Avropa oyundan kənarda qalmaq istəmir – TƏHLİL

Avropa oyundan kənarda qalmaq istəmir – TƏHLİL
  30 May 2013    Oxunub:3190
Son dövrlər Rusiya ilə Amerikanın mövqelərinin yaxınlaşması tərəflər arasında Suriya problemilə bağlı mühüm razılığın əldə olunması ilə nəticələndi. Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin razılaşmasına əsasən, Suriyadakı münaqişənin tənzimlənməsi məqsədilə Cenevrə konfransının keçirilməsi qərara alındı. Budəfəki konfransın əvvəlkilərdən fərqi ondan ibarət olacaq ki, tədbirdə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı kimi çıxış edən ölkələrlə yanaşı, Suriyadakı mövcud iqtidarın tərəfdarı olan ölkələrin nümayəndələri də iştirak edəcək.

Belə bir razılığın əldə olunması Moskva üçün xüsusi önəm daşıyır. Belə ki, Rusiyanın Amerika tərəfindən tənzimləmə prosesinə cəlb olunması Moskvanın itməkdə olan beynəlxalq təsir gücünün bərpa olunması görüntüsü yaradır və Yaxın Şərqdəki mövqelərini gücləndirməyə imkan verir. Rusiyanın isə bunun müqabilində Amerika ilə Orta Asiya və Qafqaz regionunda ortaq məxrəcə gələcəyi ehtimal olunur. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun onları qane etmətiyini bildirməsi və Moskvanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağ problemini Helsinki yekun aktına əsasən həllinin tərəfdarı olduğunu bəyan etməsi qeyd olunan ortaq məxrəcin bir hissəsi kimi qiymətləndirilə bilər. Münaqişə tarixində ilk dəfə olaraq Rusiya ilə Amerika problemlə bağlı vahid mövqedən çıxış etdilər.

Lakin, Avropa İttifaqı Şurasının Suriyaya silah satışına qadağa qoyan sanksiyanın vaxtını uzatmaması məsələ ətrafında əldə olunmuş razılığı pozdu və Cenevrə konfransının baş tutmasını sual altında qoydu. Belə ki, Avropa Birliyi ölkələri Suriyaya qarşı tətbiq olunan bütün digər sanksiyaları qüvvədə saxlasalar da, silah satışına qadağa qoyan sanksiyanı qüvvədə saxlamadılar. Beləliklə iyunun 1-dən etibarən Avropa ölkələri Suriyaya silah sata bilərlər. AB məsələ ilə bağlı qəbul etdiyi sənəddə açıq şəkildə bəyan edir ki, silahın müxalifətçi qüvvələrə satışına icazə verilir. Suriya inqilabçılarına silah satışında daha çox maraqlı olan dövlətlər isə Fransa və Britaniyadır.

Təbii ki, Rusiya avropalıların bu qərarına sərt reaksiya verdi və Suriya ilə öz arasında olan müqaviləyə əsasən bu ölkəyə C-300 zenit raket komplekslərini satmaq niyyətində olduğunu bildirdi. Gözlənildiyi kimi, Amerika bu bəyanatdan narahatçılığını dərhal dilə gətirdi və Rusiyanın bu addımının səhv olduğunu bildirdi. Kreml C-300 kartını göstərməklə əslində elə Vaşinqtonun reaksiya bildirməsinə nail olmaq və bununla avropalılara təsir göstərməyə çalışırdı.

Söhbət ondan gedir ki, Avropa Yaxın Şərq və Qafqazla bağlı Rusiya ilə Amerikanın razılıq əldə etməsinə qısqanclıqla yanaşır və özünün oyundan kənar vəziyyətə düşməsini istəmir. Suriya artıq münbit silah bazarına çevrilib və hələ də iqtisadi böhrandan çıxa bilməyən Fransa və Britaniya silah satışından əldə ediləcək gəlirdən imtina etmək fikrində deyillər. Eyni zamnda Fransa ilə Britaniya Yaxın Şərqi özlərinin tarixi müstəmləkələri hesab etdikləri üçün bu iddialarında geri çəkilmirlər.

Digər tərəfdən Rusiya ilə Amerikanın razılığı və Türkiyənin birbaşa vasitəçiliyilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanı oyundan kənar vəziyyətə salır. Buna görə Fransa özünün birbaşa iştirakı olmayan və sadəcə formal razılığı tələb olunan sülh sazişinin bağlanmasının əleyhinədir. Avropa Qafqaz regionunun da Yaxın Şərq kimi Rusiya ilə Amerikanın nüfuz dairələri arasında bölünməsini istəmir.

Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti