“Əcnəbi həkimlərin ölkəmizdə çalışması üçün...”

“Əcnəbi həkimlərin ölkəmizdə çalışması üçün...”
  22 Fevral 2013    Oxunub:1414
Parlamentin bugünkü iclasında lisenziyasız tibbi fəaliyyət göstərənlərin cərimələri artırılıb.
“Lisensiyasız tibbi məntəqələr nazirliyin icazəsi olmadan fəaliyyət göstərirlər, yəni ümumiyyətlə, bizə müraciət etməyiblər. Yaxud da onlara lisenziya verilir, ancaq lisenziya müddəti bitdiyi halda da fəaliyyətlərinə davam edirlər.”

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə xüsusi razılığın (lisenziya) alınması üçün xüsusi sənədlər tələb olunur. Əks halda həmin şəxslərin fəailiyyəti qanundan kənar hesab edilir və cərimələnir.

Mətbuat katibi özəl tibb müəssisələrinə xaricdən gətirilən həkimlərin fəaliyyət göstərməsinə də münasibət bildirib: “Qanun çərçivəsində onların ölkəmizdə fəaliyyət göstəməsi üçün, ilk növbədə, Dövlət Miqrasiya Xidmətindən arayışları olmalıdır. Həmçinin, Səhiyyə Nazirliyinə həkimlik ixtisaslarını təsdiq edən diplom təqdim etməlidirlər. Eyni zamanda, praktiki fəaliyyətləri haqqında məlumat alınır və araşdırılır”.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında dəyişikliklər müzakirəyə çıxarılıb. Bu müzakirədə lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin artırılması məsələsinə toxunulub. Belə ki, indiyədək xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdi.

Təklif edilən dəyişikliyə görə, fiziki şəxslər 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər. Parlamentin iclası zamanı telekanallarda müxtəlif özəl tibbi klinikaların reklamlarına diqqət çəkilib. Bildirilib ki, özəl tibb müəssisələrinə tibbi biliyi haqqında məlumatsız olduğumuz əcnəbi həkimlər çalışır və onlara da nə dərəcədə sağlamlığımızı əmanət edə biləcəyimiz sual altındadır. Qeyd edək ki, müzakirələrdən sonra məcəlləyə dəyişiklik qəbul edilib.

Sevinc


Teqlər:





Xəbər lenti