Üç iğtişaşın bir ssenaristi – TƏHLİL

Üç iğtişaşın bir ssenaristi – TƏHLİL
  29 İyun 2013    Oxunub:1670
Türkiyənin ardınca Braziliyada, bu həftə isə Misirdə oxşar xarakterli dirənişlərin başlaması onların vahid ssenari və sxem əsasında həyata keçirildiyini düşünməyə əsas verir.
Bu etirazların ümumi cəhətləri çoxdur. Hər üçü sosial tələblərlə başlayır və getdikcə siyasi rəng alır; hər üçünün konkret lideri və təşkilatçısı - yəni arxasında dayanan siyasi qüvvə yoxdur. Hər üçündə sosial şəbəkələrin, xüsusilə facebook-un imkanlarından geniş istifadə olunur. Hər üçü kifayət qədər davamlı ssenaridir və hələ də başa çatmayıblar.

Bu qədər oxşar cəhətlərin olması onların ssenarisinin də eyni mərkəzdə yazıldığını deməyə əsas verir.

Bir qədər dərinə getsək, başqa paralellər də var. Məsələn, bir neçə il öncə Braziliyada da Türkiyədəki “Ergenekon” əməliyyatını xatırladan "Mensalao" adlı proses olmuşdu. Bundan başqa, hər iki ölkə təzəlikcə Beynəlxalq Valyuta Fonduna borclarını ödəyib qurtarıblar. Demək, bir tələdən çıxıblar və onları ikinci tələyə salmaq lazımdır.

Etirazların baş qaldırdığı ölkələr üçün ümumi olan digər bir vacib tərəf də var: onların hər üçü inkişaf etməkdə olan və regionlarında həm mənəvi, həm də iqtisadi baxımdan lider mövqelərə malik ölkələrdir. Braziliya Latın Amerikasının, Misir ərəb dünyasının, Türkiyə isə Yaxın Şərqin əsas dövlətidir. Daxillərində davamlı gərginlik dalğalarının qabarması onların regional liderlik statusunu ciddi şəkildə şübhə altına alır. Üstəlik, hər üç ölkənin iqtisadiyyatına da möhkəm zərbə vurur, eyni zamanda, siyasi qeyri-sabitliyin əsasını qoyur. Bunlar birlikdə həmin ölkələrin regional lider statuslarının əllərindən alınmasını təmin edə biləcək faktorlardırlar.

Yada salaq ki, Türkiyədə hadisələr yeni başlayanda Ərdoğan açıq demişdi ki, bu proseslərin arxasında xarici kəşfiyyatlar dayanır: “Onların adlarını çəkmək mümkün deyil, amma biz onların böyüklərilə danışacağıq”. Təsadüf olub-olmadığını deyə bilmərik, amma bu bəyanatdan bir gün sonra ABŞ prezidenti Barak Obama ilə Ərdoğanın arasında telefon danışığı oldu.

Əgər bunu qəbul etsək, həmin gizli “ssenaristin” bəzi əlamətlərini təsvir etmək mümkündür: O, qlobal miqyasda fəaliyyət göstərir, dünyanın bütün bölgələrində maraqları var, vacib bölgələrdə heç bir dövlətin güclənib liderliyə yüksəlməsinə yol vermək istəmir, internetdə və sosial şəbəkələrdə irimiqyaslı kampaniyalar təşkil edə bilir, həmin hadisələri dünyanın aparıcı informasiya vasitələrində bir nömrəli xəbərə çevirməyə qadirdir...

Bu əlamətlərin hamısı eyni zamanda dünyada ancaq bir dövlətdə var: Amerika Birləşmiş Ştatlarında.

Bir həftə əvvəl Samsundakı mitinqdə çıxışında Ərdoğan belə fikir işlətmişdi ki, “Bu nümayişlərdən kim qazandı? Maliyyə Lobbisi. Bəs kim itirdi? Türkiyə iqtisadiyyatı. Eyni oyun hazırda Braziliyada oynanılır”.

Qlobal maliyyə lobbisinin hansı ölkədə yerləşdiyini nəzərə alsaq, bu da açıq-aşkar Amerikaya işarədir.

Amerikanın Braziliyaya barmaq uzatmaq üçün səbəbləri daha çoxdur. Dünənə qədər Vaşinqtonun öz “arxa həyəti” kimi baxdığı Braziliya bu gün dünyanın 6-cı böyük iqtisadiyyatıdır, 2016-cı ildə isə Fransanı da keçərək, 5-cı yerə çıxacaq. Üstəlik, ölkənin son iki prezidenti – Lula da Silva və Dilma Russeff Vaşinqtona o qədər də xoş olmayan xarici siyasət yürüdüblər. ABŞ-ın Vahid Amerika Azad İqtisadi Zonası yaratmaq planlarını da məhz Braziliya əngəlləyib. Üstəlik, BRİK-in üzvü kimi də Amerikanın strateji maraqlarına təhlükə yaradır. Əgər güclənməkdə davam edərsə, yaxın gələcəkdə Braziliya ABŞ-ı Latın Amerikasından sıxışdıra bilər.

Bir qədər əvvəl yaşanan Edvard Snouden qalmaqalından da bəlli olur ki, həqiqətən, ABŞ kəşfiyyatı internetin – daha dəqiq desək, nəzarətində olan məşhur saytların imkanlarından öz maraqlarına görə faydalanaraq, bu etirazları istədiyi kimi yönləndirə bilərdi.

Yəni bu gün Amerika siyasi texnoloqlarının əllərində elə imkanlar var ki, onlar digər ölkələr üçün hələ əlçatan deyillər. Və onlar bu vasitələrdən istifadə edərək, özləri gözə görünmədən məharətlə oyunlar quraşdırmağa-qarışdırmağa qadirdirlər. Fəqət gizlənən nə qədər mahir oilsa da, kolun dalında qulaqlar həmişə görünür.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti