Prokurorluq “Badu-Kübə” cinayətini açdı

Prokurorluq “Badu-Kübə” cinayətini açdı
  20 Fevral 2013    Oxunub:1892
“Badu-Kübə” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, Əliyev Nəsib Yusif oğlu “Şahbulaq” MTK-nın sədri kimi 2006-2010-cu illərdə “Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni Cabbarov Zaur Zeynal oğlu və “Texnikabank” ASC-nin Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən «Badu-Kübə» və «Şahbulaq» MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar.

Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf etmiş, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.

Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən “Badu-Kübə” MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib.

Cinayət işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilmiş, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmamış və barəsində axtarış elan edilib.

Qeyd olunan cinayət işindən Elton Əliyev, Asif Əsədullazadə və qeyrilərinin barəsində digər epizodlar üzrə Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaqı aparılır.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Teqlər:  





Xəbər lenti