`Səs` Azərbaycana nə verdi? – Layihəyə sözardı

`Səs` Azərbaycana nə verdi? – Layihəyə sözardı
  01 Aprel 2016    Oxunub:2154
Afət İSLAM

«The Voice» vokal televiziya şousu ilk dəfə 2010-cu ildə Hollandiyanın RTL4 televiziya kanalında «The Voice of Holland» kimi meydana gəlib. Bu nadir layihənin Azərbaycan versiyası musiqi istedadlarının axtarışı üzrə indiyədək ölkəmizdə keçirilmiş bütün vokal müsabiqələrindən prinsipcə fərqlənir.


Yenicə başa çatan ilk yarış gözəl səsə malik olan neçə-neçə insana özünü tanıtmaq imkanı verdi. Əlbəttə, onlardan yalnız biri «Ölkənin ən yaxşı səsi» tituluna və baş mükafata layiq görüldü.

Son illər istedadlı gənclərimizin müxtəlif ölkələrə yollanıb belə layihələrdə iştirak etdiklərinin şahidi olmuşuq. Aydın məsələdir: onlar cavandırlar, tanınmaq, özlərini beynəlxalq layihədə sınamaq və təsdiqləmək istəyirlər. Azərbaycan televiziyası (AzTV) «The Voice» layihəsinin ölkəmizdə həyata keçirilməsi üçün lisenziyanı əldə etdi. Məhz lisenziyalı olduğundan, layihədə hər hansı dəyişiklik aparmağa ehtiyac qalmırdı. Hərçənd, konkret ölkənin şəraitinə uyğun surətdə bəzi xırda düzəlişə yol verilir. Belə ki, yerli televiziyanın formatı, verilişin efirə çıxma vaxtaşırılığı, müxtəlif turlarda qiymətləndirmə prinsiplərindəki fərq və s. nəzərə alına bilər. AzTV-nin rəhbərliyi 50-dən çox ölkədə yayımlanan bu layihənin əzəli qaydasına riayət etməyə çalışdı.

Dünyanın 5 qitəsində keçirilən populyar yarışın ölkəmizə gətirilməsi haqqında qərar onun fövqəladəliyi, yaxud bahalığı ilə bağlı deyildi. İndiyədək televiziya məkanımızda çox sayda musiqi müsabiqəsi keçirilib, lakin onların səviyyəsi hazırkından köklü şəkildə fərqlənir. «Səs Azərbaycan» layihəsi duyulan maliyyə tərkibinə, zəngin dekorasiyaya, güclü işıqlandırma təminatına malikdir. Bütün bunlar böyük bir texniki personal komandasının işə cəlb olunmasını, müasir texnologiyaların tətbiqini tələb edirdi.

Yarışdan xeyli əvvəl, hələ yayda, Hollandiyanın TALPA şirkətinin nümayəndələri Bakıya gəlmiş və hazırlıq işlərində köməklik göstərmişdilər. Onlar layihənin bütün ölkələrdəki buraxılışlarında iştirak etmişlər və bildirdilər ki, Bakıda layihənin tələblərinə tam riayət olundu. Ən kiçik incəliklərinədək, hər parametr üzrə. Həm təşkilati, həm də texniki cəhətdən.

Təşkilatçılar etiraf edirlər ki, layihənin həyata keçirilməsi üçün lisenziyanı AzTV böyük çətinliklə alıb. Çünki hollandiyalılar layihəyə müvafiqliyin bütün parametrlərini, telekanalın potensialını, texniki imkanlarını, əməkdaşların ixtisas dərəcələrini, avadanlığı və s. əvvəlcədən yoxladılar və yalnız bundan sonra AzTV-nin «The Voice» layihəsinin tələblərinə uyğun gəldiyinə əmin olaraq, Azərbaycana, necə deyərlər, «Səs» verdilər. Bu, belə izah olunurdu ki, müəlliflər öz məhsulunu yüksək qiymətləndirirlər və telekanalın maliyyə cəhətdən imkanlı olması kifayət deyil, lisenziyanın hər hansı ölkəyə satılmasına əsas vermir.

Nüfuzun qorunmasına və Avropa keyfiyyət standartlarına qeyd-şərtsiz tələbkarlıq layihənin konturlarının aşağıya endirilməsinə, icra səviyyəsində dəyişdirilməsinə yol vermirdi. Bu, prinsipial cəhətdən obyektivdir, düzgündür. Yoxlama son dərəcə diqqətlə, əsaslı surətdə aparıldı və nəticədə AzTV özünün ən yüksək müasir texniki parametrlərə və dünya standartlarına uyğun gəldiyini bir daha beynəlxalq səviyyədə sübuta yetirdi.

Şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və bilavasitə dəstəyi olmasaydı, telekanal maddi və texniki cəhətdən belə nəhəng, dünya səviyyəli işin öhdəsindən gələ bilməzdi.

Layihə həyata keçirilərkən 200 nəfərdən çox yerli texniki mütəxəssis, onlarca xarici ekspert cəlb edilmişdi. İnamla deyə bilərik ki, «Eurovision»dan sonra ölkəmizdə bu səviyyədə nəhəng və geniş miqyaslı musiqi yarışı keçirilməmişdi. AzTV-nin böyük yayım gücü ən ucqar dağ kəndlərində belə bu gözəl səslər paradına baxmaq imkanı verdi. Telekanalın ötürücüləri isə tamaşanı təkcə ölkəmizə deyil, onun hüdudlarından xeyli uzaqlara da yayırdı.

Layihənin miqyası bütün məmləkətimizi əhatə etmişdi. Nümayəndələr Azərbaycanı demək olar elbəel gəzmiş, iştiraka istəyini bildirən üç mindən artıq insan arasında seçim aparmışdılar. Təşkilatçılar danışırlar ki, kastinq davam etdirilsəydi, müraciətlərin sayı xeyli artardı... Teleteatr və 800 kv.m-lik studiya müstəsna olaraq musiqili yarışın keçirilməsi üçün ayrılmışdı.

Belə nadir və uğurlu beynəlxalq layihənin reallaşdırılması – AzTV-nin, Azərbaycan cəmiyyətinin və bütövlükdə dövlətimizin növbəti müvəffəqiyyətidir. O, milli televiziyamızın nəhəng imkanlarının spektrini tam şəkildə nümayiş etdirir. Kanalın əmək kollektivi böyük səy göstərmiş, şərəflə çalışmışdır və qazandığı nailiyyətə görə onu təbrik etmək olar. Bu cürə bahalı layihənin həyata keçirilməsini məhz dövlət dəstəyi reallaşdırıb.

Eləcə də, televiziya auditoriyamızın yüksək fəallığını göstərmək lazımdır: final yaxınlaşdıqca hər növbəti turun efirində iştirak etmək arzusunu daha çox tamaşaçı bildirirdi. Yəni, auditoriyanı formalaşdırmaqla bağlı çətinlik meydana çıxmırdı. Əksinə, təşkilatçılar arzu edənlərin hamısını yerləşdirə bilmirdilər: onların sayı yerlərin miqdarından qat-qat artıq idi.

Əvvəl buraxılışlar video yazısında gedirdi, sonrakı turlar isə efirdə canlı göstərildi. Bu, tamaşaçıların fəallığını gücləndirdi və səsvermə SMS-lərinin sayını artırdı. Yarış qalibi 90 mindən çox səs topladı. Həmin fakt layihənin obyektivliyinin və uğurunun parlaq şəhadətidir.

Sevindirici haldır ki, bu yaxınlarda AzTV-də dövlət rəhbərliyinin təşəbbüsü əsasında yeni korpus ucaldılıb. Burada yerləşdirilən 4 müasir studiya dünya istehsalçılarının ən qabaqcıl avadanlığı ilə təchiz olunub ki, bu da öz növbəsində televiziya yaradıcılığının imkanlarını daha da artırıb və genişləndirib.

Görmədən dinləmə mərhələsində ustadlar ancaq səsə və ifa tərzinə diqqət yetirə bilirdilər. Canlı efir mərhələsinədək layihə iştirakçılarının taleyini məhz onlar müəyyən edirdilər. Sonra qiymətləndirməyə SMS-lər də qoşuldu. Axırda isə hər şeyi yalnız mobil telefondan səsvermə həll etdi. Təşkilatçıların vəzifəsi təkcə gözəl şou yaratmaq idi və onlar bunun öhdəsindən şərəflə gəldilər. Finala çıxmış dörd yarış iştirakçısının hər biri elə istedadlıdır ki, qalib gəlməyə tam layiq idi.

Layihə başa çatdı. Əksər iştirakçılar, xüsusən yarışın finalçıları, ictimaiyyətin diqqət mərkəzindədirlər, xeyli imkan əldə ediblər. AzTV onlara efir vaxtı ayıracaq, verilişlərə dəvət edəcək. Yaradıcılığa qurşanan gənclər üçün bu, böyük perspektiv deməkdir. Xalq onların özünü, istedadını tanıdı, bundan sonra da sevimlilərini hər vasitə ilə dəstəkləyəcək. Ümidvaram, digər telekanallar da ölkənin yeni istedadlarını müxtəlif verilişlərə dəvət edəcək. Milli televiziya hamıdan irəli gedərək, finalçıları solist qismində işə götürdü və yaradıcılıq karyeralarının qurulmasında onlara ən yaxından yardım göstərir. Yeni istedadlar üçün bütün yollar açıqdır. Növbə onlarındır: gənclər daim özlərini və nəhəng layihənin uğurlu iştirakçısı statusunu təsdiqləməlidirlər. Onlar böyük söhnəyə çıxmaq haqqını artıq qazanmışlar və belə nadir imkandan maksimum dərəcədə istifadə etməlidirlər.

Televiziya böyük xərc tələb edir. Milli televiziya AzTV-dən savayı daha iki kanalı da maliyyələşdirir – «Mədəniyyət» və «İdman Azərbaycan»ı. Burada hər il 30-40 telefilm çəkilir. AzTV başlıca olaraq informativ və ictimai-siyasi xüsusiyyətə malikdir. Bu səbəbdən mədəniyyət və incəsənət proqramları, tədbirlərin, yaradıcılıq gecələrinin, konsertlərin video yazıları, dünya mədəniyyəti barədə materiallar «Mədəniyyət» kanalında təqdim edilir. İdman yarışlarından reportajlar, bu mövzularda maraqlı arxiv materialları, müzakirələr gecə-gündüz «İdman Azərbaycan» kanalının efirindədir.

Təqdirəlayiq haldır ki, milli televiziya son zamanlar efir siyasətində beynəlxalq layihələrə üstünlük verir. Hesab olunur ki, Azərbaycan tamaşaçısı əhəmiyyətli dünya məsələlərindən öz ana dilində xəbər tutmalıdır. AzTV telekanalının rəhbərliyi beynəlxalq televiziya məkanında mövcud olan ən yaxşı, qabaqcıl tendensiyaları Azərbaycanda tətbiq etməyə, yerli tamaşaçılara dünyanın reytinqli proqramlarını öz versiyasında göstərməyə çalışır.

Bu məsələnin digər mühüm cəhəti ondan ibarətdir ki, həmin layihələrə ölkəmiz barədə informasiya daxil edilir. «Nə? Harada? Nə vaxt?», «Breyn-rinq», «Əlaçı», «61!», «Parlaq zəka» intellekt oyunlarında və digər beynəlxalq lisenziyalı proqramlarda sualların yarısı ölkəmizə – onun tarixinə, mədəniyyətinə aiddir, format isə bütün dünyada qəbul olunmuş müasir tələblərə tam şəkildə uyğundur. Hərdən belə bir nadan fikir səslənir ki, guya intellektual oyunlar Azərbaycan dilində sanballı alınmır. Lakin həmin proqramların gənclər arasında populyarlığı o fikrin əksini təsdiqləyir. Məsələn, «Breyn-rinq»də ölkəmizin bütün bölgələrinin universitet və məktəblərindən olan gənclər iştirak edirlər. Hətta rus bölməsində təhsil alan uşaqlar da ana dilində oynayaraq, azərbaycanca nitqini təkmilləşdirirlər. Bütün bunlar azərbaycandilli auditoriyanı ekran qarşısına cəlb edir. Həmin insanlara aydın olur ki, bilikli, təhsilli və zəkalı adam nəinki hörmət, həmçinin pul qazana bilər, tanınar və sevilər.

AzTV kanalının sıravi əməkdaşları və rəhbərliyi daim ideyalar irəli sürür, plan qurur, veriliş və proqramları təhlil edir, onların məzmununu rəngarəngləşdirməyə, təqdimatını yaxşılaşdırmağa, nöqsanları aradan götürməyə çalışırlar. Tamaşaçıların qarşısında hər çıxış onlar üçün imtahan, hər uğur – bayramdır.


Teqlər:





Xəbər lenti