`Avtoş`lar tutuldu – VİDEO
Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla fərdi söhbət aparıb. Həbs olunan sürücülər arasında sürücülük vəsiqəsi olmayan sürücülərə də rast gəlinib.
Onlardan biri - Şirvan şəhər sakini, 25 yaşlı Ruslan Fərzəliyev bildirib ki, 5 ildən artıqdır avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, Şirvan-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olduğunu da deyib.
V.Əsədov bildirib ki, həbs olunanlardan 4-ü avtoxuliqanlığa, 4-ü polisin əmrinə tabe olmamağa, 5 nəfər avtomobili sərxoş idarə etdiyinə görə tutulub. DYP əməkdaşlarının "Saxla" əmrinə tabe olmayan daha 7 nəfərin isə axtarışları davam etdirilir.
V.Əsədov əlavə edib ki, bu kimi görüşlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub: "Bu tədbirlər DYP əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. Məqsəd isə paytaxt sakinlərinin təhlükəsizliyini və hər bir yol hərəkəti iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir".
Qeyd edək ki, saxlanılan 13 nəfərə məhkəmə qərarı ilə 15 gündən 30 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.
Azvision.az