Quantanamo həbsxanası: Dəhşətli işgəncə metodları

Quantanamo həbsxanası: Dəhşətli işgəncə metodları
  11 İyun 2015    Oxunub:12067
Quantanamo həbs düşərgəsi məhbusunun bu yaxınlarda ortaya çıxan ifadəsi göstərir ki, MKİ müstəntiqləri artıq nəzarətdən çıxır.
Quantanamo həbs düşərgəsinin məhbusu tərəfindən verilən yeni məlumata görə, MKİ ötən il ABŞ Senatının idarənin sorğulama texnikaları ilə bağlı təqdim etdiyi hesabatda göstərildiyindən də qəddar işgəncə metodlarından istifadə edib.

Məhbus Məcid Xanın işgəncələrə məruz qalması ilə bağlı bu yaxınlarda ortaya çıxan məlumatlarda onun necə cinsi təcavüzə məruz qaldığı, günlərlə fasiləsiz dirəkdən asılı qaldığı və buz kimi su ilə doldurulmuş vannalarda az qala boğulana qədər saxlanıldığı ətraflı şəkildə təsvir olunur. Məlumatlar Məcid Xanla onun vəkilləri arasında baş tutan görüşlərdən götürülmüş və ötən həftə ABŞ hökuməti tərəfindən açıqlanmasına izn verilmiş 27 səhifəlik qeydlərdən ibarətdir. Bu məlumatları ilk yayımlayan isə “Reuters” xəbər agentliyi olub.

Qeydlərin ötən ilin sentyabrında “The Telegraph” qəzeti tərəfindən yayımlanan xəbərləri təsdiqlədiyi görünür. Belə ki, həmin xəbərdə düşərgədə yerləşdirilmiş kəşfiyyat agentinin MKİ-nin su ilə işgəncələrinin nəzarətdən çıxdığı iddiaları yer almışdı.

2003-cü ildə Kəraçidə həbs edilən və 2006-cı ildə Quantanamo həbs düşərgəsinə göndərilməzdən əvvəl MKİ-nin gizli həbsxanalarında saxlanılan Məcid Xan yeni ifadəsində 2003-cü ilin mayında sorğu zamanı su ilə işgəncəyə məruz qaldığını və az qala boğulacağını bildirib. Onun ifadəsindən çıxarış: “Gözətçi və müstəntiqlər onu vanna otağına gətiriblər. Vanna su və buzla dolu olub. Qandallanmış və başı örtülü olan Xanın əvvəlcə ayaqlarını buz kimi suyun içinə salıblar. Daha sonra üzü yuxarı şəkildə bütün bədənini suya salıblar. Müstəntiq boğulacağını görənə qədər Xanın başını zorla suyun altında saxlayıb.”

Ötən il kəşfiyyat agentlərindən biri də adını bildirmədiyi bir məhbusa qarşı tətbiq olunan işgəncə ilə bağlı oxşar məlumat vermişdi: “Onlar məhbusların başına və ya üzlərinə sarılmış parça üzərinə su tökmürdülər. Müstəntiqlər məhbusları suyun altında saxlayır və həmişə də yanlarında həkim tuturdular ki, çox irəli getmədiklərindən və məhbusun həyatda qalmasından əmin olsunlar. Bu, əsl işgəncə idi.” O, bunu da əlavə edib ki, həkimlər öldürücü vəziyyətə gətirən sorğularda da iştirak edirmişlər. Məcid Xan da bu faktı təsdiqləyir. O, kömək üçün bir həkimə yalvardığını, həkimin isə əksinə gözətçilərə onu bir 24 saat da dəmir dirəkdən asılı vəziyyətdə saxlamağı tapşırdığını deyir.

Qeydlərdə göstərilir ki, Məcid Xan 2003-cü ildə, demək olar, il boyu qaranlıqda, 2004-2006-cı illərdə isə təkadamlıq kamerada saxlanılıb. 35 yaşı olan və Merilend ştatının Baltimor şəhərində böyüyən Məcid Xan hal-hazırda 11 sentyabr hadisələrində təqsirli bilinən Xalid Şeyx Məhəmməd və digər müttəhimlərin məhkəmə işində şahidlik edir.

Məcid Xanın vəkilləri bildirirlər ki, yeni ifadə açıq şəkildə göstərir ki, ötən il Senat tərəfindən təqdim edilən, MKİ-nin etiraz etdiyi və böyük mübahisəyə səbəb olan 500 səfihəlik hesabat baş verənlərin yalnız üstünü açdı.

Məcid xanı təmsil edən hüquqşünas Uells Dikson “The Telegraph” qəzetinə verdiyi müsahibədə bildirib: “MKİ müstəntiqlərinin tamamilə nəzarətdən çıxdığı aydın görünür. Məcid Xan kimi məhbusların başına gələnlər əslində Senatın yayımladığı hesabatda göstərildiyindən daha qəddar və sadist xarakter daşıyır.”

Mərkəzi Birləşmiş Krallıqda yerləşən hüquqi xeyriyyə təşkilatı “Reprieve” bu ifadələrin MKİ tərəfindən istifadə olunan işgəncə metodları və Britaniyanın MKİ proqramında oynadığı rol haqqında həqiqətlərin ortaya çıxarılması üçün hələ çox iş görülməli olduğunu sübut etdiyini bildirib. Təşkilatın direktoru deyib: “Senatın işgəncələr haqqında hesabatı xüsusi əhəmiyyətə malik olsa da, bunlar hələ aysberqin görünən tərəfidir. Bu gün verilən ifadələr göstərir ki, hələ bir çox dəhşətli faktlar gizli qalır.”

Konstitusiya Hüquqları üzrə Mərkəz (The Center for Constitutional Rights) tərəfindən yayımlanan çıxarışların tam siyahısına əsasən:

Məcid Xan MKİ həbsxanalarında olarkən cinsi təcavüzə məruz qalıb .

MKİ iddia edir ki, Məcid Xan aclıq aksiyasına başladığına görə, onun klizma vasitəsilə “qidalandırılması” vacib idi.

Məcid Xan fasiləsiz günlərlə dirəkdən asılı qalıb.

“Müstəntiq və gözətçilər Məcid Xanı üç gün fasiləsiz taxta dirəkdən asılı vəziyyətdə saxlayıblar. Onun əlləri qandallı, özü isə çılpaq vəziyyətdə olub. Məcid Xan yalnız su ilə təmin edilib.”

Məcid Xan 2003-cü ili, demək olar, tam qaranlıqda keçirib. 2004-2006-cı illərdə isə təkadamlıq kameralarda saxlanılıb.

Xanın ailəsi də müstəntiqlər tərəfindən hədələnib:

“Onlar Xanın ailəsini, eləcə də, cavan bacısını da hədələyiblər. Xana onu təsəvvürünə belə gətirə bilməyəcyi bir yerə göndəriləcəyi deyilib.”

Məcid Xan dəfələrlə döyülüb və çəkic kimi alətlərlə hədələnib:

“Onlar bir çanta alətlə gəlir və onları Məcidin yanın qoyurdular. Çəkici çıxarıb ona göstərirdilər. Onlardan biri Məcidin başını çəkiclə əzməklə hədələyirdi. Bəzən nəfəslərindən də içki qoxusu gəlirdi.”

Xana ən dəhşətli işgəncələr verənlər arasında həkimlər də var idi:

“Xan onu müayinə etməyə gələn həkimlərdən birinə kömək etməsi üçün yalvarıb. Həkim isə qarşılığında gözətçilərə Xanı sorğu otağına qaytarıb dəmir dirəkdən asılı vəziyyətdə saxlamalarını deyib. Xan burda 24 saat asılı vəziyyətdə qalıb. Sonra isə yenidən sorğuya çəkilib və çılpaq şəkildə görüntüləri qeyd edilərkən etirafını yazmağa məcbur edilib. Nəhayət bundan sonra kamerada yerləşdirilib və o, orda günlərlə hərəkətsiz və huşsuz vəziyyətdə qalıb.”


Teqlər:





Xəbər lenti