`Narahat olmadığım bir gün də yadıma gəlmir` - Salam Sarvan (MÜSAHİBƏ)

`Narahat olmadığım bir gün də yadıma gəlmir` - Salam Sarvan (MÜSAHİBƏ)
  05 Oktyabr 2016    Oxunub:5964
Bizim söhbətimiz mütləq alınmalıydı. Çünki indiyə qədər nə mən hansısa müsahibi bu qədər gözləmişəm, nə də yəqin ki, o, hansısa jurnalistin əziyyətinə, kaprizinə bu qədər dözüb. Bu iki məqamda o üzdən iddialıyam ki, aşağıda sizə təqdim olunan söhbət düz iki həftəyəcən, bəlkə bir az da çox uzanıb. Hissə-hissə danışmışıq şairlə.

Yəqin heç indiyə qədər belə müsahibə də olmayıb. Bu söhbət insan üçün ən böyük defisitin də məhz zaman olduğuna əməlli-başlı inandırdı məni də, sevimli şairi də. Çünki gah onun işi çıxdı, o qaçdı, gah mənim işim oldu, mən qaçdım. Gah o ağrıdı, gah mən xəstə oldum. Hər nə isə, uzatmayaq çox... Şair Salam Sarvanla söhbəti təqdim etməyin əsl zamanı, vaxtı və havasıdır çünki...


- Əllini aşırdınız. Aşıq Alı qədər optimist olub "yüzə nə qaldı?!.." deyə bilmərəm. Düz əlli il var, az da deyil. Amma maraqlıdır sizi altmışa aparan yoldan nə gözləyirsiniz?..

- Yaradıcı mənada təzə şeirlər olacaq. Hiss eləyirəm ki, ürəyim doludu. Həyatın adi axarı mənasında fərqli bir şey gözləmirəm. Elə belə də gedəcək.

- Əlli ümid elədiyimiz yüzün yarısıdır. Yarıya çatanda bu dediyiniz bir az da pessimist olduğunuzdan xəbər verdi elə bil. Beləsinizmi?

- Əslində, optimistəm mən. Əvvala, yaşadığım cəmiyyəti tanıyıram, bilirəm ki, yaxın yüz ildə də onun rəngi dəyişməyəcək, boz olaraq qalacaq., İnsanlarının təfəkkürü indikindən fərqlənməyəcək. Sadəcə, ruhumuz sıxıla-sıxıla bir-birimizə birtəhər dözəcəyik. Adətən, ümid həmişə möcüzəyə gözəgörüməz bir inam üstündə bərqərardır. Mən yaşda adamlarda isə möcüzə gözləntisi hissi zəif olur. Düşünə bilən adamlar həm də bir az qəddar olurlar, ümidləri qətlə yetirə bilirlər. Ümid intellekt məqamı deyil, xurafatçı hissdir.

- Bəs onda ümidi ölmüş insan nədir? Ya da ümidi qətlə yetirən kimdir?

- Ümidlərini öldürmüş adam saxta stimuldan arınmış adamdı. Platon deyirdi ki, ümumən, ümid oyaq vaxtında yuxudur. Yəni dolayısıyla maddi hərəkətsizlikdir. Həm də ümiddə pafos olur, çünki nədənsə, insanların gözləntiləri həmişə böyükdür. Uçmağa qanad gözləntisi ilə hərəkətsiz qalmaqdansa, bu dəqiqə real olan addımlarınla xırda-xırda yerimək daha yaxşıdır.

- Düz əlli il yol gəlmisiniz. Necə olub yollarınız. Təmirlisimi, genişimi yoxsa kələkötürümü çoxdur?

- Keçmişə baxmağı heç kəsə arzulamıram. Görəcəksən ki, bütün addımların, bütün hərəkətlərin səhv olub. Bunu qəbul eləmək ağırdı, amma acı həqiqətdi.


- Sizə dərd gələndə o it hələ də hürmür? (Gülümsəyir. Anlayır ki, şerindən bir sitatdır bu-red)

- Yazdığım misralar üstündə qurulmuş suallara cavab vermək çətindi mənimçün.

- Bəs hansı şerdə özünüz varsınız? Lap olsun hansısa misra? Əsas odur bilək görək öz yazdığınızda özünüz varsınız ya yox?

- Eynən qatarların vəziyyətindəyəm:
Onlarçün qandal relslərdən çölə,
azadlığa çıxmağın bircə yolu var – qəza!

- Deyirlər şairlər çox dözümsüzdür. Siz nə qədər dözümlüsünüz?

- Dözüm - anlayış olaraq çox yayğın gəlir. İçində görün nələr var bunun - təmkin, hövsələ, səbr, dirəniş, əzm, iradə... İllüziyaları qoyuruq bir tərəfə. İnsanlar daxili quruluşuna görə əyşalara oxşayırlar. Hər kəsin hansı tempuraturdasa qaynamaq, ya da ərimək xassəsi var.

- Fərdiləşsə, sizdə necədir bu məsələyə həssaslıq? Bir də dərdi də dərmanı da Allah verir deyirlər. Anlamadığım bir məsələ var dərd verirsə, bu cəzadırsa dərman nəyə lazım. Qoy adam kişi kimi dərdini çəksin, yəni cəzasını alsın. Yox əgər dərman verirsə dərdi neynirik?

- "Dərd" deyərkən nəyi nəzərdə tutursunuz, Jalə xanım? Dərd nədi, insanın hansı dərdləri olur? Məsələn, siz bir neçə dərdinizin adını çəkə bilərsizmi?

- Dərd var bəşəri, dərd var fərdi şəxsi, dərd də var mən deyirəm dərddir, siz deyərsiniz ay qız, sən dərd görməmisən ee. Yəni fərdi yanaşmanızda nəyi dərd bilirsiniz? Nə dərd olar sizin üçün?

- Əslində, həyat problemlərdən və o problemlərin dalınca qaçhaqaçdan ibarətdir. “Dərd” bir az poetik pafosdur. Yəqin ki, bunun real yaşantılara tərcüməsi problemlərə görə narahatlıq, gərginlikdir. Hər halda, anlayışlarla bağlı xeyli qeyri-müəyyənliklər var, hətta çoxlu anlayışları ilkin mənalarından çox yayındırmışıq. Sokratın “mamaçalığının” yeri bizdə də görünür. Məsələn, siz yüz nəfərdən soruşun ki, məişətimizdə ən çox işlənən “yaxşı oğlan” nə deməkdir, hərəsi bir cür cavab verəcək.

- Yəni bəlkə Allah bizim uydurmamızdır, nə düşünürsünüz?

- Bu yaxında ateist kimi tanınan bir dostumla söhbət elədik. Amma o, əslində aqnostik idi. Təkamül nəzəriyyəsini yaxşı bilirdi, bütün kainatı, bütün yaşamı həmin nəzəriyyəylə izah edirdi. Çox ağıllı arqumentləri vardı. Söhbətinin yekunundan belə çıxırdı ki, əslində həyatın mənası yoxdur, bizim məna hesab etdiyimiz adicə bioloji-fiziki instinktlərin kosmetikasıdır. Mən ona qulaq asdıqca özümü dəhşətli bir boşluğa düşmüş vəziyyətdə hiss edirdim. Nəyə gəlirəm? Əslində, özümü elm adamı sayıram, sekulyarlığın tərdarıyam. Amma adamlar Allahı uydurublarsa da belə, elmin insanı düçar etdiyi puçluğu, faniliyi, boşluğu doldurmaq üçün ediblər, öz fizikiliyinə, biolojiliyinə ruhani rənglər qatmaq istəyiblər. Bu, bir aldanışdırsa da, məncə, gözəl aldanışdır. Baxın, ateizm, ən azı, iki məsələdə dalana dirənir: estetikada və insan eqosunda. Yəni yaradıcılığı, məsələn, şairliyi təkamül nəzəriyyəsi hələ ki izah edə bilmir. Yəni Allah ideyası təkcə elmdəki ruhsuzluqda deyil, həm də elmdəki probellərdədir. Ola bilsin ki, bu suallara da elm nə vaxtsa cavab tapacaq, amma zaman sonsuzdur və yeni sualların yaranmayacağına heç kim təminat verə bilmir.

- İndi hansı zəmanədir görəsən. Salam Sarvan da şer yazır, Elza da…

- Bu barədə bir dəfə də demişdim, düzü, Elza xanımın şeirləri maraqlı gəldi mənə. Dəst-xətt orijinal idi. Facebooku doldurmuş şeirlərin əksərindən cazibədardır. Onun şeirlərində ironiyanın qəribə texnikası var, adama xoş gəlir. Ümumən, Elza Seyidcahan maraqlı adam təəssüratı bağışlayır.

- “Bir də gördün fotodur insan” deyib şair. Sizcə foto olmaq asan işdirmi? Yaddaşların fotosu yəni…

- Əslində, foto da heç foto deyil, cansız deyil, o da yaşayır: aşınır, köhnəlir, qırışır, çatlayır... Uşaqlıqda çəkilmiş bir şəklim var. İndi baxıram ki, o şəkil də mənimlə bərabər günbəgün bu həyatın ağrılarından keçib.

- Niyə məhz agrıları qeyd elədiniz? Ağrılarınız daha çox olduğuna görəmi?..

- Hər halda, narahat olmadığım, gərgin olmadığım, həssas olmadığım bir gün də yadıma gəlmir.

- Bəs sevgi və sevinc? Bunlardan nə qədərdir həyatınızda?

- Məncə, mən adamların talelərinə vuruluram. Belə sevgilər çox olur. Sevinc məsələsi... Sevinc nədir? Sevinc - səni daim ağrıdan bir problemin dalınca gedərkən metrodakı basabasda vaqona girə bilmək kimi ani və keçici məmnunluq hissidir.

- Onda daha çox dərddən ibarətik, bircə an sevincdən...

- Bayaq dedim, “dərd” şeir sözüdür. Bəlkə də belə demək olar ki, daha çox iş-gücdən, qaçhaqaçdan ibarətik, ani “perekurlardan”. Bir də ki:
Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı,
Güzgüdəki əksimizin pəncərəyə baxdığını duymadıq.

- Bütün böyük rəqəmlərə gedən yol birdən başlayır. Yəni məsələn, əlliyə gələn yol 41-dən başlayır. İndi siz altmışa gedən yolun birindəsiniz. Nə deyir sizə bu onilliyin başlanğıcı?

- Təzə yazdığım şeirlərdən biri bu sualın cavabı ola bilər:

Gözünü gələcəyə dikmə,
daha heç nə dəyişməyəcək dünyada,
təkcə təqvimin ili dəyişəcək.
Dərdlər yenə həminki olacaq, dərmanlar yenə həminki,
uzaqbaşı reseptlərin dili dəyişəcək.
Bir də evindəki soyuducunun modeli dəyişəcək...
Yəni özünü bu saxta ümidlərlə niyə üzürsən?
Yəni noolsun ki, hələ gələcəyin telefonunu gəzdirmirsən,
gələcəyin günəşi altında ki gəzirsən.

- Bir gün hamı kimi çıxıb gedəndə nə qalacaq Salamdan? Ümumiyyətlə, getmək qorxuludur, ya gedəndən sonra qalmamaq?..

- İnsan izləri çox kövrək şeydi, onları adicə yağış suları silib apara bilir. Böyük gediş ərəfəsində “qalmaq” barədə düşünmək aydın fəlsəfə deyil. Getmək qorxusu nədi, bu saat da getməyə hazıram. Nə qalacaq? Məndən sonra dar bir çevrəm qalacaq - ən yaxın adamlarım. Başqa heç nə. Məni düzgün başa düşün, əsində hər şey çox adidi, mən bu boyda idealların adamı deyiləm ki, deyəm, məsələn, “Böyük Turan”ın, Fələstinin, Dünyanın taleyindən narahat gedəcəm. Bir şeirdə də yazmışdım ki, qəfil zülmət çöksə, adam birinci özünü, sonra sevdiklərini... və lap axırda Günəşi axtarar.

SON: O, alın yazısında imza yeri boş olan adamdır. 31 rəqəmi kimi tək qalan, 51-in içinə dolan adamdır. Otağının tör-töküntüsünə görə “utanıb” da birotaqlı mənzilində sakit həyat sürən təvazökar biridir. Vətənində qürbət yaşayan adamlardandır. Bu gün vaxtım yoxdur deyib, həmin gününü ölümə həsr eləyən insandır. Ölümlə maraqlı söhbətləri də olub Salam şairin. Hər evə xatirə löhvəsi arzulamağı da hər şair bacarmır. O belələrindəndir. Bir də istəyir hərəni öz divarına mismarlayıb, öz əməlindən assın həyat. O, sevmədiyindən qaçmağa ömrü uzunluqda lağım atmağa çalışır hərdən... Amma mənim həmsöhbəti olaraq bir təklifim var Salam Sarvana. Kimdən və necə qaçırsa qaçsın, bizdən qaçmasın. Nə qədər ki, insanın sözlə özünü ifadə eləmək problemi var, ya da insanın sözə ehtiyacı var, bizə lazım olan adamdır çünki. Gerisinə Allah kərimdir...

Jalə Mütəllimova
AzVision.az üçün


Teqlər:





Xəbər lenti