Rusiya-Ermənistan münasibətlərindəki yeni reallıqlar – TƏHLİL
Ermənistan Rusiyanı “strateji müttəfiq” adlandırıb, onun maraqlarına zərbə vurmaqla, Rusiyanın adından qonşularına təhlükə yaratmaqla məşğul idi. Ermənistanın Rusiyanı “idarəetməsi” Qərb qarşısında dəyərini üstün göstərmək üçün mühüm müəyyənləşdirici keyfiyyət idi. Rusiya bunları başa düşürdü. Yekunda real praqmatik siyasət aparmağa başladı:
A) RF Ermənistana satdığı qazın qiymətini qaldırmaqla bağlı qərar qəbul etdi. Səhmlərinin 80%-i Rusiyaya məxsus olan “ArmRosQazProm”un qazın yeni tarifləri ilə bağlı Ermənistan hökumətinə verdiyi təkliflərin mahiyyəti budur. Qazın qiyməti təxminən 65-70% qalxacaq. Erməni iqtisadçılarının hesablamalarına görə, Ermənistan iqtisadiyyatı və əhalisi qazın qiymətinin hətta 15% artımına dözə bilməyəcək. Qazın qiymətinin artırılmasından əvvəl və sonra siyasi və geosiyasi prizmadan kifayət qədər maraqlı proseslər baş verib.
B) RF Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişdi. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovla Moskvada keçirdiyi mətbuat konfransında S.Lavrov Ermənistandan Azərbaycan ərazilərini Azərbaycana qaytarmağı tələb etdi. Əvəzində isə Azərbaycan Ermənistanı blokadadan çıxaracaqdır. Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyinin dəyişməsinin “tarixi” və davamı var.
C) Rusiya ekspertləri Ermənistanın maraqlarına uyğun antiazərbaycan şərhlər verməkdən imtina etdilər. Son vaxtlar Ermənistan Rusiya ilə Azərbaycanı düşmən göstərmək üçün ciddi ehtiyac hiss edir. Rusiya ilə Azərbaycanın düşmənçiliyi Ermənistanın daxili üçün vacib lazımdır.
Bütün bu baş verənlər sonda Ermənistanı Gömrük İttifaqına üzv olmaq, Avrasiya İqtisadi Komissiyası ilə yeni əməkdaşlıq memorandumu imzalamaqla bağlı Rusiyaya müraciət etməyə vadar etdi. Ermənistanın baş naziri T.Sərkisyan Minskdə MDB-nin hökumət başçılarının iclasında Rusiya baş naziri D.Medvedyevdən, Avrasiya İqtisadi Komissiyasının sədri V.Xristenkodan bu məsələləri təcili həll etməyi təkidlə xahiş etdi.
Bütün bu 3 istiqamətin əhatəli təsvirini aşağıda verməyə çalışacağıq.
A) Qazın qiymətinin qaldırılmasının tarixi, Ermənistan rəhbərliyinin verdiyi ilkin reaksiya, sonradan atdığı addımlar və Gömrük İttifaqına girməklə bağlı verdiyi bəyanatların ciddiliyi.
Geosiyasi tarix və ya parametr:
ı) Ermənistan və onun Qərbdəki tərəfdaşları Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldıracağına hazırlaşırdılar. Çünki Qərb Ermənistanın Rusiyadan uzaqlaşma siyasətinə inanır və bu istiqamətdə müəyyən resurslar xərcləyir. Bu niyyətlə 2009-cu ildən üzü bəri iki dəfə Kanada və ABŞ-dan mütəxəssislər Ermənistan ərazisində slans qazı axtarmaqla məşğul olublar. ABŞ-ın Ermənistandakı səfirliyinin himayəsi ilə üçüncü geoloji kəşfiyyat işləri də Ermənistanda slans qazının çox az miqdarda olduğunu göstərdi. Hər halda Rusiya Ermənistanda slans qazınının axtarıldığından xəbəri var idi.
ıı) Qərb ölkələri Vilnüs sammiti ərəfəsində Ermənistanın “Avropa qonşuluğu” proqramı çərçivəsində Azad ticarət müqaviləsinə qoşulacağına ciddi inanırdılar. Bu barədə Polşa və digər Avropa dövlətlərinin Ermənistandakı səfirlərinin mövqeləri var idi. “Avropa günündə” Almaniya və Fransanın Ermənistandakı səfirlərinin Ermənistanın avrointeqrasiyaya hazır olması barədə bəyanatı bu prosesin kuliminasiyasıdır.
ııı) May ayı ərzində ABŞ-ın Ermənistandakı səfirinin aktivliyi ən yüksək səviyyədə idi. Ermənistanı tədqiq etdiyimiz dövrdə ABŞ-ın heç bir səfirinin belə aktivliyini müşahidə etməmişik. Siyasi partiyalarla bir neçə görüş keçirən səfir C.Hefferin çoxsaylı bəyanatları ilə yadda qaldı. Hefferinin əksər bəyanatları Ermənistanın Qərb və Avropaya meyllənməsinə ruhlanmağa yönəlmişdi.
Qazın qiymətinin qaldırılmasına Ermənistan tərəfindən verilən ilkin reaksiyalar:
ı) Rusiya Ermənistanı Avrointeqrasiya proseslərinə görə cəzalandırır.
ıı) Ermənistan baş naziri qiymətli kağızların-avrobondların buraxılmasını hökumətin iclasında müzakirə etdi. Müzakirənin gedişində bəlli oldu ki, Ermənistan qiymətli kağızlar buraxmaqla həm qazın artan qiymətini kompensasiya etməyə, həm də Rusiyanın Ermənistana verdiyi krediti qaytarmağa iddialıdır. Başqa sözlə, Ermənistan rəhbərliyi “Qafqaz qüruru” nümayiş etdirmək istədi. Sonradan yadlarına düşdü ki, onlar qafqazlı deyil, ermənidirlər:
ıı-a) Ermənistanın iqtisadi subyektlərinin o miqdarda səhm buraxmağa imkanı yoxdur. Çünki Ermənistanda iqtisadiyyatın bütün aparıcı seqmentləri Rusiyanın əlindədir.
ıı-b) Ermənistanın avrobondu bu ölkəni Türkiyə təhlükəsi ilə üzləşdirə bilər: Türkiyə birjalara çıxarılan erməni müəssisələrinin səhmlərini alıb Ermənistan iqtisadiyyatına sahiblənə bilər. Ona görə avrobond məsələsi qısa müddət ərzində unuduldu.
ııı) Rusiyanın Ermənistandakı hərbi bazasının icarə qiyməti müəyyənləşdirmək, ümumiyyətlə RF-in Ermənistandakı hərbi bazasının qovmaq istəyənlər də tapıldı.
ıv) İrandan qaz almaq məsələsi Ermənistan cəmiyyətində kifayət qədər dəstək tapdı.
ıv-a) ABŞ-ın İrana qarşı sanksiyaları yada düşdü. ABŞ-ın Ermənistandakı səfiri C.Hefferin Ermənistanın İrana qarşı sanksiyalara qoşulduğunu bildirdi. Buna görə öz hökuməti adından Ermənistana minnətdarlıq etdi.
ıv-b) Rəsmi Yerevan İran qazının Rusiya qazından baha olduğunu bildirdilər. İranın Türkiyə və digər dövlətlərə satdığı qazın qiymətini misal göstərdilər.
ıv-c) Ermənistanın qaz paylama şəbəkəsinin, o cümlədən İran-Ermənistan qaz kəmərinin Ermənistan ərazisindəki hissəsinin Rusiyanın tabeçiliyində olduğunu nəzərə alaraq başa düşdülər ki, İran hətta ucuz qaz versə də, Rusiyanın bu qazı xeyli bahalaşdırmağa imkanı var.
ıv-ç) İranın Ermənistandakı səfirliyi ölkəsinin Ermənistana ucuz qiymətə qaz satmağa, Rusiya qazının qiymətinin qalxmasından sonra Ermənistanda yaranmış iqtisadi problemləri aradan qaldırmağa hazır olduğunu bildirdi. İran səfirliyi bu addımını ABŞ-ın sanksiyasını guya pozmaqdan ötrü etdiyini bildirsə də, İran Ermənistanı Rusiyanın təsirindən çıxarmaqda ciddi niyyətə malikdir. İran Ermənistandan RF-i qovmaq istəyir.
v) Gürcüstandan qaz tranzitinin tarifini azaltmaq xahişi ideyası gündəliyə gəldi. Rusiya-Ermənistan qaz kəmərinin 300 kilometrlik hissəsində qazın nəqli üçün Gürcüstan tranzit haqqı olaraq qazın 10 faizini götürür. Ermənistanda bu rəqəmi normal hesab edirlər, lakin çarəsizlikdən Gürcüstana müraciət etməli olduqlarını da bildirdilər.
vı) Əhali və siyasi partiyalar qazın qiymətinin qalxmasına kəskin reaksiya verdilər. Hökumət binasının qabağında mitinqlər keçirildi. Kəskin antirusiya fikirlər səsləndi.
vıı) Hökumət əhalinin kasıb hissəsinə satılacaq qazın qiymətini kompensasiya edəcəyini bildirdi. Bu, faktiki qazın qiymətinin 30 faizinin ödənilməsi deməkdir. Ermənistan hökuməti belə qərar qəbul etsə də qərarı maliyyələşdirməklə bağlı mənbə tapa bilmədi.
vııı) Avropaya qazın qiymətinin kompensasiya etməklə bağlı müraciətlər cavabsız qaldı. Aİ-nin Ermənistandakı nümayəndəsi, o cümlədən ayrı-ayrı Avropa dövlətlərinin təmsilçiləri hətta öz ölkələrində qazın qiymətini kompensasiya etmədiklərini bildirdilər.
ıx) ABŞ-ın Ermənistandakı səfiri C.Hefferin qazın qiymətinin qaldırılmasının yalnız Rusiya və Ermənistana aid olan məsələ adlandırdı.
Qazın qiymətinin qaldırılması faktı qəbul edildikdən sonra baş verənlər:
ı) Rusiya ilə təmaslardan imtina edən rəsmi Yerevan reallığı anladı. Prezident V.Putinlə KTMT və Avrasiya Birliyi sammitləri çərçivəsində təmasdan imtina edən prezident S.Sərkisyan cəmi bir gün sonra baş nazir T.Sərkisyanı Minsk şəhərinə-MDB hökumət başçılarının iclasına göndərdi. T.Sərkisyan Rusiya baş nazirindən 30 faizlik kompensasiya məsələsində kömək istədi. Əvəzində Ermənistanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Komissiyasına üzv olmaq məsələsini gündəliyə gətirdi.
ıı) MDB tədbiri çərçivəsində T.Sərkisyan “RosAtom”un rəhbəri S.Kirienko ilə AES tikintisini müzakirə etdi. Bundan bir neçə gün öncə baş nazir T.Sərkisyan hökumətin perspektiv planını parlamentə təqdim edərkən yeni AES-in tikintisini nəzərdə tutmamışdı. Beləliklə, Ermənistanın bir tərəfdən 30 faizlik kompensasiyadan ötrü Rusiyaya müraciət etməsi, digər tərəfdən yeni AES-in tikintisi məsələsini gündəliyə gətirməsi Ermənistanın Rusiyaya qarşı siyasətinin hələ də sağlam olmadığını göstərdi.
Ermənistanın Rusiyaya tərəf yaxınlaşmasının ciddiliyi və Ermənistanın ikili oyunlardan əl çəkdiyi şübhəsi yaradır:
ı) Ermənistan taktikasını dəyişməyə məcburdur. Strategiyası əvvəlki tək qalır.
ıı) Ermənistan prezidenti S.Sərkisyan RF prezidenti V.Putinlə təmasdan imtina etdi. Birinci dəfə KTMT sammitində bu təmasdan imtina edərkən Ermənistanda Respublika gününün qeyd edildiyini bəhanə gətirmişdilər. Bütün Ermənistanın siyasi isteblişmenti bu məsələnin həssaslığını nəzərə almaqla S.Sərkİsyanın dövlət bayramında iştirakı ilə əlaqəli Bişkekə getmədiyini bildirdilər. Heç bir antirusiyaçılığın olmadığını, Rusiya ilə münasibətlərin normal olduğunu, heç bir gərginliyin olmadığını sübut etməyə çalışdılar. Lakin üstündən bir gün keçmiş S.Sərkisyan Avrasiya Birliyinin Qazaxıstanda keçirilən sammitində iştirakdan da imtina etdi. Ermənistan bu qurumun müşahidəçi statusu ilə üzvüdür. Bu vaxtadək bu qurumun bütün sammitlərində Ermənistan prezidentləri iştirak ediblər. Eyni zamanda Ermənistan Avrasiya İnkişaf Bankından kredit götürmək niyyətindədir. Bütün bunlara baxmayaraq, S.Sərkisyan həmin sammitə qatılmadı. Rəsmi Yerevan və eləcə də onların ətrafındakı siyasətçilər dəvəquşu davranışı nümayiş etdirərək bu məsələnin üstündən ötüb keçdilər. Vurğunu KTMT sammitində iştirak etməmənin əsaslı olması üzərində qoydular.
ııı) Böyük Britaniyanın şahzadəsi Çarlz KTMT və Avrasiya Birliyinin sammitləri keçirilən gündə Ermənistanda idi, S.Sərkisyanla görüşürdü. Qərb və Rusiya seçimi qarşısında Ermənistanın Qərbin yanında olmasını göstərən ən mühüm fakt şahzadə Çarlzın Ermənistanda olmasını S.Sərkisyanın təhlükəsizliyinə və iqtisadi inkişafına ümid bağladığı qurumların işində iştirakdan üstün tutmasıdır.
ıv) Baş nazir T.Sərkisyan Minskdə Gömrük İttifaqına üzv olmaqla bağlı RF baş naziri D.Medvedyevə yalvardığı vaxtda Ermənistan parlamentinin spikeri O.Abramyan AŞPA-nın Yerevanda keçirilən iclasında Ermənistanın Qərbə inteqrasiyasının düşünülmüş siyasət olduğunu bir daha təkrarladı.
B) Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın mövqeyi dəyişilib. Bu dəyişiklik Azərbaycanın xeyrinə, Ermənistanın ziyanınadır.
ı) RF Xİ naziri S.Lavrov azərbaycanlı həmkarı ilə Moskvada keçirdiyi mətbuat konfransında status-kvo-nun hamı üçün, o cümlədən, Moskva üçün qəbul edilməz olduğunu bildirdi. Ermənistanın Azərbaycanın torpaqlarının Azərbaycana qaytarmasını və Ermənistanın blokadadan çıxmasının həm Ermənistan, həm Azərbaycan, həm də DQ-də yaşayanlar üçün faydalı olduğunu bildirdi. Dağlıq Qarabağ tənzimlənməsi başlandıqdan üzü bəri heç bir dövlət bu qədər açıq bəyanat verməyib.
ıı) KTMT-nin Bişkek sammitində qəbul edilən sənədlərin birində Dağlıq Qarabağ tənzimlənməsinə dair müddəa salındı: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, beynəlxalq aləmdə qəbul edilmiş sənədlər, Helsinki Yekun Aktının (güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə) prinsipləri əsasında tezliklə tənzimlənməlidir. KTMT-nin bu yanaşması bu quruma üzv olan Ermənistanın deyil, bu quruma üzv olmayan Azərbaycanın maraqlarına cavab verir. KTMT-də qərarların konsensusla qəbul edildiyini nəzərə alsaq, Rusiyanın Ermənistanın səsvermədəki mövqeyini neytrallaşdırmaq üçün zəhmət çəkdiyini düşünmək olar.
ııı) Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki bu mövqeyinin əsas mənbəyi Ermənistanın apardığı ikibaşlı siyasətdir.
ıv) Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin dəyişməsinin ən əsas səbəbi isə Türkiyənin Dağlıq Qarabağ tənzimlənməsində ABŞ tərəfdən az qala kart- blanş almasıdır. ABŞ-ın Türkiyəyə belə səlahiyyət verməsi Dağlıq Qarabağ tənzimlənməsində ciddi rəqabətlilik mühiti yaradıb. RF-də başa düşürlər ki, əgər Rusiya Qarabağ tənzimləməsi ilə məşğul olmasa, ABŞ və Türkiyə Rusiyasız da Dağlıq Qarabağ tənzimlənməsində irəliləyiş əldə edə biləcəkdir. Bu zaman həm Qarabağ kartı, həm Azərbaycan, eləcə də Ermənistan Rusiyanın əlindən çıxır. Ona görə Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyi praqmatikdir və başa düşüləndir.
v) Ermənistanın necə davranmasından asılı olmayaraq RF-in DQ tənzimlənməsindəki mövqeyi geri dönülməzdir. Əvvəla, Rusiyanın mövqeyinin dəyişilməsi yeni keyfiyyət vəziyyəti yaratdı. İkincisi, Rusiyada Ermənistanı qeyri-sağlam tərəfdaş kimi tanıdılar. Üçüncüsü, Dağlıq Qarabağ tənzimləməsində rəqabətlilik mühiti yaranıb.
vı) Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin dəyişilməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Ermənilərin bütün siyasi resursları Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyinin dəyişilmədiyini isbat etməyə yönəlib. Erməni şüuruna görə, əgər Ermənistanda hesab edirlərsə ki, Rusiyanın mövqeyi dəyişilməyib, deməli dəyişilməyib. Lakin fakt budur ki, Lavrov belə bəyanatı verdi.
vıı) Rusiyanın mövqeyinin dəyişilməsi ermənilərin müharibə əhval-ruhiyyəsinə də ciddi təsir etdi. Keçmiş döyüşçülər, onlara rəhbərlik etmiş komandirlərin fikrincə, Rusiya dəstək verməyəcəksə, ermənilər DQ-də başlayacaq müharibədə ikicə gün davam gətirməyəcəklər. Vaxtilə Şuşanın işğalına rəhbərlik etmişlərdən birinin fikrincə, birinci güllədən sonra Ermənistanın siyasi mühitində olanların 90 faizi ölkəni tərk edəcəkdir.
C) Rusiya ekspertləri ermənilərin antiazərbaycançılığına dəstək vermədilər. Dağlıq Qarabağ məsələsində ermənilərin istinad nöqtələrindən ən mühümü Rusiya-Azərbaycan düşmənçiliyidir. Vaxtaşırı ermənilər bundan istifadə ediblər.
ı) Qəbələ RLS-i məsələsini uzun müddət Rusiya-Azərbaycan düşmənçiliyini qızışdıran məsələ kimi diqqətdə saxlamalarına baxmayaraq birdən-birə Rusiya ekspertləri bu mövzuda ermənilərə dəstək vermədilər.
ıı) Bakı-Novorossiysk qaz müqaviləsinin pozulmasını da ermənilər Rusiya-Azərbaycan münasibətlərində gərginlik mənbəyinə çevirə bilmədi. Rusiya ekspertləri bunun sırf iqtisadi məsələ olduğunu, siyasətə heç bir aidiyyətinin olmadığını bildirdilər.
ııı) Dağlıq Qarabağ tənzimləməsi ilə bağlı S.Lavrovun dediyi fikirləri əksər Rusiya ekspertləri susqunluqla qarşıladılar. Ermənilərin fikirlərinə dəstək vermədilər.
Bütün baş verənlər Ermənistanın yenidən Rusiya ilə münasibət qurmağa məcbur olduğunun göstəricisidir. ABŞ Ermənistanı “Rusiya ilə strateji müttəfiq” vəzifəsinə təyin edib. İndi də Ermənistanın “ərizə verməsinə” baxmayaraq onu bu vəzifədən azad etmədi. Ermənistanın Rusiyanın daxilində malik olduğu strukturlar, Ermənistanın Şimali Qafqazdakı etnik azlıqlarla qurduğu münasibətlər yaxın zamanlarda ABŞ-ın faydasına gələcək.
ABŞ Suriya məsələsində Rusiyanın qalib gəldiyini qəbul etməyə hazırlaşır. Amma bu ABŞ-ın fikrincə, müvəqqətidir- Suriya hadisələri Şimali Qafqazda davam etməlidir. ABŞ-da Boston marafonundakı partlayışların Şimali Qafqazdakı terrorçulara bağlanması da bu istiqamətdəki addımlardan biri hesab oluna bilər. Ona görə Ermənistanın Rusiyanın strateji müttəfiqi vəzifəsində qalması həyati zəruri məsələdir. Ermənistan ABŞ-ın təyin etdiyi strateji müttəfiqi vəzifəsini yerinə yetirərək SSRİ-ni dağıtdı. Uzun müddət keçməsinə baxmayaraq yeni belə bir dövlət və ya struktur yarada bilməyib. Ona görə Ermənistan həmin vəzifəsində qala-qala Rusiyanın dağılmasının başlaması prosesinin də bünövrəsini qoymalıdır.
Rusiyanın Ermənistandakı yeni səfiri İ.Volınkın etimadnaməsini S.Sərkisyana təqdim etdi. S.Sərkisyan, eləcə də ER xarici işlər naziri E.Nalbandyan Rusiyanın Ermənistan üçün strateji müttəfiq olması ilə bağlı əvvəlki difirambları təkrarladırlar. Lakin bunun üstündən 2 gün keçmiş KTMT və Avrasiya İqtisadi Birliyi sammitlərində iştirakdan prezident Sərkisyanın imtinasına zərrə qədər maneçilik törətmədi.
“Rusiya dəmiryolları” ASC-in prezidenti V.Yakunin Ermənistanda səfərdə oldu. Gümridə təmir olunmuş iki deponun açılışında iştirak etdi. İstər baş nazir T.Sərkisyan, istərsə də prezident RF-in ünvanına difirambları davam etdirdilər. Diqqət çəkən məqam orasındadır ki, həm səfir, həm də Yakuninlə bağlı hadisələr mayın sonları ərəfəsində baş verib. Görünür, Ermənistan rəhbərliyi ənənəvi diplomatiyasını tətbiq edib. Baş nazir T.Sərkisyan dəmiryolu deposunun açılışında rus dilinin inkişafından danışdı.
Rusiyanın hərbi bazasının təyyarəçiləri yay uçuşlarını bərpa etdilər. İlk uçuşları 28 mayda Respublika günü münasibətilə reallaşdırdılar. Böyük Britaniyanın şahzadəsi Çarlzın da Yerevanda olduğu vaxtda-Respublika günündə Rusiya təyyarəçiləri Ermənistan səmasında Rusiya trikolorunun obrazını yaratdılar.
V.Yakunin yanında T.Sərkisyan Vanadzor-Fioletovo, eləcə də Ermənistan-İran dəmiryolu tikintisinin gündəlikdə olduğunu bildirdi. Soçidə Andranik Ozanyanın heykəlin sökülməsi ermənilərdə ciddi narahatlıq yaradıb. Rostov-Dondakı Don ermənilərinin mədəni irsinin inkişafı fondu ləğv edildi.
Erməni mənşəli Rusiya vətəndaşı S.Kurginyan Ermənistanda mühazirələr oxudu, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmasını tənqid etdi. Kurginyana görə, Dağlıq Qarabağın, şəxsən Laçının işğalında ruslar ermənilərə yardım edib.Bişkekdə KTMT tədbiri çərçivəsində E.Nalbandyan S.Lavrovla görüşdə ER Xİ nazirinin yaydığı məlumata görə, görüş dostluq və konstruktiv atmosferdə keçib, ikitərəfli və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Zaqafqaziya regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd: Bu görüş S.Lavrovun Moskvadakı Dağlıq Qarabağla bağlı bəyanatından bir həftə sonra baş tutdu.
Rusiya Ermənistandakı hərbi bazasını ali təhsilli mütəxəssislərlə və müasir hərbi texnika ilə kompleksləşdirir. Erməni ekspertləri bundan Azərbaycanı qorxutmaq üçün istifadə edir. Məşhur A.Gegamyam il ərzində Rusiyanın Ermənistana 120 təyyarə hərbi texnika göndərdiyini bildirdi. Digər erməni siyasətçilərinin fikrincə, Rusiya Ermənistana “İsgəndər-M”, “Tornado-İ” raket kompleksləri verib.
“Nairit” AES-in fəaliyyətə başlaması üçün Ermənistan Rusiyadan 400 milyon dollar vəsait istəyir. Rusiya isə cəmi 100 milyon dollar vəsait ayırmaq niyyətindədir. Rusiya tərəfdən bu zavodla “İtera” və “Rosneft” şirkəti məşğul olmaq niyyətindədir.
“RusHidro” şirkəti Sevan-Razdan SES-in modernləşməsinə 25 milyon dollar pul ayırmaq niyyətindədir. Bu barədə müvafiq sənədlər imzalandı.
Ermənistan Rusiyanın tərkibinə daxil ola bilər. Sosial şəbəkələrdə müzakirə olunan bu məsələlərə Ermənistan XİN-i şərh verməkdən imtina etdi.
RF prezidenti V.Putinin Böyük Britaniyanın baş naziri D.Kemerona erməni konyakı bağışlaması səs-küysüz ötüşmədi. Ermənilər bunu öz brendlərinin imicinə yazmağa çalışdılar. 1945-ci ildə Stalinin Çörçilə də buna bənzər konyak hədiyyə etməsi yada salındı. Görünür, bu dünyanın yeni bölgüsünə işarədir.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) aylıq hesabatından