`Uzun illər boyu Bakıya can atmışam` - Filipp Kirkorov

`Uzun illər boyu Bakıya can atmışam` - Filipp Kirkorov
  05 Oktyabr 2016    Oxunub:5604
“Azərbaycana çoxdan könül vermişəm”.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiyanın Xalq Artisti Filipp Kirkorov Bakıda təqdim edəcəyi dünya səviyyəli möhtəşəm “Ya” şousu barədə Azərtac-a müsahibəsində deyib.

Müğənni qeyd edib ki, Azərbaycan tamaşaçıları ilə görüşü böyük həyəcanla gözləyir: “Nəhayət baş tutacaq bu görüşü çox həyəcanla gözləyirəm. Mən uzun illər boyu Bakıya can atmışam. Nəhayət, dostlarımın, pərəstişkarlarımın sayəsində dekabrın 10-da Bakıda “Ya” şousu baş tutacaq”.

“Ya” şousunun quruluşçu rejissoru dünyada ən çox tələbat duyulan şou rejissorlarından biri, “Sirk dü Soley” adlı məşhur eklektik tamaşanın müəllifi Franko Draqone hazırlayıb. O, əfsanəvi “Sirk dü Soley” üçün 12 proqramın müəllifidir. Draqonenin ideyaları əyləncə sənayesində köklü dəyişikliklər edib. Onun Las-Veqasda Selin Dion üçün hazırladığı şou sonradan ən çox satılan əyləncə məhsullarından birinə çevrilib.

Rusiyalı müğənni deyib: “Ya” şousunu böyük rejissor Franko Draqone hazırlayıb. Əminəm ki, səhnədə çıxış edəcək 80 nəfər, yeddi treylerlə Bakıya gətiriləcək dekorasiyalar, Azərbaycan paytaxtının ən gözəl zalında təqdim edəcəyimiz şou hamını sevindirəcək və heyran edəcək”.

Möhtəşəm “Ya” şousunun premyerası bu ilin martında Moskvadakı Dövlət Kreml sarayında olub. O vaxt premyeradan əvvəl F.Kirkorov jurnalistlərə demişdi: “Uşaq yaşlarımdan sirkin vurğunuyam, çünki nənəm sirk artisti olub. İlk dəfə Las-Veqasda qastrolda olarkən istirahət günümdə Franko Draqonenein quruluş verdiyi “Sirk dü Soley” tamaşasına baxmağa getdim. Orada gördüklərim məni valeh etdi. Bir-iki ildən sonra yenə Amerikaya getdim və bu dəfə də Draqonanın quruluşunda Selin Dion şousuna tamaşa etdim. Tamaşa məni “tora saldı”, ovsunladı. Başa düşdüm ki, öz rejissorumu tapmışam. Gözəllik aləminə onun baxışı mənim baxışıma tam uyğundur. Selin Dion bizi tanış etdi və fikirləşirdim ki, indicə ona edəcəyim təklifdən imtina edə bilməyəcək, lakin bu niyyətim baş tutmadı. Əsla təsəvvür etmirdim ki, Draqonanın həyatı on il öncədən planlaşdırılıb. Mən növbə tutdum və səbirlə öz vaxtımı gözləməyə başladım”.

“Ya” şousu Ruisyada bir eksperimentdir. Az qala 1500-ə yaxın rəqqas arasından seçim şəxsən Franko Draqone və quruluşçu xoreoqraf Toni Testo tərəfindən həyata keçirilib. Testo Kayli Minouq, Britni Spirs və Cennifer Lopes kimi böyük sənətkarlarla işləyib.

Şou vaxtı Filipp Kirkorov səhnədən bir oğlanın başına gələnləri danışır. Uşaqlıq illəri sirkin səhnə arxasında keçmiş bu oğlan gələcəkdə böyük artist olmaq arzusu ilə yaşayıb, tədricən məşhurlaşıb və o qədər populyarlaşıb ki, indi bəzən zamanı dayandırmaq istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti