Ostap İbrahimbəyoviç və Rüstəm İbrahimbəyov – PARALELLƏR

Ostap İbrahimbəyoviç və Rüstəm İbrahimbəyov – PARALELLƏR
  20 İyul 2013    Oxunub:2279
Alman klasssik fəlsəfəsinin banilərindən biri Fridrix Hegelə görə bütün böyük tarixi hadisələr və şəxslər iki dəfə təkrarlanır: birinci dəfə faciə, ikinci dəfə isə məzhəkə kimi. Ötən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərində İ.İlf və Y.Petrovun böyük kombinator Ostap Benderin coşğun həyatını və fəaliyyətini əks etdirən “12 stul” və “Qızıl buzov” romanlarının çapdan çıxması həqiqətən də sovet ədəbiyyatında tarixi hadisə idi. Əlbəttə ki, həmin əsərlərin tragik, daha doğrusu, tragikomik sonluqları nəzərə alınmaqla. Bu gün müəyyən daxili və xarici qüvvələrin iştirakı ilə İlf və Petrovun məşhur romanlarında əks etdirilən hadisələrin Azərbaycanda məzhəkə şəklində təkrarlanması cəhdləri müşahidə olunur. Bu qüvvələrin Azərbaycanda keçiriləcək növbəti prezident seşkiləri ərəfəsində atdıqları addımlar kiçicik dəyişikliklər nəzərə alınmaqla, sanki yuxarıda adı çəkilən əsərlərdən götürülüb. Yəqinlik üçün parallellər aparaq.

Təxminən 85 il əvvəl Sovet Rusiyasının sakit N qəza şəhərində zadəganlar zümrəsinin keçmiş başçısı, sovet dövründə isə VVAQ-da doğum və ölümlərin qeydiyyatı stolunun sadə qeydiyyatçısına çevrilmiş İppolit Matveyeviç Vorobyaninov dinc qulluqçu həyatı sürürdü. Əgər qəribə bir nəhslik üz verməsəydi onun darıxdırıcı həyatı yəqin ki, elə bu minvalla da davam edəcəkdi. Vorobyaninovun zəhləsi getdiyi qaynanası Klvadiya İvanovna Petuxova ölüm yatağında kürəkəninə etiraf edir ki, onların Starqorodda sovet hakimiyyəti tərəfindən müsadirə edilən mebel dəstinin 12 stulundan birində brilyantlar gizlədib. Xəbərdən vəcdə gələn Vorobyaninov iki həftəlik qanuni məzuniyyət götürərərək və 41 rubl məzuniyyət haqqı alaraq, ahıl vaxtında daim zəhləsi getdiyi mərhum qaynanasının brilyantlarının axtarışına başlayır. Yəni abır-həyanı bir tərəfə qoyaraq, macəralar burulğanına atılır.

Starqorodda tale onu türk təbəəsinin oğlu, böyük kombinator Ostap Benderlə qarşılaşdırır. Vəziyyəti operativ şəkildə qiymətləndirən Ostap Bender, məharətlə Vorobyaninovu öz tələsinə salır və onu centlmen razılaşması bağlamağa məcbur edir. Razılaşmaya əsasən əldə olunacaq 150 min rublluq varidatın 40%-i böyük kombinatora vəd edilir. İppolit Matveyeviç bu cür anlaşmanı həddən ziyadə haqsızlıq kimi qiymətləndirsə də, temperamentli Ostapsız müvəffəqiyyət şansının prakriki sıfıra bərabər olduğunu başa düşdüyündən, onunla razılaşmaq məcburiyyətində qalır.

Bu hadisədən 85 il sonra dinamik inkişaf edən Azərbaycanın paytaxtında yaşayan məşhur nasir, kinodramaturq və kinorejissor, Azərbaycan kinomotoqrafçıları İttifaqının sədri Rüstəm İbrahimbəyov yaradıcılıqla məşğul idi. Lakin, İppolit Matveyeviçdən fərqli olaraq, İbrahimbəyov sadə əmək haqqı ilə kifayətlənmək fikrində deyildi. Və öz varidatını artırmaq üçün qanunçuluqdan kənara çıxan müxtəlif biznes-layihələrdən istifadə etməkdən də çəkinmirdi. Onun bu əməlləri faş olan kimi, yəni qeyri-qanuni qazanc yollarına təhlükə yaranan kimi, İbrahimbəyov yeni keyfiyyətdə çıxış etməyi qərarlaşdırır ki, bu da əslində ictimai fikri çaşdırmağa və özünü həqiqət carçısı elan etməklə, yaranmış vəziyyətdən maksimum yararlanmağa istiqamətlənmiş taktikadır.

Bir neçə il öncə R.İbrahimbəyov Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycanda ziyalı təbəqəsinin və milli elitanın olmadığını bildirdi. R.İbrahimbəyovun fikrincə buna səbəb onların formalaşması mexanizminin pozulmasıdır. Sözsüz ki, özünü çıxmaq şərtilə. Elə həmin andan məşhur kinodramaturq müxtəlif çeşidli forumların və təşkilatların yaradılmasının təşəbbüskarı və “təsisçisi” rolunda çıxış etməyə və özünü millətin vicdanı ilə eyniləşdirməyə başlayır. Bu ssenari sizə nəyisə xatırlatmırımı?
Belə isə yenidən İ.İlfə və Y.Petrova müraciət edək.

Xanım Petuxovanın brilyantlarının axtarışının ilkin mərhələsində uğursuzluğa düçar olan İ.Vorobyaninov və O.Bender, Starqorodda taleyin iztehzası və hər şeyə müdaxilə edən çilingər-mexanik Viktor Mixayloviç Polesovun nadinc xasiyyəti ucbatından zadəganlar zümrəsinin sabiq başçısının keçmiş məşuqəsi Yelena Stanislavovna Bourun mənzilində peyda olurlar. Burada əsl tragikomik intriqa oynanılır. Asan qazanc üçün əlverişli imkan yarandığını dərk edən böyük kombinator mənzi sahibəsinə İppolit Matveyeviçi nəhəng düha, rus demokratiyasının atası və keçmiş imperatora yaxın şəxs kimi təqdim edir. Sonradan xanım Bourun mənzilinə təşrif buyuran digər şəxslərə də Vorobyaninov bu keyfiyyətdə təqdim olunur.

Gələnlər arasında diqqəti cəlb edən şəhər dumasının keçmiş üzvü Çaruşnikov, özəl biznes sektorunun təmsilçiləri Dyadyev və Kislyarski Vorobyaninova xüsusi rəğbət nümayiş etdirirlər. Elə buradaca O.Benderin təklifiylə yığıncağa toplaşan “Vətənin sədaqətli oğullarından” ibarət “Gizli qılınc və xış” təşkilatı yaradılır. “Gizli” təşkilatın üzvlərini cəsarətləndirməyə çalışan böyük kombinator ən məşhur kəlamalrından birini səsləndirir: “Xarici dövlətlər bizə kömək edəcək”. O.Benderin bu fırıldağı konsissionerlərə düz 500 rubl dividend gətirir ki, bu da brilyantalrın axtarışı işində səfər xərclərinin qazanılmasına xidmət edir.

Bir müddət sonra konsissionerlərin (Bender və Vorobyaninov) uzun müddətə yoxa çıxmasından narahat olan çilingər-mexanik Polesovun təşəbbüsü ilə xanım Bourun mənzilində “Vətənin xilası” işini davam etdirmək naminə “gizli” təşkilat üzvlərinin ikinci yığıncağı keçirilir. Bu yığıncaqda gizli səsvermə yolu ilə quberniyanın bütün vəzifəli şəxslərini (qubernatordan tutmuş yanğınsöndürmə müəssisəsinin rəhbərinə qədər) seçən “gizli” təşkilatın üzvləri İppolit Matveyeviçə Rusiya imperiyasının diktatoru vəzifəsini tapşırmağı qərarlaşdırırlar.

İndi isə müasir dövrə qayıdaq. Cari ilin may ayının sonunda azərbaycan müxalifəti demokratik qüvvələrin Milli Şurasının yaradıldığını elan etdi. Tezliklə öz “silahdaşları” tərəfindən “azərbaycan demokratiyasının atası” kimi təqdim olunan R.İbrahimbəyov Milli Şuranın sədri seçilir. Milli Şuranın iyulun ilk günlərində keçirilən ikinci sessiyasında isə R.İbrahimbəyovun oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətçi qüvvələrin vahid namizədi olacağı barədə qərar çıxarıldı. Bu qərarın lehinə 84 nəfər səs verdiyi halda, cəmi bir nəfər bitərəf qalıb. Məgər bu məqamlar “Gizli qılınc və xış” təşkilatını xatırlatmırmı? Şübhələrdən yaxa qurtarmaq üçün müqayisələr aparaq.

Birincisi, Milli Şuranı yaradanlar öz intellektləri və hərəkətləri ilə Starqorod konspiratorlarına olduqca çox oxşayırlar.
İkincisi, Starqorodda yaradılan “gizli” təşkilatın maliyyələşməsində özəl biznesin iştirakı nəzərdə tutulduğu kimi, Milli Şuranın maliyyə donoru rolunu oynamaq üçün qabaqcadan “Milyarderlər İttifaqı” təsis edilir.
Üçüncüsü, Milli Şuranın daim xarici qüvvələrin dəstəyinə söykənmək cəhdləri böyük kombinatorun “Xarici dövlətlər bizə kömək edəcək” şüarının inikasıdır.
Dördüncüsü və ən əsas məqamlardan biri, İppolit Matveyeviçin Rusiya imperiyasının lideri roluna irəli sürülməsi qiyabi (onun özünün iştirkı olmadan) şəkildə həyata keçirildiyi kimi, R.İbrahimbəyovun da Azərbaycan prezidentliyinə müxalifətin vahid namizədi kimi irəli sürülməsi qərarı qiyabi şəkildə, yəni onun özünün iştiarkı olmadan, qəbul edilib.

Doğrudur, burada bir balaca fərq var. İppolit Matveyeviç bundan tam xəbərsiz olduğu halda, R.İbrahimbəyov “silahdaşlar”ına öz qiyabi razılığını verib. Beşincisi, R.İbrahimbəyovun namizdəliyi məsləsində Milli Şuranın üzvlərindən biri bitərəf qalıb. Starqoroddakı “gizli” təşkilatın üzvü—“Odessa bublik (halqavari qoğal) arteli—Moskva qoğalları” şirkətinin sədri Kislyarski də Starqoroddakı səsvermə prosesində bütün məsələlərdə (hətta öz namizdəliyi ilə bağlı məsələdə də) bitərəf qalmağa üstünlük vermişdi.

Altıncısı, “12 stul” romanında olduğu kimi, Milli Şura üzvləri də üçüncü sessiyada rolların, daha doğrusu virtual vəzifələrin bölüşdürülməsini həyata keçiriblər. Əslində nəticə etibarilə, hazırda müasir dövrün tələblərini nəzərə almaqla böyük kombinator rolunda çıxış etmək iddiasında olan və müasir Vorobyaninovları (R.İbrahimbəyovları) və starqorodçuları öz dələduzluq toruna salan çoxlu sayda kəslərin mövcudluğu aydınlaşır. Özü də müasir kombinatorlar o qədər təkmildirlər ki, onlar R.İbrahimbəyov üçün həm də “Qızıl buzov” romanındakı bir neçə rolu da nəzərdə tutublar.

Bunlardan biri “Buynuz və dırnaqların tədarükü üzrə” Arbat kontorunun Çernomorsk şöbəsinin nominal (yalançı) sədri ahıl və mülayim Funtdur. Funtun əsas vəzifəsi maliyyə fırıldaqlarından sonra müflisləşən şirkətlərin həqiqi sahiblərinin əvəzinə cəza çəkməkdir. Yəni o müxtəlif çeşidli dələduzların məharətlə istifadə etdikləri oyuncaqdır. Funtun özünün dediyi kimi: “Kiməsə böyük qazanc, Funta isə oturmaq (həbs cəzası) düşür”.

Görünür, R.İbrahimbəyov da qoca Funtun rolunu oynamğa hazırdır. Özü də Funt kimi könüllü olaraq. Maraqlıdır ki, R.İbrahimbəyov artıq “oturur”. Xaricdə. Yalnız Funtdan fərqli olaraq, R.İbrahimbəyov maliyyə donorlarından ayrılan “qazancın” bir hissəsindən bəhrələnmək fikrindən xali deyil. Amma bu oyunda böyük kombinatorların sayı çoxdur. Və çətin ki, onlar R.İbrahimbəyova bu piroqdan pay vermək arzusundadırlar. Ona irəlicədən bu avantüranı maliyyələşdirən qüvvələr qarşısında hecabatçı və “oturmalı olacaq personaj” rolu hazırlanıb. Ən yaxşı halda, “Qızıl buzov” romanındakı Şura Blaqanov rolunu verəcəklər ona. Gizli milyonçu Aleksandr Koreykodan bir milyon rubl qoparmaq iddiasında olan O.Bender “silahdaşı” Balaqanovu əvvəlcədən xəbərdar edir: “Şura, mənim sizə verdiyim yeməklər (vitaminlər) müqabilində siz mənə çoxlu sayda kiçik xidmətlər götrəməlisiniz”.
R.İbrahiməbyova ianələr ayıran pərdəarxası oyunçular da ondan Balqanov iatəti və sədaqəti tələb edəcəklər. O ki, qaldı R.İbrahimbəyovun Azərbaycan prezidentliyinə namizədlik məsələsinə, yəqin ki, böyük kombinatorlar (İbrahimbəyovun “silahdaşları”) onu bu iddiadan daşınıdrcaqlar. Necə ki, O.Bender təşkilatçılıq bacarıqsızlığına və sönük taqətsizliyinə görə İ.Vorobyaninovu özünün yeni sərt şərtləriylə razılaşmağa məcbur etdi. Daha iki müqayisəni diqqətdən kənar qoymaq heç cür mümkün deyil. İlk dəfə xanım Petuxovadan brilyantlar barədə etirafı eşidən İppolit Matveyeviç niyə vaxtında qiymətli daşları ona vermədiyi üçün qayınansını qınayanda belə bir cavab alır: “Siz mənim qızımın bütün varidatını israf etdikdən sonra, mən nəyə görə onları sizə verməli idim?”

Belə olan tərzdə, ömrünün ahıl vaxtında siyasi avantüraya qurşanmış və vaxtilə ona həvalə olunmuş sahəni iflasa uğratmış R.İbrahimbəyova Azərbaycan prezidenti vəzifəsini etibar etmək olarmı? Müasir böyük kombinatorlara isə O.Benderin aqibətini xatırlatmaq pis olmazdı. A.Koreykodan şantaj yolu ilə bir milyon rubl qoparmış O.Bender son nəticədə xarici ölkənin sərhədçiləri tərəfindən qarət olunduqan sonra özünə belə sözlərlə müraciət edir: “Məndən qraf Monte-Kristo alınmadı, evlər idarəsi rəhbərinə çevrilmək lazım gələcək”. Yəqin ki, şərhə ehtiyac yoxdur. Ümumilikdə götürdükdə isə, bütün “günahlar” alman filosofu Hegelin, yazıçılar İ.İlfin və Y.Petrovun üzərinə düşür. Axı niyə onlar öz dühaları və gözəl əsərıəri ilə böyük kombinatorlara təqlid üçün yol göstəriblər?



Sahil İsgəndərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti