İnvestisiya siyasətimiz necə qurulmalıdır – TƏHLİL
Ölkəmiz xarici investisiyanın əhalinin rifahına düşən həcminə görə, Şərqi Avropa və MDB ölkələri sırasında liderdir ki, bu da iqtisadiyyatımızın kifayət qədər dayanıqlı vəziyyətdə olduğunu göstərir.
Xarici investisiyaların iqtisadiyyatın inkişafında mühüm rol oynadığı isə yaxşı məlumdur. Azərbaycanı müstəqilliyinin ilk illəri ərzində sosial və iqtisadi tənəzzüldən də məhz “Əsrin müqaviləsi"nin qurtardığı sirr deyil. Bu səbəbdən də 1996-cı ildən başlayaraq, neftin dünya bazarlarında qiymətinin endiyi vaxtları çıxmaq şərti ilə iqtisadiyyatımız demək olar, hər il artıb və dövlətimizin maliyyə imkanları durmadan genişlənib.
Buna görə də, maliyyə imkanlarının artması sayəsində daxili investisiyaların həcmi xaricini üstələməyə başladı və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə ümumi investisiya qoyuluşunun strukturunda dəyişikliklər baş verdi.
Ümumiyyətlə, ölkədə əsas kapitala yönələn xarici investisiyaların artım tempi məhz 2005-ci ildən enməyə başladı. Və bu da bir daha təkrar edirik ki, daxili maliyyə imkanlarının artması nəticəsində baş verdi.
Neftin dünya bazarlarında qiymətinin ildən-ilə yüksəlməsi Azərbaycan hökuməti üçün əsas infrastruktur layihələri - elektrik stansiyalarının tikintisini, asfalt yolların çəkilişi və körpülərin salınmasını, qazlaşdırma, su təchizatının inkişafı, kanalizasiya və irriqasiya kimi məsələləri özünün maliyyələşdirməsinə geniş imkan açdı. Ölkədə neft və qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların artım tempi də ilk dəfə, məhz bundan sonra tarazlaşdı.
2007-ci ildən bu sahədə mövcud tendensiya ikincinin xeyrinə dəyişməyə başladı. Ancaq məsələ bundadır ki, xarici investisiyalara hər zaman böyük ehtiyac var. İqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyan ölkədə isə bu xüsusən, vacibdir. Düzdür, Azərbaycan iqtisadiyyatına son 5 ilin ərzində 32 milyard dollar investisiya qoyulduğu deyilir ki, bunun da 60%-dən çoxu qeyri-neftə sərf olunub. Və bu gün biz özümüz, xarici ölkələrə investisiya yönəltməkdəyik.
Ancaq qarşıdakı illər ərzində ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalının 2 dəfədən çox artmalı olduğunu nəzərə aldıqda, Azərbaycan Mərkəzi Bankının (AMB) bugünlərdə dərc olunmuş ödəniş balansına əsasən, ölkə iqtisadiyyatına birbaşa investisiyalar şəklində xarici kapital həcminin ümumən 1,4 milyard dollar təşkil etməsi və bunun 83,2%-inin neft-qaz sahəsinə sərf olunması heç də müsbət göstəricisi deyil. Bu investisiya BP Exploration Ltd tərəfindən “Şahdəniz” və ABƏŞ tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqları üzrə görülən işlərə sərf olunub.
Sözümüz bunda deyil. AMB-in qeyd olunan balansına əsasən, qeyri-neft sektoruna cəlb edilən birbaşa investisiyanın həcmi cəmi 238,1 milyon dollar təşkil edib ki, bu da 16,8% edir. DSK-nın məlumatında isə deyilir ki, birbaşa investisiyaların həcmi 1,2 milyard dollar təşkil edərək 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,3% artıb, onun 1,0 milyard dolları və yaxud 82,9 %-i iqtisadiyyatın neft-qaz sektoruna sərf olunub.
Hökumətin ölkədə iqtisadi islahatların dəstəklənməsi, həmçinin biznes mühitinin yaxşılaşdırılması, neft sektoru ilə yanaşı, qeyri-neftin də inkişaf etdirilməsi üçün gördüyü işlər göz qabağındadır. Lakin ölkəyə xarici sərmayənin cəlbi üçün bizcə, daha geniş "açıq qapı" siyasəti həyata keçirilməlidir ki, bu da, bir sıra tədbirlərdən ibarət olmalıdır.
Ölkəmizin xarici investisiyalar üçün həm potensial, həm də tələb olunan hüquqi-normativ baza baxımından, əlverişli imkanlara sahib olduğu məlumdur. Ancaq Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə hazırda kapital axını üçün əlverişli şərait yarandığından, bundan geniş istifadə etmək lazımdır. Başqa sözlə desək, qeyri-neft sektorunun inkişafı üçün xarici investisiyaların axınına ideal zəmin var.
Odur ki, ölkədə infrastruktur layihərlə yanaşı, istehsal və digər yüksək əməktutumlu obyektlərin tikintisi daha çox maliyyələşdirilməlidir ki, bu da özündə qeyd olunan məqsədlə bilavasitə kimya, metallurgiya və energetika, maşınqayırma və tikinti materiallarının istehsalı, yeyinti və yüngül sənayesi kimi sahələrlə bahəm, kənd təsərrüfatının xarici investisiyalar üçün maksimum səviyyədə məhdudiyyətsiz zona elan edilməli olduğunu ehtiva edir.
Hökumət qeyd edir ki, ÜDM istehsalının artması üçün Azərbaycanın xarici bazarlara çıxmasına ehtiyac var. Dünya bazarlarına çıxmaq isə ötən şərhimizdə də yazdığımız kimi, asan deyil: qlobal iqtisadiyyat müəyyən bölgüyə məruz qaldığından elə növ məhsullar var ki, onların öz istehsalçıları var. Ona görə də, ölkədə ilk növbədə geniş çeşiddə və yüksək rəqabət qabiliyyətli məhsullar istehsal etmək lazımdır. Başqa sözlə desək, sağlam rəqabət mühiti formalaşmalıdır. Bunun yolu isə məhz xarici investisiyalardan keçir.
Pərviz Heydərov
Teqlər: