AXCP Milli Şuranı tərk edir?

AXCP Milli Şuranı tərk edir?
  21 Avqust 2013    Oxunub:1184
Milli Şuranın 6 saat davam edən sessiyasında qurumun seçkiyə hansı namizədlə gedəcəyinə aydınlıq gətirə bilməməsi bu qurumun taleyini ciddi şübhə altına qoyub. Yaranmış durumun kritikliyini Milli Şuranın üzvləri də artıq etiraf edirlər.

Qurumun komissiya sədri, politioloq Zəfər Quliyev yaranmış vəziyyət və çıxış yollarından danışarkən bildirdi ki, Milli Şuranın 19 avqust sessiyası onda məyusluq yaradıb. Ona görə ki, bu qərar Milli Şuranı yaranmış böhrandan çıxaran deyil. Əksinə, bu qərar Milli Şuranı daha ciddi bir böhrana sala bilər: “6 saatlıq konsensusa gəlinməyən müzakirədən sonra mən şəxsən gözləyirdim ki, fasilə verilə və konsensus axtarışı davam etdirilə bilər. Ona görə ki, Milli Şura yaranan gündən bütün işlər konsensusla həyata keçirilib. Son sessiyada əslində konsensusa aparan yollar var idi. İki variant əsas müzakirə olunurdu. İlk növbədə müzakirə edilən və səsə qoyulan Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun təklif etdiyi variant idi. Bu təklifdə qeyd olunurdu ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov dəstəklənir, eyni zamanda Milli Şurada təmsil olunan partiyalara sərbəstlik verilir ki, onlar öz namizədləri ilə seçkiyə gedə bilərlər. Bu variantda əsas namizəd konsepsiyası ortaya qoyulurdu. Milli Şuranın sessiyasından əvvəl də liderlər arasında müzakirə gedirdi. Bu variantla bağlı əksər qüvvələr arasında razılıq var idi. Hətta İsa Qəmbər bəyan etdi ki, bizim üçün prioritet Rüstəm İbrahimbəyovun sənəd problemi həll olunacaqsa, onun namizədliyi üzərində dayanıb heç bir başqa variant axtarmamaqdır. İkinci prioritet isə ehtiyat namizədin də irəli sürülməsidir. İsa Qəmbər üçüncü varianta - Rüstəm İbrahimbəyovun təklif etdiyi varianta da hazırdır. ACP, KXCP, ALP və EL Hərəkatı da Rüstəm İbrahimbəyovun təklif etdiyi variantı üstün tuturdular”.

Z.Quliyev qeyd etdi ki, bu məsələdə fərqli mövqedən çıxış edən yalnız AXCP sədri Əli Kərimli olub: “Sessiya öncəsi də dedi ki, üçüncü variant onun üçün qəbuledilməzdir. Mən onun bu mövqeyini əsaslandıran ciddi arqument görmədim. Sessiya da məhz ssenari üzrə 6 saat davam etdi. Əli Kərimli mövqeyindən geri çəkilmədi. Əli Kərimli yeni bir ehtiyat namizəd müəyyənləşdirmək variantını müdafiə edirdi. Hətta AXCP bəyan etdi ki, Rüstəm İbrahimbəyovun təklif etdiyi variant qəbul ediləcəksə, onlar açıq bəyanatla çıxış edəcəklər və hətta Milli Şuranı tərk edə bilərlər”.
Politoloqun fikrincə, belə bir şəraitdə məsələləri səsverməyə çıxarmaq düzgün deyildi: “Ona görə ki, tam aydınlıq yox idi, konsesusa doğru ciddi addımlar atılmamışdı. Hər iki tərəfdən qırmızı xətt məsələsi qoyulmuşdu. Belə vəziyyətdə səsvermənin keçirilməsi, səsvermənin nəticəsi Milli Şuranı böhrandan çıxarmadı”.
Z.Quliyev böhranın dərinləşə biləcəyi təhlükəsinin olduğunu vurğuladı: “Bu formada biz böhrandan çıxa bilməyəcəyik. Milli Şurada faktiki olaraq 4 partiya ilə iki partiya arasında yollar ayrılsa, Milli Şura İctimai Palatanın formatına dönəcək. Onda sual olunur. İctimai Palata neçə illərdir var və mübarizə aparır və İctimai Palatada da həmin iki partiya təmsil olunursa, ehtiyac varmı Milli Şuraya?”
“Milli Şuranın bugünlərdə sessiyasının olacağı və məsələnin yenidən müzakirəyə çıxarılacağı deyilir. Sizcə, problem həllini tapacaqmı və Milli Şuranın yeni namizəd alternativi varmı” sualına Z.Quliyev belə cavab verdi: “Əslində bunun özü də problemdir. Çünki üzdə olan və adları namizədliyə çəkilən Cəmil Həsənli, Rafiq Əliyev, Mehman Əliyev, Gültəkin Hacıbəyli namizəd olmaqdan imtina ediblər. Elə vəziyyət yaranıb ki, ehtiyat vahid namizədlik üçün də konkret şəxs yoxdur ki, onu dərhal müzakirə çıxara və problemsiz qəbul edilə. Gözləməyə də vaxt yoxdur, bir-iki günə məsələ mütləq həll olunmalıdır ki, namizədin sənədləri hazırlanıb MSK-ya verilsin, sonra imza toplansın. Vaxt isə çox az qalıb və əslində dəhşətli seytnot vəziyyətidir. Biz Rüstəm İbrahimbəyovun qayıtmamağının yaratdığı qeyri-müəyyənlikdən xilas olmaq istədik, lakin yeni bir qeyri-müəyyən vəziyyətə daxil olduq. Əgər parçalanma yaranacaqsa, ehtiyat vahid namizədin irəli sürülməsi ciddi nəyisə həll etməyəcək və cəmiyyətə də ciddi təsiri olmayacaq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə öz facebook səhifəsində Milli Şuranın düşdüyü durumu belə ifadə edib: “Etiraf etməliyik: dalana dirənmişik. Bunun əsas səbəbi Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələrək seçki prosesinə qatılmasına imkan verilməməsidir. Belə şəraitdə operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik. Çünki ”Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır" deyənlər “kardinallar” müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, Milli Şura üzvü ola bildi".(müsavat.com)


Teqlər:





Xəbər lenti