`Van Dammı sünnət toyuna gətirib, iki milyon verirlər, bizə isə...` - Nurəddin Mehdixanlı

`Van Dammı sünnət toyuna gətirib, iki milyon verirlər, bizə isə...` - Nurəddin Mehdixanlı
  08 Noyabr 2016    Oxunub:52411
“Müsəlman olmaq üçün saqqal saxlamaq, hicaba bürünmək lazım deyil”

“Aktyorların əksəriyyəti ürək xəstəliyindən ölür”

Akadamik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının AzVision.az-a müsahibəsi.

-Nurəddin müəllim, sizinlə görüşmək üçün uzun müddət gözlədim. Maşallah, qəbulunuza düşmək olmur.

-Görürsünüzmü, artıq səsim tutulub. Gün ərzində iki dəfə məşq edirik, məşqlərdən sonra tamaşalarımız başlayır. Mən mətbuata açıq adamam. Bu vaxtla bağlıdır, kaprizlərlə yox.

-Çoxmu yorulursunuz?

-İşlərim çoxdur və hərdən yoruluram. Səhər saat 10-da teatrda oluram, evə isə axşam saat 11-in yarısı gedə bilirəm. Tamaşa olmayanda evə erkən gedə bilirəm.

Əslində insan çalışmalı, əziyyət çəkməlidir. İşin çoxdursa, deməli, sən lazımsan, gərəklisən. İşin azdırsa, deməli, sən daha az lazımsan. Onun da özünə məxsusu narahatlıqları var.



-Narahatlıq demişkən , son günlər “Azdrama”da da rahatlıq yoxdur. Qalmaqallar səngimək bilmir...

-Mənə elə gəlir ki, kim nəyi görmək istəyirsə, ondan danşır, ondan yazır. Birinin balıq kababından, birinin də donuz xirtdəyindən xoşu gəlir. Mən nə bu işlərə qarışıram, nə də baş verənlərin mənə aidiyyatı var. İşim var, məşqim var. Məşqim bitəndən sonra otağıma girirəm, yanımda çayım və kitablarım olur. Amma mənə elə gəlir ki, çox şey şişirdilir.

-Kim şişirdir, jurnalistlərmi, yaxud aktyorların özləri?

- Mən bilmirəm. Bu işdə aktyorlardan çox kimlərisə maraqlı görürəm.



- İsrafil İsrafilovun zamanında rol azlığından narazılıq edirdiniz. Amma indi işlə bağlı vaxt qıtlığından şikayətlənirsiniz. Belə görünür ki, Azərpaşa müəllimin rəhbərliyi dövründə sizə daha çox diqqət göstərilir.

-Hər bir sahənin başında o sahəni bilən adam olmalıdır. Yaradıcı təşkilatın başında da yaradıcı insan olmalıdır. Kaş, Azərpaşa müəllim 10-15 il budan öncə bizim direktorumuz olardı. Hesab edirəm ki, teatrda problemlər də yaranmazdı. Mənə məni başa düşən adam rəhbərlik etməlidir.

-Azərpaşa müəllim təkcə sizi başa düşür, yoxsa bütün aktyorları?

- Azərpaşa müəllim peşəkar insandır. Böyük məktəblər görüb, təcrübəsi var. Ancaq yaradıcı insanlar bir-birlərini başa düşə bilərlər. Azərpaşa Nemətovun aktyorlara böyük hörməti var. İstənilən müəssisənin rəhbəri işçilərə hörnət göstərməyi bacarmalıdır. O zaman istədiyinə nail ola bilər.

Bu gün vəzifəyə gəlim, işçini təhqir edim, əzim, bu kimi fikir və hərəkətlərlə böyüklük göstərmək olmaz. İndiyə qədər rəhbərlərin heç biri ilə şəxsi müstəvidə problemim olmayıb. Çünki həmişə işləmişəm, işimi görmüşəm. Ancaq haqsızlıq gördüyüm zaman da səsimi qaldırmışam. Ən azı mətbuatı izləyən adam kimi yaşadıqlarımı gördünüz. Bu yerə qədər gəlmişəmsə, mənə də kimlərsə kömək edib, yardımçı olub. Nələrisə öyrədiblər, hardasa qoruyublar, müdafiə ediblər.

Bəzən görürsən ki, istedadlı insandır, amma haqqı tapdalanır. Onun yanında bacarırsansa ol. Ancaq göstərmək xatirinə olma. Sol əlin verdiyini sağ əl bilməməlidir.

