Milli Şurada sessiya qalmaqalı

Milli Şurada sessiya qalmaqalı
  21 Avqust 2013    Oxunub:1343
Milli Şuranın bu gün- avqustun 21-də növbədənkənar sessiyasının keçirilməsi planlaşdırılır. Bu məsələ Milli Şura üzvləri arasında müzakirə edilir. Verilən məlumatlarda bildirilirdi ki, böyük ehtimalla sessiya bu gün keçiriləcək.

Lakin Milli Şuranın sonuncu sessiyasında ikinci vahid namizədin seçilməsi qərarı ilə razılaşmayan ACP, ALP, KXCP və “El” hərəkatı bu sesiyanın keçirilməsi ilə razı deyil.

“El” hərəkatının üzvü Eldəniz Quliyev virtualaz.org-a açıqlamasında bildirdi ki, belə bir sessiyanın keçirilməsi planlaşdırılmayıb: “Milli Şuranın növbədənkənar sessiyasının keçirilməsi üçün konsensus lazımdır. Sessiyanın keçirilməsi üçün konsensus olmasa ACP, ALP, KXCP və “El” hərəkatı bu sessiyada iştirak etməyəcək”.

Qeyd edək ki, dünən Zəfər Quliyev də açıqlamasında Milli Şuranın növbədənkənar sessiyasının keçirilməsini istəmədiklərini, qurumun avqustun 19-da qəbul edilən qərarı ilə razı olmadıqlarını və yalnız Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiklərini bildirmişdi.

KXCP sədri Mirmahmud Mirəlioğluda bu gün belə bir sessiyanın keçirilməsi ilə bağlı verilən informasiyanın yalan olduğunu bildirdi.

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı isə virtualaz.org-a açıqlamasında bu gün Milli Şuranın növbədənkənar sessiyasının keçirilə biləcəyini istisna etmədi: “Bu gün Mili Şuranın sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürülüb. İnanırıq ki, bu gün bu sessiya baş tutacaq”.

Arif Hacılı ACP, ALP, KXCP VƏ “El” hərəkatının bu gün keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasına qarşı olmalarına da münasibət bildirdi: “Milli Şuranın bütün üzvlərinin iştirakı ilə Milli Şuranın sessiya keçirilməlidir. Bu istiqamətdə müzakirələr aparılır. Bu gün bu sessiya baş tutacaq”.

Qeyd edək ki, Milli Şuranın avqustun 19-da baş tutan gərgin sessiyasında qurumun ikinci vahid (ehtiyat) namizədinin seçilməsi üçün səsvermə keçirilmiş və qərar 1 səs çoxluğu ilə qəbul edilmişdi. Müsavat və AXCP-nin də ikinci namizədin seçilməsini dəstəklədiyi qərar 43 səslə qəbul edildi. 42 səslə səsvermədə məğlub olan ACP, ALP, KXCP və “El”hərəkatı qəbul edilən qərardan narazıdır. Onlar yalnız Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiklərini bildirirlər.(virtualaz)


Teqlər:  





Xəbər lenti