“Bir gün Cırtdan internetdə qızla tanış olur...” - MÜSAHIBƏ, FOTOSESSİYA

“Bir gün Cırtdan internetdə qızla tanış olur...”  - MÜSAHIBƏ, FOTOSESSİYA
  29 May 2013    Oxunub:6966
Azərbaycanda ilk 3D filmin yaradıcıları bunu necə etdiklərini AzVision.az-a danışırlar
Hər birimiz uşaqlıqdan cizgi filmlərinə baxmağı sevirik. Amma müasir dövrdə həm böyüklər, həm də uşaqlar yeni stildə filmlərə üstünlük verirlər. Bir qayda olaraq bu 3D, 4D, 5D, 6D və hətta 7D formatında animasiya filmləridir.
Azvision.Az sizi Azərbaycanda 3D formatında ilk animasiya filmi yaradıcılarıyla tanış edir. Onlar "3Dost" prodakşnının yaradıcıları rejissor-animator Rəşad Əfəndiyev və Yusif Qabilovdur.


- Prodakşnı necə qurmusuz?
- Hər şey ondan başlandı ki, biz artıq narahat olurduq. Bizə elə gəlirdi ki, vaxt gedir və biz öz gələcəyimiz üçün heç nə etməmişik. O zaman mən böyük reklam agentliyində, Yusif isə ən yaxşı memarlıq şirkətlərindən birində işləyirdi. Biz tez-tez görüşüb, gələcəklə bağlı planları müzakirə edirdik (artıq 15 ildir ki, yaxın dostuq) və bir anda düşündük ki, hələ ki gəncik, enerjimiz var, öz işimizi açmağı yoxlamalıyıq. Əgər indi başlamasaq, artıq heç vaxt başlamayacağıq.

- Mən bildiyim qədər, siz iqtisadi təhsil almısınız. Bəs nə üçün məhz animator olmağa qərar verdiniz?
- Bəli, təhsilimiz iqtisadiyyat üzrədir, amma ruhən biz yaradıcı insanlarıq. Universitetdə 4 kurs ərzində birlikdə otururduq, mən partalarda şəkil çəkirdim, dostum isə şeirlər yazırdı. Düşünürəm ki, məktəbdən sonra mən hələ ali məktəbə daxil olmaq haqqında düzgün qərar qəbul etməyə hazır deyildim. Hazırda biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ikinci təhsil almaq istəyirik.

- Yerli multiplikasiya tarixində 3D formatında ilk filmi məhz siz hazırlamısınız. Film haqqında danışın.
- Qısa olaraq danışım.Cırtdanın boyu balacadır və bu, onu çox narahat edir. O, internetdə qızla tanış olur. Öz fotosunu göndərmək təklifindən son dərəcə narahatlıq keçirir və bir sıra təşəbbüslər edir. Bunu isə onun dostu, tutuquşu Qaqa müşahidə edir. Şəkillərlə uğursuzluqlardan sonra Qaqa ona üstündə ildə yalnız bir alma yetişən sehrli ağacdan danışır. Ancaq bu alma sadə alma deyil – o, istənilən arzunu yerinə yetirə, istənilən xəstəlikdən sağalda bilər. Amma hər şey heç də asan deyil, almanı Təpəgöz və hiyləgər qarğa qoruyurlar. Cırtdan necə olursa-olsun, bu almanı tapmağa qərar verir. Beləcə, Cırtdan və dostu Qaqanın macəraları başlanır.

- Hamının tanıdığı "Cırtdan"ın yeni versiyasın çəkmək kimin ideyası idi?
- İdeyanı bizə Mədəniyyət və Turizm Nazirliyində Muşviq Hətəmov verdi. Hazırda o, kinostudiyanın direktoru vəzifəsini tutur. O, bir çoxlarına kömək edib. Bir çox gənc istedadlı insanlar indi onun sayəsində kinoda işləyirlər.

- Hazırda yeni 3D animasiya filmi hazırlayırsınız?
- Bəli, biz ssenari üzərində işləməyə başlamışıq. Ssenarini Yusif Şeyxov yazır. Yeni ssenari daha rəngarəng və parlaq olacaq, yeni personajlar var, filmin müddəti isə 14 dəqiqəyə qədər artıb. Hazırda ssenari artıq tamamilə təsdiq edilib, layihənin maliyyə hissəsi həll edilir.

- Necə düşünürsünüz, əvvəlki filmin uğuru olacaq bu dəfə də?
- Biz ümid edirik ki, bu layihə öz layiqli yerini tapacaq və ekranlara çıxacaq. Həmçinin beynəlxalq festivallarda layiqli yer tutacaq .

- Əgər seçiminiz olsa, hansı dünya şirkətləriylə əməkdaşlıq etmək istərdiz?
- “Animakordom”la əməkdaşlıq etməyə başlamaq istəyərdik. Bu, məşhur “Maşa və Ayı” cizgi filmini hazırlamış Rusiya şirkətidir. Düşünürəm ki, bizim bu şirkətlə eyni xüsusiyyətlərimiz çoxdur və onlarla dil tapmaq çətin olmaz. Amma əgər dünya titanlarıyla əməkdaşlıq etmək imkanı olsaydı, “Pixar” və “Dream Works”ə biz dəqiq imtina etməzdik.

- Azərbaycanda 3D animasiyanı bir neçə ildən sonra necə görürsünüz? Necə düşünürsünüz, irəliləmə olacaq?
- Bu suala cavab vermək çətindir, amma biz bu sahədə dövlətin dəstəyinə çox ümid edirik. Axı multiplikasiya uşağın həm düşüncələrini, həm də psixologiyası formalaşdırır, uşaqlar isə bizim gələcəyimizdir. Bizim nəsilimiz hörməti, dostluğu, təmizliyi, cəmiyyətdə mədəniyyəti öyrədən sovet multiplikasiya filmləri ilə böyüyüb. Təəssüf ki, indi bunlar çatmır. Həmçinin istiyərdik ki, bu layihə ilə yalnız Mədəniyyət və Turizm nazirliyinin dövlət qulluqçuları deyil, həm də dövlətimizin yüksək vəzifəli insanları da maraqlansınlar.

Leyla Murad
Foto: Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti