Bakı meri “Yox!”dedi
Müxalifətin müraciətini məktubla cavablandıran BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov qeyd edib ki, fevralın 26-da Xocalı soyqırımının iyirmibirinci ildönümü ilə əlaqədar Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçirilməsi planlaşdırılıb:
“Həmin tədbirdə ölkə başçısı, hökumət üzvləri, nazirlik və komitə rəhbərləri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat işçiləri, dövlət ictimaiyyətinin nümayəndələri, tələbələr və məktəblilər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, qeyri-hökumət, ictimai təşkilatların və siyasi partiyaların üzvləri şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə iştirak edəcəklər. Həmin tarixdə ictimai asayişin, piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə əlaqədar olaraq, hüquq-mühafizə orqanları tərəfindən müvafiq işlər görüləcək. Belə ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi yerə yaxın ərazilərdə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.
Cavab məktubunda bildirilib ki, qeyd olunanlarla bağlı və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 8-ci maddəsinin, IV bəndinə əsasən fevralın 26-sı saat 12:00-dan 14:00-dək planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab olunmur.
(modern.az)