Sarkisyan çıxılmaz vəziyyətdə - TƏHLİL

Sarkisyan çıxılmaz vəziyyətdə - TƏHLİL
  31 May 2013    Oxunub:1710
Postsovet məkanında Rusiya ilə xüsusi yaxınlığı ilə seçilən və Moskva ilə inteqrasiyanı simvolizə edən bütün tədbirlərdə birincilər siyahısında olan Ermənistan nədənsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT ) və Avrasiya İqtisadi Birliyinin bu günlərdə keçirilən sammitlərində prezident səviyyəsində təmsil olunmadı.

KTMT hərbi-siyasi bloku və dövlətlərarası iqtisadi əməkdaşlığı nəzərdə tutan Avrasiya İqtisadi Birliyi Putin tərəfindən yaradılmış və Moskvanın postsovet ölkələrini müxtəlif üsullarla öz ətrafında birləşməsini nəzərdə tutan qurumlardır. Təbii ki, hər iki qurumu effektiv əməkdaşlıq təşkilatı kimi xarakterizə etmək olmaz. Bu təşkilatlar daha çox üzv ölkələrin Rusiyaya loyallığını nümayiş etdirmək vasitəsidir. Vladimir Putin prezident seçkilərindən sonra inaqurasiya mərasimində çıxışı zamanı xarici siyasi prioritetləri arasında post-sovet ölkələri ilə inteqrasiyanın xüsusi çəkisi olacağını vurğulamışdı. KTMT və Avrasiya İqtisadi Birliyinin bu inteqrasiyanın həyata keçirmək üçün yaradılan instusional alətlər olduğunu nəzərə alarsaq, o zaman Putinin qeyd olunan təşkilatlar çərçivəsində tədbirlərə böyük əhəmiyyət verdiyini anlamaq çətin deyil.

Ermənistan prezidenti Serj Sarkisyanın KTMT-nın Bişkekdə keçirilən sammitinə və Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən konfransına qatılmaması ciddi mərkəzdənqaçma olayıdır və Putinə olan etirazın nümyiş etdirilməsidir.

Ermənistanın Moskvadan incik düşməsinin əsas səbəbi Rusiyadan ixrac olunan təbii qazın qiymətinin artırılması ola bilər. Sarkisiyan dəfələrlə çıxışları zamanı, qazın və silahın satış qiymətləri aşağı səviyyədə qaldığı müddətdə ölkəsinin Rusiya ilə əməkdaşlığına sadiq qalacağını vurğulayıb. Qazın qiymətlərinin məhz prezident seçkilərindən sonra artırılması onsuzda çətinliklə prezident kürsüsündə qalmağa müvəffəq olmuş Sarkisyanın vəziyyətini daha da pisləşdirir.

Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevanı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanı qane edən prinsiplər əsasına həllinə dəvət etməsi Sarkisyan üçün növbəti gözlənilməz zərbə olub.

Yaranan mənzərə onu göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana təzyiq göstərir və qazın qiymətlərinin artırılması da əslində təzyiq vasitələrindən biridir.

Məsələdə maraq doğuran cəhətlərdən biri isə, Ukrayna prezidenti Viktor Yanukoviçin Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusuna qoşulmağa razılıq verməsidir. Belə çıxır ki, Amerika, Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən razılaşma əldə olunub. Bu razılaşmaya əsasən Rusiya münaqişənin həllində Ermənistana təzyiq göstərməyi öz üzərinə götürür, əvəzində isə Moskva Suriyada tənzimləmə prosesinə qoşulmaqla yanaşı Ukrayna da Avrasiya İqtisadi Birliyinə qoşulur.

Xatırlamaq yerinə düşər ki, keçən il, dekabrın 12-də prezident Yanukoviç gözlənilmədən bir neçə saatlıq Bakıya səfər etmişdi. Növbəti gün yəni dekabrın 13-də Yanukoviç Moskvaya səfər etməli və ölkəsinin Gömrük İttifaqına qoşulması ilə bağlı müqaviləyə imza atmalı idi. Lakin bu baş vermədi və Yanukoviçin Moskva səfəri təxirə salındı. Sonradan məlum oldu ki, Rusiya Ukraynaya boru kəmərlərinin aşağı qiymətə satışından imtina etmiş və Kiyevə bildirmişdi ki, ucuz qiymətə Rusiya məhsullarının almaq üçün Gömrük İttifaqına qoşulmalıdır. Azərbaycan həmin məqamda Ukraynaya lazımi köməyi göstərdi və Kiyevin Gömrük İttifaqına qoşulmasına imkan vermədi. Artıq Ukraynanın Avrasiya İqtisadi Birliyinə üzv olmağa razılıq bildirməsi Bakı ilə Moskva arasında ortaq məxrəçin tapılmasından xəbər verir.

Sarkisyan üçün isə çıxılmaz vəziyyət yaranır. Belə ki, Serj Sarkisyan Rusiyanın təzyiqləri qarşısında Dağlıq Qarabağ məsələsində geri çəkilməsi onun və komandasının hakimiyyətlə vidalaşması anlamına gəlir. Sarkisyan Ermənistanda hakimiyyətə gəlmiş “Qarabağ” klanının nümayəndəsidir və torpaqların qaytarılması onların öz prinsiplərinə qarşı çıxması deməkdir. Sarkisyan anlayır ki, bu plana imza atması mənsub olduğu klan tərəfindən məhv edilməsi deməkdir.

Digər tərəfdən Rusiyaya qarşı çıxması da Sarkisyanın hakimiyyətlə vidalaşması anlamına gələ bilər. Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirmək üçün xüsusi xidmət orqanlarinin təsiri ilə ictimai narazılıqların yaranmasını təhrik etməkdən tutmuş, hərbi qüvvələri vasitəsilə çevriliş etməyə kimi kifayət qədər vasitələri mövcuddur.

Sarkisyanın son addımları göstərir ki, o Rusiya ilə konfrantasiyaya getmək fikrindədir. Buna görə Moskvanın Sarkisyanı əvəzləyəcək kadr axtarışına çıxması labüddür. Ancaq hazırkı əsas müxalif qüvvələrin rəhbəri və Amerikanın adamı kimi qiymətləndirilən Raffi Ovanisyana Kreml tam olaraq güvənə bilməz. Odur ki, belə olan halda Rusiyaya yaxınlığı ilə seçilən iş adamı və siyasətçi Qaqik Çarukyanın Ovanisyanla əməkdaşlığı mümkündür. Yayılan məlumatlara görə, Ovanisyan Çarukyana ikincinin rəhbərliyi altında qüvvələrin birləşməyini təklif edib.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti