Nazirlikdə 26 dövlət rəsmisi ilə görüş baş tutub

Nazirlikdə 26 dövlət rəsmisi ilə görüş baş tutub
  10 İyun 2013    Oxunub:1093
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

RİTN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Əli Abbasov dostluq müstəvisində inkişaf etməkdə olan Azərbaycan-Əfqanıstan münasibətlərində İKT sektorunun xüsusi rolu olduğunu, ölkələr arasında iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı tərəf kimi çıxış etdiyini deyib.

Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının xüsusi qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan “Europe Persia Express Gateway (EPEG)” layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu diqqətə çatdıran nazir layihələrin Əfqanıstanın da İKT sektorunun inkişafına töhfə verə biləcəyini bildirib.

Azərbaycanın ilk telekommunikasiya peykinin istifadəsi ilə ölkədə İKT sektorunun inkişafında yeni mərhələyə qədəm qoyulduğunu söyləyən Əli Abbasov Azerspace-1-in artıq ixrac xidmətlərinə başladığını, onun əhatə dairəsinə daxil olan Əfqanıstanın da ilk milli peykimizin imkanlarından yararlana biləcəyini deyib.

Ölkəsində İKT sektorunun inkişaf təməlinin 10 il əvvəl qoyulduğunu qeyd edən nazir Əmirzai Sangin artıq Əfqanıstanda fiber-optik kabel xətlərinin çəkilişlərinin genişləndirildiyini, bəzi ərazilərinin 3G texnologiyaları ilə təmin olunduğunu, buna baxmayaraq hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycanla xüsusən elektron idarəçilik, elektron həllər sahəsində təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti