Hamilə qadınlara qeysəriyyə xəbərdarlığı

Hamilə qadınlara qeysəriyyə xəbərdarlığı
  15 Aprel 2015    Oxunub:2689
Son illər qadınların qeysəriyyə əməliyyatı vasitəsilə doğması hallarının sayı xeyli artıb. Bəzən belə cərrahi müdaxiləyə qətiyyən ehtiyac olmur və bu əməliyyatlar qadınların, uşaqların sağlamlığı ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.
Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, bu nəticə Dünya Səhiyyə Təşkilatının (DST) yeni tədqiqatında yer alır. Ekspertlər bildirirlər ki, təbii doğum ananın, yaxud körpənin həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda qeysəriyyə əməliyyatı zəruri hesab edilir. Qeysəriyyə əməliyyatlarının bütün doğumların 10-15 faizini təşkil etməsi ideal göstərici hesab olunur.

Yeni tədqiqatların nəticələri göstərir ki, qeysəriyyə əməliyyatları 10 faizədək olduqda anaların və neonatal ölüm göstəriciləri azalır. Lakin bu rəqəm 10 faizdən çox olduqda həmin göstərici dəyişmir.

Dünya Səhiyyə Təşkilatının reproduktiv sağlamlıq və elmi tədqiqatlar departamentinin direktoru Marlin Temmerman hesab edir ki, “bu nəticələr anaların və yeni doğulan körpələrin həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatının çox əhəmiyyətli olduğunu təsdiqləyir, həmçinin göstərir ki, sadəcə hər hansı konkret göstəricilərə can atmaq deyil, zərurət yarandıqda qadınların qeysəriyyə yolu ilə əməliyyat olunmasını təmin etmək lazımdır”.

DST-də qeyd edirlər ki, zərurət olmadıqda qeysəriyyə əməliyyatına əl atmaq resursların itirilməsinə, yüklənmiş və zəif səhiyyə sistemlərinin işinin səmərəliyinə təsir göstərə bilər. Bundan başqa, cərrahi müdaxilə bəzən qadınların və uşaqların sağlamlığı və həyatı üçün ciddi nəticələr verə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti