərək cəmi 4 xal toplayıb.

Teqlər: