İranın yeni prezidenti nə vəd edir - TƏHLİL

İranın yeni prezidenti nə vəd edir - TƏHLİL
  15 İyun 2013    Oxunub:2139

Bir gün əvvəl Amerika və İsrailin müdafiə nazirləri Çak Heygellə Moşe Yaalonun görüşü zamanı diqqət mərkəzində tutulan əsas mövzulardan biri İrandakı prezident seçkisi idi. Hər iki nazir bəyan etmişdilər ki, onlar İrandakı proseslərin istənilən istiqamətdə cərəyan etməsinə hazırdırlar. Və İrandan hər hansı təhlükə gələrsə, İsrail və Amerika onu birlikdə dəf etmək üçün iş aparır.

Ancaq İrandakı hadisələrin inkişafı onu göstərdi ki, Pentaqonun şefi ilə “Tsahal” rəhbərinin bu cür narahatlıq keçirmələri üçün heç bir əsas yoxdur. Tam əksinə: yeni prezidet böyük ehtimalla, münasibətləri yumşaldacaq.

Beləliklə, hesab etmək olar ki, İranın yeni prezidentinin adı artıq məlumdur: bu, şərti olaraq “islahatçı” qanadın namizədi kimi tanınan Həsən Ruhanidir. Səslərin bir hissəsi sayılandan sonra o, nəinki 50 faizlik baryeri aşıb, hətta ən yaxın təqibçisi Mohəmmədbağır Qaibafı böyük fərqlə üstələyir.
Bu nəticə haradasa gözlənilən idi, çünki 6 namizəddən 4-nün “mühafizəkar” olması onların səslərini parçalamışdı, daha bir nəfər bitərəf idi, “islahatçı” namizədlər isə seçki marafonundan çəkilib, tərəfdarlarını Ruhaniyə səs verməyə çağırmışdılar. Məhəmməd Hatəmi və Əli-Əkbər Haşimi Rəfsəncani kimi iki keçmiş prezidentin dəstəyi onun şanslarını xeyli artırmışdı. Halbuki, bu addıma qədər bütün sorğularda Qalibaf Ruhanini üstələyirdi.

İndiki vəziyyətdə Qərblə münasibətləri normallaşdıra biləcəyi hesab olunan Ruhaniyə İranda daha çox ehtiyac var. Gözlənilir ki, o, hakimiyyətə gələndən sonra xarici siyasətdə indiki prezident Mahmud Əhəmədinejadın kursundan tamamilə fərqli xətt yürüdəcək. Elə özü də seçkiqabağı kampaniya zamanı bunu dəfələrlə açıq şəkildə deyib. Həmçinin bildirib ki, əgər seçilsə, “Vətəndaş hüquqları xartiyası”nı qəbul etdirəcək, senzuranı yumşaldacaq və siyasi məhbusları azad edəcək. Artıq bəzi ekspertlər onu “ikinci Xatəmi”, gözlənilən hakimiyyət dövrünü isə “İranın ikinci yenidənqurması” adlandırmağa macal tapıblar.

64 yaşlı Həsən Ruhani cavanlığında islam inqilabının lideri ayıtullah Xomeyninin ən yaxın çevrəsindəki şəxslərdən biri olub. 90-cı illərdə liberal prezident Məhəmməd Xatəminin komandasında çalışıb və İranın apardığı nüvə danışıqlarına başçılıq edib. Əhmədinejad hakimiyyətə gələndə onu məhz yumşaq mövqeyinə görə bu postdan kənarlaşdırmışdı.

Ekspertlərə görə, Ruhaninin qələbəsi həm İranın nüvə proqramının şəffaflığının artması, həm də Suriya məsələsində Tehranın mövqeyinin yumşalması ilə nəticələnə bilər. Belə olarsa, İrana qouyulan bir sıra sanksiyaların ləğvi də mümkündür. Bu isə ölkədə müəyyən iqtisadi dirçəlişə, dolayısıyla, İranın həm bölgədə, həm də dünyada çəkisinin artmasına səbəb ola bilər.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti