Türkiyə terrorunun arxasında kimlər durur?
Həftə başlar-başlamaz Türkiyə qarışdı. Ən son 2006-cı ildə Alparslan Arslanın Danıştay basqınından sonra ilk dəfə Ədliyyə Sarayına basqın edildi və prokuror Mehmet Selim Kiraz öncə əsir alındı. “Dövlətin cinayətkarları qoruması mümkün deyil. Biz də günahkarların tapılmasını istəyirik” deyərək, ələvi Berkin Elvanın ölümündə günahı olanları tapmaq istəyən prokuror o uşağı öldürənləri tapmaq istədiyini iddia edənlər tərəfindən öldürüldü.
Ardınca iqtidar partiyasının İstanbulun Kartal bölgəsində yerləşən şöbəsinə hücum edildi. Bu hadisənin necə sonuclanacağı düşünülürkən, İstanbul Polis Təşkilatına bombalı hücum həyata keçirildi. Bütün terror fəaliyyətlərinin qarşısı alınsa da, bunun son olmayacağı görünməkdədir.
DHKP-C-nin ziqzaqlı yolları...
Öncəliklə, Türkiyədə belə çox tanınmayan DHKP-C-yə toxunaq. Avropa və Amerikanın terror siyahısında olan bu qurumun liderlərinin əksəriyyəti elə qərb dövlətlərində yaşamaqdadırlar. Almaniya, Yunanıstan, İtaliya, Belçika və Hollandiyada yaşayan DHKP-C liderlərindən Hüseyn Fevzi Tekin ötən il Yunanıstanda həbs olunmuşdu. Bundan başqa terror təşkilatının Suriya və Livanda döyüş düşərgələri mövcuddur.
1972-ci ildə əsgərlərlə silahlı qarşıdurmada öldürülən marksist Mahir Çayanın davamçısı olan DHKP-C-lilər Dursun Karataş liderliyində 1994-cü ildən partiya olaraq fəaliyyətini davam etdirmişdir. Örgütün bu günə qədərki bütün sui-qəsd və terror fəaliyyətləri sensasiyalı olub. Ancaq ələvi Berkin Elvan üçün prokuror öldürən DHKP-C həm də ələvi Qazi Məhəlləsinin yandırılaraq, ələvilərə qarşı böyük terror fəaliyyətinə də imza atıblar. Yəni, örgütün fəaliyyəti hər zaman sensasiyalı olmaqla bərabər olduqca ziddiyyətlidir. Daha çox “taşeron” adlanan, yəni istənilən üçüncü qüvvənin planlarının icraçısı olması ilə tanınmaqdadır. Dünyadakı bir çox terror təşkilatları normalda bunu prinsip olaraq qəbul etməsələr də, DHKP-C üçün bu kompleks yoxdur. Dünən ələvini öldürər, bu gün isə ələvi üçün öldürər...
DHPK-C nə üçün ortaya çıxdı?
Əslində Türkiyə üçün bu kimi terror olayları gözlənilən idi. Çünki Türkiyə yenidən “qızıl ittifaq” qurmağa yaxın idi və Mursidən sonra özünə çox güclü müttəfiq-Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdulazizi tapmışdı. Bəli! Əslində Yəmən yeni “sünni (oxu: ixvan) ittifaqı”nın ilk məşqi idi. Mursidən sonra Qətərdə baş verən parlament dəyişikliyi ilə pozulan Türkiyə-Qətər-Misir sünni üçlüyü daha güclü bir alternativ ilə bölgədə meydana çıxırdı.
Elə bu zamana qədər İrana yaxın olmaqla suçlanan, buna rəğmən “İran mənim ikinci evimdir” deməkdən çəkinməyən Ərdoğanın “İranın İŞİD-in boşaldığı yerlərə girməsinə izn verə bilmərik” sözlərinin ardında da həmin ittifaq dayanırdı. Qısacası, Ərdoğan son illərdə ilk dəfə Kral Salmanın simasında özünün müttəfiqini tapmışdı. Yəmən də bu ittifaqın elanı oldu. Bu ittifaqa cavab isə İstanbuldan gəldi. Dünənə qədər ortalarda görünməyən DHKP-C meydana çıxdı və Türkiyə qarışdı. Qısacası, Yəmənə atılan bomba Türkiyədə partladı.
Bəzən olayları oxumaq üçün kənardan baxmaqda fayda var. Türkiyə 2013-cü ildə Beynəlxalq Valyuta Fonduna borcunu ödədiyini elan etdi. Ərdoğan dünyadakı para mərkəzlərindən asılılığı aradan qaldırmağa çalışdıqlarını vurğuladı. Ardınca nə baş verdi? Öncə Reyhanlıda böyük partlayış oldu. Davamında Gəzi hadisələri baş verdi. Və bu gün bəlli olur ki, Gəzi Parkında nümayişçilərə göz yaşardıcı qazla hücum edənlər, Berkin Elvanları qətl edənlər polisin içindəki bir qrup olub. Həmin qrupun kimliyini müəyyənləşdirməyə ən yaxın olan prokuror öldürüldü...
Türkiyəni kim qarışdırmaq istəyər?
İlk ağıla gələn Türkiyə iqtidarının müxalifi olan Paralellərdir. Fəqət onlar da eyni ilə DHKP-C kimi “taşeron”dur. Yəni, Gəzi Parkında solçu qruplara, 17-25 dekabrda onlara verilən vəzifə hazırda DHKP-C-yə verilib.
Burada daha böyük güclərin savaşından söhbət gedir. Hazırda Türkiyənin yenidən “qızıl üçlük”ü diriltmək istəyinə qarşı olan İran, İsrail və ABŞ-dakı neoconların maraqları birləşib. Elə baş nazirin müavini Bülent Arıncın aylar sonra İsrail telekanalına müsahibə verərək, Netanyahuya “göz qırpması” da Türkiyənin durumun fərqində olduğunu və vəziyyətdən çıxış yollarını aradığını göstərir.
İrana gəlincə, Türkiyədə ABŞ-dan sonra ciddi təşkilatlanmış durumdadır. Təxmin edilənin əksinə onların buradakı əsas dayağı ələvilər deyil. Güclü İran lobbisinin görünən simaları arasında Nurəddin Şirin, Mustafa İslamoğlu, Kenan Çamurcu kimi isimlər ön plana çıxır. Bu şəxslərdən Nurəddin Şirin Azərbaycan əleyhinə İstanbulda keçirilən aksiyaların əsas təşkilatçısıdır.
Və unudulmamalıdır ki, “qızıl üçlük”dən narahat olan sadəcə bu üç dövlət də deyil. Türkiyənin yenidən, həm də Misirdən dəfələrlə güclü müttəfiq olan Səudiyyə Ərəbistanı ilə birlikdə meydana çıxmasından Avropa da narahatdır. Bu səbəbdən liderləri əsasən Yunanıstan və Almaniyada yaşayan DHKP-C-nin “xortlaması”nda bu faktor da nəzərdən qaçmamalıdır.
Qısacası, XX əsrdə müharibələr bəlli bölgələrdə yaşansa da, XXI yüz ildə savaşların sərhədi anlayışı ortadan qalxıb.
Türkiyəyə gəlincə, baş verənlər sadəcə jurnaldır. Təəssüf ki, daha ciddi sınaqlar və olaylar qarşıdadır və 7 iyun parlament seçkiləri sadəcə bir mərhələdir...