`ASAN Viza` portalı təqdim olundu - FOTOLAR (VİDEOXƏBƏR)

`ASAN Viza` portalı təqdim olundu - FOTOLAR (VİDEOXƏBƏR)
  16 Dekabr 2016    Oxunub:9707
Bu gün "ASAN Viza" portalını­n təqdimat mərasimi k­eçirilib.

AzVision.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, bir sıra xarici ölkərin ölkəmizdəki səfirləri iştirak ediblər.

Mərasimdə çıxış edən İnam Kərimov bildirib ki, ASAN Viza portalı yanvarın 10-dan etibarən tam istifadəyə veriləcək.

"Artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. "ASAN viza" sisteminin yaradılması ilə elektron vizanın alınması vahid sistemdən həyata keçiriləcək. Bu proses 3 addımdan ibarət olacaq. Elektron vizalar 3 iş günü ərzində təqdim ediləcək".



İ.Kərimov qeyd edib ki, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra onun vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.



Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.

Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup (ən azı 10, ən çoxu 300 nəfər) şəklində edilməsi nəzərdə tutulur.

Agentlik sədri əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün prioritet sahədir".





Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, ilkin mərhələdə 81 ölkənin vətəndaşları "ASAN Viza"dan yararlana biləcək. O, əlavə edib ki, gələcəkdə "ASAN Viza"dan istifadə edə biləcək ölkə vətəndaşlarının sayı artacaq.

Xatırladaq ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsindən “ASAN Viza” sisteminin yaradılması təmin edilib.

















Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti