“İlqar Məmmədovun işi”: Qüsur kimin məntiqindədir?

“İlqar Məmmədovun işi”: Qüsur kimin məntiqindədir?
  21 İyun 2013    Oxunub:1945
Bir neçə gün əvvəl Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa Parlamentinin “İlqar Məmmədovun işi” üzrə qəbul etdiyi qətnamə ilə bağlı müsahibə vermişdi. Həmin müsahibə müəyyən müzakirələrə səbəb olub. Müsahibənin tam mətni ilk dəfə AzVision.az saytında dərc olunduğundan, biz də bu müzakirəyə qoşulmağı lazım bilirik.

“Zerkalo” qəzetində dərc olunan “Ərdoğan İstanbulu fəth etməyə çalışır” adlı yazını oxuyanda qəribə bir vəziyyətlə üzləşirsən: məqalənin ortalarından sonra müəllif Rauf Mirqədirov gözlənilməz bir fint edir və Türkiyə mövzusundan Fuad Ələsgərovun müsahibəsinə keçir. Oxucuda belə təəssürat yaranır ki, müəllif qəfildən möhkəm asqırıb, mövzu xətti yadından çıxıb və başlayıb fikrində olan digər mövzunu davam etdirməyə. Lap meyxanaçıların “bu söhbət qalsın bir yanda, mən keçim başqa söhbətə” tipli keçidləri kimi. Halbuki Mirqədirov çox təcrübəli jurnalistdir və ən azından bunun düzgün olmadığını anlamamış deyil.

Fuad Ələsgərov həmin müsahibəsində demişdi ki, Avropa Parlamentinin İlqar Məmmədovu prezidentliyə namizəd kimi göstərməsi səhvdir, çünki o, namizəd deyil. Aydın və hər kəsə bəlli olan həqiqətdir. Çünki doğrudan da, İlqar Məmmədov prezidentliyə namizəd deyil. Amma Mirqədirov, əksinə, iddia edir ki, İlqar Məmmədov prezidentliyə namizəddir! Hətta, “YAP lideri nə dərəcədə namizəddirsə, İlqar Məmmədov də o dərəcədə namizəddir”. Bunun arxasınca eyni uğurla rahatca yazmaq olardı ki, məsələn, “Ku-Kluks klan” zəncilərin hüquqları uğrunda mübarizə aparır, Salman Rüşdi isə dünyada islamın ən böyük təbliğatçılarından biridir.

Mirqədirov illərdir ki siyasi jurnalistika ilə məşğuldur. Doğrudanmı o bilmir ki, prezidentliyə namizədliyi irəli sürülmək və prezidentliyə namizədliyi qeydə alınmaq arasında hansı fərq var? Fərq isə çox böyükdür. Məsələn, namizədliyi qeydə alınan şəxsin toxunulmazlıq hüququ var. Namizədliyə iddialı olan şəxsin isə belə hüququ yoxdur.

İlqar Məmmədovun isə heç namizədliyi irəli sürülməyib də. O, həbs olunduğu ərəfədə sadəcə, namizədliyini irəli sürməyə iddialı şəxs idi. Bu iddiaya hamı düşə bilər. Namizədliyə iddialı şəxs olmaq isə heç bir hüquqi status yaratmır. Siyasi status o zaman yarana bilər ki, həmin şəxs böyük siyasi çəkiyə malik fiqur olsun. Amma İlqar Məmmədov hətta AMİP ölkənin 3 müxalif partiyasından biri olarkən onun sədrinin müavini vəzifəsini tutanda belə, hansısa siyasi çəkiyə malik olmasından danışmaq mümkün deyildi. REAL-ın rəhbərlərindən biri kimi isə ümumiyyətlə, siyasi çəkidən söhbət gedə bilməz.

Bundan başqa, YAP-dan fərqli olaraq, REAL – partiya yox, siyasi hərəkatdır. Azərbaycan qanunvericiliyinə görə isə siyasi hərəkətlar tanınmır və deməli, onların namizədləri də ola bilməz. Yəni Məmmədov namizədliyini ən yaxşı halda fərdi qaydada irəli sürə bilərdi.

Avropa Parlamentinin qətnaməsində İlqar Məmmədov gah «prezidentliyə namizəd» adlandırılır, gah da «siyasi partiya lideri», halbuki, əslində bunların heç birindən deyil. Onu belə adlandırmaq sadəcə, siyasi məqsəd güdür və hadisəni daha da dramatikləşdirməyə, guya Azərbaycanda siyasi opponentlərin təqib olunması görüntüsü yaratmağa xidmət edir. Aydın məsələdir ki, bu niyyət nəyə qarşı yönəlib. Ölkədəki vəziyyətdən bixəbər olan avropalı düşünə bilər ki, Azərbaycanda hakimiyyətə gəlməyə real şansı olan lider həbs olunub. Reallıqda isə söhbət özünü məşhurlaşdırmağa çalışan kiçik miqyaslı siyasətçinin bu məqsədlə atdığı avantürist addımın nəicəsindən gedir.

Daha sonra, Mirqədirova görə, Fuad Ələsgərovun məntiqində belə bir ziddiyyət var: o, bir yerdə deyir ki, İlqar Məmədovun başçılıq etdiyi hərəkat “nəinki siyasi partiya deyil, heç ölkənin siyasi məkanında hansısa çəkisi də yoxdur”, digər tərəfdə isə söyləyir ki, Məmmədov kütləvi iğtişaş törətməyə cəhddə suçlandırılır. Halbuki, burada əgər məntiqi səhv varsa da, bu səhv elə cənab Mirqədirovun məntiqindədir. Yəqin, o, elə düşünür ki, siyasi iğtişaşı ancaq iri çəkili siyasi partiya və şəxslər təşkil edə bilərlər? Qalanlarının isə belə imkanı yoxdur? Halbuki tarix tam əksini göstərir – adətən kütləvi iğtişaşların başında az tanınan şəxslər dururlar, onların bu hadisələrdə iştirakı isə son dərəcə müxtəlif ola bilir – məsələn, vaxtında və yerində edilmiş bir təhlükəli çağırış kimi.

Məntiqi qüsur axtarışlarını davam etdirsək, Mirqədirovun öz məntiqində kifayət qədər uyğunsuzluqlar var. Məsələn, o deyir ki, İlqar Məmmədov İsmayıllıya hadisələr başlayandan sonra gedib çıxıb, deməli, məqsədi iğtişaşlar təşkil etmək ola bilməzdi. Maraqlıdır, bəs nə olub? İsmayıllıda gəzintiyə çıxmaq? Tarix göstərir ki, əksər inqilablara təkan verənlər həmin hadisələr başlayanda uzaqda olub, proses başlayandan sonra gəlib ona qoşulublar. Biz İlqar Məmmədovu inqilab liderlərilə müqayisə etmək istəmirik və paralellər yolverilməz olsa da, məsələn, İran İslam İnqilabı başlayanda Xomeyni Fransada, 1917-ci il inqilabı başlayanda Lenin İsveçrədə idi. Demək, əksinə, kimsə iğtişaş başlayan yerə gedirsə, böyük ehtimalla, məqsədi o iğtişaşın başında durmaqdır.

Nəhayət, Mirqədirov böyük lütfkarlıqla bizə izah etməyə çalışır ki, Avropa Birliyi və Avropa Şurası ayrı-ayrı qurumlardır, İnsan Haqları üzrə Avropa Məhkəməsi Avropa Şurası tərəfindən təsis olunub buna görə də Avropa Parlamenti sırf təşkilatı baxımdan onun qərarlarına təsir göstərə bilməz. Əlbəttə, bu yerdə o, tamamilə haqlıdır! Amma məgər kimsə deyibmi ki, Avropa Parlamenti Avropa Məhkəməsinin qərarına təşkilatı cəhətdən təsir göstərəcək? Heç kim belə söz deməyib axı.

Avropa Məhkəməsi öz qərarlarında tez-tez beynəlxalq təşkilatların, o cümlədən, Avropa Parlamentinin sənədlərinə istinad edir. Bu sənədlər konkret məsələlər üzrə məhkəmənin mövqeyinin formalaşmasına təsir göstərir. Ona görə də, həqiqəti və real faktları təhrif edən qətnaməni tələsik qəbul edəndə Avropa Parlamentinin məqsədi doğrudan da, Avropa Məhkəməsinin mövqeyinə dolayı yolla təsir göstəmək olub.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti