Qırğızıstanda seçkilər bitdi - 6 partiya yer aldı
SRMK-nın ilkin məlumatlarına görə, Qırğızıstan Sosial-Demokrat Partiyası 27,45 faiz səs toplayaraq liderdir. “Respublika – Ata Jurt” partiyası 20,13, “Qırğızıstan” – 12,81, “Onuquu-Proqres” – 9,3, “Bir Bol” – 8,44, “Ata Meken” – 7,74 səs qazanıb. Beləliklə, ilkin nəticələrə əsasən, bu partiyalar parlamentdə yer əldə ediblər. Digər partiyalar isə 7 faizlik həddi keçə bilməyiblər.
Ümumən seçkilərdə Qırğızıstanın 14 siyasi partiyası iştirak edib. Ölkədə 2 milyon 761 min 270 seçici qeydə alınıb. Səsvermə 2374 seçki məntəqəsində aparılıb. Seçkilər partiya siyahıları üzrə keçirilib və 120 deputat mandatı uğrunda 2500 namizəd mübarizə aparıb.
Seçkiləri dünyanın 70 ölkəsindən 500-dən artıq beynəlxalq müşahidəçi izləyib. TürkPA-nın xətti ilə Azərbaycan Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, MDB PA xətti ilə deputatlar Aydın Cəfərov, Rüfət Quliyev, İqbal Məmmədov, MDB İcraiyyə Komitəsinin xətti ilə deputat Sedaqət Vəliyeva və Azərbaycan Mərkəzi Seçki Komissiyasının əməkdaşları da səsvermə prosesini izləyiblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da seçkiləri izləyən müşahidəçilər arasında olub.