“Lahıc misgərlik sənəti” YUNESKO-nun siyahısında
Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunmuşdur. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunmuşdur ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər.
İclasda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitə üzvlərinə və YUNESKO-nun Qiymətləndirmə Orqanının üzvlərinə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Lahıc misgərlik sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına tövhə verəcəkdir.
“Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESKO-ya təqdim edilib.
Hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.