Maaş və pensiyalar nə vaxt artırılacaq? - TƏHLİL

Maaş və pensiyalar nə vaxt artırılacaq? - TƏHLİL
  01 İyun 2013    Oxunub:3287
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, cari ilin yanvar-aprel ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrüylə müqayisədə 6,3% artaraq 10,3 milyard manata çatıb ki, adambaşına düşən gəlir səviyyəsi orta hesabla 1108,7 manat təşkil edib. Sonuncu göstərici üzrə artım istehlak qiymətlərinin bahalaşmasını 3,5% üstələyərək 4,9 %-ə çatıb.

Göstərilən dövr ərzində gəlirlərin 69,4%-i son istehlaka, 9,3%-i vergilərə, sosial sığorta və üzvlük haqlarına, 1,8%-i kreditlər üzrə ödənişlərə, 19,5%-i isə əmanətlər ilə kapitalın artırılmasına yönəldiyindən əhalinin sərəncamında 9,3 milyard manat vəsait qalmışdır ki, bu da əvvəlki ildəkinə nisbətən 6,1% çoxdur.

Ötən şərhimizdə yazmışdıq ki, bu il sosial istiqamətdə xərclərin – maaş və pensiyaların məbləğləri artırılacaq. Bunu, Nazirlər Kabinetinin 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı da bildirdi. Bu yaxında maliyyə naziri Samir Şərifov isə vurğuladı ki, ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq, cari ildə də maaş və pensiyaların səviyyəsi artırılacaq.

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün 2013-cü ildə büdcədən maliyyələşən elm və tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, həmçinin müdafiə və hüquq mühafizə orqanlarında çalışanların, həmçinin dövlət qulluqçularının, başqa sözlə desək, 700 min nəfərin aylıq və minimum əməkhaqqlarının artırılacağı keçənildən söylənilir.

Odur ki, sual yaranır: artımlar nə vaxt həyata keçiriləcək?

Əvvəla, xatırladaq ki, ölkəmizdə maaş və pensiyaların məbləğlərinin artırılması sonuncu dəfə 2011-ci ilin II yarısında əmək pensiyalarından başlanılmaqla, həmin ilin noyabr və dekabr aylarından bir sıra sosial ödənişlər də daxil olmaqla, bir sıra büdcə təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10% yüksəldilməsi ilə edilmişdi.

Ümumiyyətlə, buna qədər 2009-cu il istisna olmaqla Azərbaycanda büdcədən ödənilən maaş və pensiya məbləğləri ötən illər ərzində demək olar, hər il artırılıb.
2008-ci ilin sentyabrında minimum əməkhaqqı və pensiya məbləğlərinin səviyyəsi 15 manat, bundan 2 il sonra - 2010-cu ilin sentyabrdan isə 10 manat artırılmaqla, dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları da orta hesabla 10% yüksəldilmişdi.

2012-ci ildə isə heç bir artım həyata keçirilmədi. Dəqiq desək, maaş və pensiyaların artırılması üçün sözügedən ilin dövlət büdcəsindən 800 milyon manat vəsait ayrılsa da bu məbləğ 2011-ci ilin II yarısından etibarən, həyata keçirilən artımların maliyyələşdirilməsinə sərf edildi.

İkincisi də ki, ölkədə dövlət başçısının sərəncamı ilə maaş və pensiyaların məbləğlərinin artırılması ötən müddət ərzində hər il məhz ilin II yarısına təsadüf edib. Belə ki, artımlar yuxarıda qeyd etdiyimiz kimi, 2008-ci ilin sentyabrında, 2010-cu ilin də eyni ayında, 2011-ci ildə isə noyabr və dekabr aylarında həyata keçirilib.

Cari ildə sözügedən məqsəd üçün 240 milyon manat sərf etmək nəzərdə tutulur ki, bəzi istiqamətlər üzrə artım ola bilsin 15-20 % təşkil etsin. İlin I yarısı başa çatmaq üzrə olduğundan, buil də sosial istiqamətdə xərclərin – maaş və pensiya məbləğlərinin artırılması II yarımildə start götürəcək. Başqa sözlə desək, cari il üçün vəd olunan artımlar da Prezidentin sərəncamları ilə növbəti 6 ay ərzində baş tutacaq.

Sual yaranır ki, bu addım nəyə görə həmişə məhz ilin II yarısında atılır?

Buna cavab olaraq, son illər ərzində sözügedən istiqamətdə həyata keçirilən artımların tempinə və vaxtına diqqət yetirsək, hökumətin çox ehtiyatla hərəkət etdiyini görərik ki, bu da Azərbaycanda vətəndaşların maaş və pensiyalarını artırmaq üçün hər cür imkanın olmasına rəğmən, sosial sahədə heç vaxt yaxın məqsəd güdülmədiyini və ölkədə sözügedən istiqamətdə daima düşünülmüş və mərhələli siyasət icra edildiyini sübut edir.

Ona görə ki, maaş və pensiyalar artırılarkən uzaq perspektiv əsas götürülür. Və bu zaman, başlıca məqsəd ölkədə qeyd olunan prosesdə ardıcıllığa və dayanqlığa nail olmaq hesab edilir.

Maliyyə naziri Samir Şərifovun cari ildə maaş və pensiyaların artırılacağını anons etdiyi zaman verdiyi açıqlama da bunu bir daha sübut edir. Belə ki, nazir qeyd etmişdir ki, maaş və pensiyaların artırılması barədə qərar dövlət büdcəsinin icrasının müəyyən anı ilə sıx əlaqədə baş verməklə, ilin müəyyən vaxtında qəbul edilir. Və o, diqqəti buna yönəldib ki, 2012-ci ildə ölkədə inflyasiya əgər, praktik olaraq sıfır səviyyədə yekunlaşmasaydı maaş və pensiyalar bu il əslində, artırılmaya bilərdi. Ancaq qeyd etdiyimiz kimi, yaxın aylarda buna start veriləcək...



Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti