Davudoğlu: `Münaqişənin həllində daim Azərbaycanla birlikdəyik`
Bu barədə Fələstin dövlətinə yardım və Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib:
"Azərbaycanın beynəlxalq arenadakı uğurları Türkiyəni sevindirir. Bütün islam dünyasının əhəmiyyətli problemi - Fələstin probleminin müzakirə olunduğu konfransın Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir.
Türkiyə XİN rəhbəri bu işlərin gələcəkdə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Davudoğlu əlavə edib: "Səfər çərçivəsində mən həmçinin, Azərbaycan hökuməti ilə bizim gələcək əməkdaşlığımızın perspektivlərini də müzakirə etməyi planlaşdırıram".
Türkiyə XİN rəhbəri bir daha rəsmi Ankaranın mövqeyini təsdiqləyərək bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir: "İki ölkə Azərbaycanın işğal olunan ərazilərinin azad olunması məsələsində öz addımlarını razılaşdırır. Biz daima Azərbaycanla birlikdəyik və Azərbaycanın rifahı və onun nüfuzunun beynəlxalq səviyyədə artması bizi həmişə sevindirəcək".(trend)
Qeyd edək ki, bu gün Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilir.
Teqlər: