Məqalədə 18-19 may 2015-ci il tarixlərində Bakıda Azərbaycan hökuməti tərəfindən, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ISESCO, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq şəraitində keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Şərq və Qərbin kəsişməsində yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir araya gəldiyi nadir yerlərdəndir. Həm Avropa həm də İslam təşkilatlarının üzvü olan Azərbaycan bu sivilizasiyaların dəyərlərini özündə ehtiva edir və onlar arasında körpü rolunu oynayır.
Daha sonra 2-3 dekabr 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin iclasında cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” barədə məlumat verilir.
“2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf” başlığı altında keçirilən tədbir əsasən BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu məsələlərinə həsr olunub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər.
Məqalədə, həmçinin daha öncəki Mədəniyətlərarası dialoq forumlarından bəhs olunaraq, sözügedın forumların fərd, ölkə və təşkilatları bir araya gətirən, müxtəliflik, dialoq, millətlər arasında qarşılıqlı anlaşma üçün platformaya çevrildiyi bildirilir.
Bununla yanaşı, “The Holland Times” qəzetinin sözügedən buraxılışında “Azerbaijan Celebrates National Day” başlıqlı digər məqalə yer alıb. Məqalədə 28 May - Respublika Gününün tarixi, bu günün önəmi barədə oxuculara ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində təşkil olunmuş qəbul Bakı-2015 birinci Avropa Oyunlarına həsr olunub. Tədbirdə sözügedən Oyunlarla bağlı promo videoçarxlar nümayiş etdirilib, milli mətbəxin təqdimatı baş tutub.