`Əli və Nino` Bakıda təqdim ediləcək
Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.
“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.
Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.
Həmçinin qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.
AzVision.az