Azərpaşa müəllimin gəlişi yaradıcılıq atmosferini geri qaytarıb. Ondan öncə teatrda adamların əksəriyyəti bir-birinə qarşı idi. İndi həmin insanlar bir-birilərinin yanında olmağı, birlikdə işləməyi bacarırlar. Əvvəl hansısa təşkilata “bizim tamaşanın biletini al” deyirdiksə, indi təşkilatlar özləri bizə müraciət edir.
Kənarda insanlar milyonların savaşını aparır, biz burada nəyin savaşın aparırıq ki? Bu mənada bizi bir- birimizə qarşı qoymağa çalışmasınlar. Biri gələr, biri gedər. Yaradıcı adamlarda qisas hisi olmamalıdır.



-Belə bir məşhur fikriniz var: Aktyor qladiatordur, hər gün səhnəyə çıxır, döyüşür, orada bir tale yaşayır və ölür. Qladiator kimi bu teatrda tale yaşamaq, döyüşmək çətin deyil ki?

-Çox çətindir. Hüseyin Cavidin sözü ilə desək, rəqsi axsaqlar təlim edəndə yazıq o rəqqasların halına. Aktyor maddiyyat cəbhəsinin deyil, mənəviyyat dünyasının adamıdır. Bir aktyor başqa bir sahədə olmuş olsaydı bəlkə də daha çox maddi sərvətlərin, vəzifənin sahibi ola bilərdi. Ailəsinə rahat həyat yaşada bilərdi. Amma bu peşə bizdə heç kimi milyonçu etməyib. Əgər insan sağlamlığını, əsəbini, vaxtını bura sərf edirsə, qladiator kimi savaşıb, hər gün ölürsə, nədən bunlara dəyər, qiymət verməyək. Ən azından sevgimizi, diqqətimizi göstərək. Bu insanlar millətin mədəniyyətinə xidmət edir. Həyatını bu sənətə qurban verən insanlara dəyər vermək lazımdır.



Sən hər günqladiator kimi ölməyi seçirsənsə, vaxtından qabaq saçların ağarır, sağlamlığın itir, dünyanı erkən tərk edirsən. Bəzən isə problemlərinlə, xəsətliklərinlə tək tənha qalırsan. Dünən səni alqışlayanlar yanında olmur. Pərdə bağlanır, hər şey bitir. Bəlkə aktyorun cibində avtobusa verməyə pulu yoxdur. Kimsənin onun dərdindən xəbəri olmur.



Niyə onların çətin vaxtlarında yanında deyilsiniz ?Mən hamını demirəm. Ən azı söz, qələm sahiblərini, digər tərəfdən bu millətin, torpağın hesabına milyonları qazanan azərbayacanılıları, iş adamlarımızı nəzərdə tuturam. Hansılar ki, öz paralarını xaricilərə, bizdən olmayanalara, bizə qarşı olanlara sərf etməkdən böyük ləzət alırlar. Amma özününkinin dərdini, problemlərini həll etməyə canları çıxır. Hər şeyi də dövlətdən ummaq doğru deyil. Bəs siz hardasınız? Dövlət sənətçilərimizi evlə təmin edir, mükafat verir.

Vandamı Bakıya sünnət toyuna yarım saatlığa gətirib, iki milyon verənlər siz haradasınız? Bizim qanımızı töküb, şəhid edənlərin qarşısında konsert proqramı ilə çıxış edib , “mən sizi sevirəm” deyənlərə pul xərcləyənlər, burada həyatını Azərbaycanın mədəniyyətinə sərf edib xəstə düşmüş insanlar niyə yadınıza düşmür?



-Hərdən düşünürsünüzmü ki, başqalarının həyatını yaşayıb, öz həyatını bir alqışın müqavilində xərcləməkdənsə, elə arzumun dalınca gedib hərbiçi olardım.

-Yox, o cür düşünməmişəm. Bu taledir. Doğrudur, hərbiçi olsaydım yaxşı hərbiçi olardım. Çox faydalı ola bilərdim. Ancaq artıq bir ömür yaşanıb, bir yol keçilib.

-Bir dəfə demişdiniz ki, bu sənət sirat körpüsüdür. Aktyorlar onun üstü ilə gedirlər. Bu yolda yıxılsan itirəcəksən, keçsən qazanacaqsan. Siz bu yolda heç büdrəmisinizmi?

-Mənim keçdiyim yol heç vaxt rahat və asan olmayıb. Qəribə cəmiyyətik. Sifətini qoruyub saxlamağa çalışan və istedadı, bacarığı olan insanları sevmirik. Mütləq onlar üçün problemlər yaradırıq.

Təbiətdə qiymətli daşlar az olduğu kimi istedadlı insanlar da az olur. İstedadsız adamlar çox və həyasız olurlar. İstedadlı adamlar isə abırlı və həyalı olduqları üçün onlara yaşamaq çətin olur.

Bu sirat körpüsündən keçmək asan deyil. Hələ körpüyə gələnə kimi nə qədər qara tikanlıqlar var. Səni didməyə, parçalamağa hazır olanlar var. Səni o körpüdən keçirdən şey sənin sənətin və əxlaqın olacaq. Orada səni aşağıdan dartsalar da, itələsələr də yıxılmayacaqsan. Əgər əxlaqın və gördüyün işlər buna imkan verirsə. Bu iki şey səndə yoxdursa, pərdə açılır və hər şey aydın olur.

Səni gətirib yüksək kürsüyə qoya bilərlər, sən tez bir zamanda ad qazana bilərsən, Ancaq hər dəfə pərdə açılanda xəcil olarsan və körpüdən düşərsən.



- `HəsənTurabov, Əliabbas Qədirov direktor işləməsəydilər, uzun müddət yaşaya bilərdilər`. Bu haqda müsahibələrinizdən birində demişdiniz. Anladığım qədəri ilə aktyorlar pərdə bağlandıqdan sonra da “rol” oyanayırlar. Sinir, əsəb davam edir...

-Biri var öz xəstəliklərimiz , problemlərimiz. Biri də var ki, hər gün sənin tamaşaçıya göstərdiyin obrazın xarakteri, taleyi, əsəbi. Bilirsiniz bu nə deməkdir? Bu, bir insana verilmiş ömrü, yüzlərlə insana vaxtından əvvəl xərcləməkdir. Aktyorların əksəriyyəti ürək xəsətliyindən ölür. İlham Əsgərov, Hamlet Xanızadəni yada salaq. İlham ümumiyyətlə, bizim teatr aləminin şəhididir. O, teatr uğrunda şəhid oldu. Burada baş verən ədalətsizliklərə, haqsızlıqlara üsyan etdi, şəkər xəstəliyi qazandı, insultu oldu və dünyasını dəyişdi. Özü də cavan və gənc yaşında. Tələbə övladının toyunu da görmədi.



Tamaşdan sonra aktyorların özünə gəlməsi üçün ən azı bir saat vaxt lazımdır. Axşam evə gedən aktyor saat 3-dən tez yata bilmir. Çünki orqanizm, beyin obrazlardan tez bir vaxtda təmizlənmir. Bu sənət insanı həddindən artıq insanı yeyir, məhv edir.

-Siz danışırsınız, sanki qarşımda Nürəddin Mehdixanlı deyil, Əmir Teymur dayanıb.

-Mənim yeddi arxadönənim türkdür, mən afşarların Mehdixanlı qolundanam. Əmir Teymuru oynayıramsa, elə bil, onun vasitəsi ilə türk dünyasının başına gələnlərə öz etirazımı bildirirəm. Nələrə sahib olmuşuq, sonra isə gör nələri itirib, nə yerə çatmışıq. Bu gün bizi çöldən və içimizdən vururlar. Bu mənada onlar mənim yaralı yerimdir.



-Yeri gəlmişkən, “Əmir Teymur”dakı Bəyazidlə, yəni tərəf müqabiliniz, aktyor Hikmət Rəhimovla münasibətiniz necədir?

-Hikmətlə tərəfmüqabili kimi normal münasibətim olub. Tamaşalar oynamışıq. Bildiyiniz kimi İsrafil İsrafilovun vaxtında 4-5 il savaşımız, mübarizəmiz oldu. Adamlar var idi ki, İsrafil İsrafilovun tərəfində idilər. Mənə belə gəldi ki, İsrafilə qarşı olan münasibətim Hikmətin xoşuna gəlmirdi. Bu təbii idi. Hikməti teatra o gətirmişdi. Haqlı idi, burada qeyri- adi bir şey görmürəm. Ancaq bütün bunlar Hikmətlə münasibətimizə təsir etməyib.

Mən açığı deyim ki, teatrda artıq heç nəyə qarışmıram. Bu yolda əsəblərim, sağlamlığım gedib. Yetər artıq. Söz-söhbətlərdən yorulmuşam. Heç bir rəhbərlik istəməz ki, istedadlı sənətçilərini itirsin.



-Fuad Poladovun istefasında münasibətiniz necədir? Bunu gözləyirdinizmi?

- Fuad müəllimlə Azərpaşa müəllimin gözəl münasibətləri olub. Mən heç bir halda onların münasibətinə qarışıb, fikir bildirməmişəm.
Fuad Poladov nəhəng aktyordur, ömrünün əsas hissəsi bu teatrda keçib, ən böyük uğurlarını burada qazanıb. Sənət və həyat təcrübəsi olan insandır, özü qərar verib. Başqa nə deyə bilərəm ki?

-Müsahibə zamanı işinizin çətinliyindən xeyli şikayətləndiniz. Sağlamlığınız necədir?

-Yaxşıdır, yaxşı olmağa çalışıram. Axşamlar qonşularımla gəzintiyə çıxıram. Ürəyimlə bağlı bir az problemlərim var. Amma yoluna qoya bilirəm. Kim mənim sağlamlığımı yoxlamaq istəyirsə, gəlsin, qaçaq, üzək, at sürək, qılınc döyüşdürək. 6-7 il boksla məşğul olmuşam, kənd uşağıyam. Dağda-daşda böyümüşəm. Buna görə də idmana marağım var.



-Övladlarınız nə işlə məşğul olurlar?

- Qızm Ayturan ali təhsilidir, bank sektorunda çalışır, oğlum Ərtruran dövlət işində işləyir, kiçik qızım Alagöz bu il universiteti bitirib, hələlik işsizdir.



-Maddi durumunuz ailəni dolandırmağa kifayət edirmi?

-Həyatım boyu sənətimdən qazandığımla yaşamışam. Tədbirlər, filmlər, səs yazmalar dublyaj olub. Heç vaxt tamadalığa getmədim. Hesab etdim ki, səhnədə çıxıb “Otello” oynayandan sonra tamadalıq edəcəksənsə, sabah sənə “Otello” kimi yox, tamada kimi baxacaqlar. Bu sənətdəsənsə, ən yaxşı olmağa çalışmalısan ki, səni çağırsınlar və paranı versinlər. Bəzən aktyorlar seriallarda onlara nə verirlərsə, qane olub gedirlər. Bu çox pis vərdişdir. Təklif mənə sərf edirsə, razılaşıram. Əks təqdirdə razılaşmıram. Mən kiməsə lazımamsa, o, yaxşı iş istəyirsə, qane edən məbləği ödəyəcək.

2000-ci ildən 500 manat prezident mükafatı alırdım. Bu ilin oktyabrından cənab prezident mənə 1000 manat fərdi təqaüd təyin etdi, daha bir sərəncamla təqaüdüm 1300 manat oldu.



-Azərbayacanda quranı dilimizdə səsləndirən ilklərdənsiniz. Dinə münasibətiniz necədir?

-Vasim Məmmədəliyevin, Allahşükür Paşazadənin, əsas da Ziya Bünyadovun tərcüməsindən səsləndirmə etmişəm. Bunu 12 il bundan əvvəl Siyavuş Aslanın oğlu Eldar Aslan təşkil etmişdi. Məni “Halal” studiyasına dəvət etdi, mən də səsləndirdim. Biz quranı 8 aya yazdıq. Sonra onlar görüntü ilə yığdılar.

Dini baxışıma gəlincə, öncə mənim milli mənsubiyyətimdir. Mən yaradılanda dini mənsubiyyətim olmayıb. Müsəlmanam. Amma hesab edirəm ki, milləti irəli elm aparacaq. Quranda deyildiyi kimi, beşikdən qəbrədək öyrənəcəksən, elmlə məşğul olacaqsan və dünyada var olacaqsan. Dünyəviliyin tərəfdarıyam.

Din hər kəsin fərdi, intim məsələsidir. Saqqal saxlamaqla, hicaba bürünmək, örtülməklə müsəlman olmurlar. Əgər sənin ürəyində iman varsa, o şeylərin heç birinə ehtiyac yoxdur. Hesab edirəm ki, bizə uzun müddət islam adı altında ərəb əxlaqını sırıyıblar. Ona görə də Quranı Azərbayacan dilində səsləndirmək lazım idi. Əgər Allahımın məndən nə istədiyini ərəb dilində başa düşümürəmsə necə müsəlman oluram?



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti