Rusiyanın Azərbaycana hərbi müdaxiləsi riski varmı? - TƏHLİL

Rusiyanın Azərbaycana hərbi müdaxiləsi riski varmı? - TƏHLİL
  02 Aprel 2015    Oxunub:2848
Rusiya prezidenti Vladimir Putin 24 oktyabr 2007-ci ildə etdiyi tarixi Münhen çıxışında dünya siyasətinin Amerika başda olmaqla birqütblülüyünə etiraz etdiyini və Moskvanın bundan sonra müstəqil xarici siyasət yürüdəcəyini vurğulamışdı. Putin ilk dəfə olaraq NATO-nun Şərqə doğru irəliləməsinə açıq etiraz etdi və “ayının öz yuvasına yaxınlaşan təhlükədən özünü qoruyacağını” bildirdi.

Söhbət Rusiyanın özündən və Rusiya ilə digər xarici dövlətlər arasında bufer rolunu oynayan MDB ölkələrindən gedirdi. Kreml açıq şəkildə bəyan etdi ki, Qərbin Rusiyanın sərhədi boyunca postsovet respublikalarında hərbi qüvvələrini yerləşdirməsinə imkan verməyəcək.

Həmin dövrdə Qərb liderləri Putinin bəyanatlarına kifayət qədər əhəmiyyət vermədilər. Çünki Moskvanın nəinki Qərbə, hətta tabeliyində olmuş keçmiş sovet respublikalarına hansısa iqtisadi-siyasi təzyiq vasitəsi qalmamışdı. Rusiyanın birbaşa hərbi müdaxiləyə əl atacağını isə heç kim proqnozlaşdırmırdı. Ancaq bu, baş verdi və 2008-ci ildə Rusiya Gürcüstana açıq hərbi müdaxilə etdi.

Həmin dövrdə Rusiya prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlar aparılırdı. D.Medvedyev bəyanatlarının birində Gürcüstan hadisələrindən digər respublikaların da nəticə çıxarmalı olduğunu söyləmişdi.

Məhz həmin dövrdən etibarən Rusiyanın hərbi müdaxilə edəcəyi ehtimal olunan ölkələr sırasında Azərbaycanın da adı çəkilməyə başladı. Ukrayna hadisələrindən sonra isə Rusiya birbaşa olmasa da, dolayı yolla Ukraynaya qoşun yeritdi, nəticədə, Krım ilhaq olundu, Donetsk və Luqansk kimi qondarma respublikalar yaradıldı.

Rusiyanın Qərblə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycana qarşı hərbi müdaxilə etməsi ehtimalları barədə proqnozlar da artmağa başladı. Belə ehtimalları irəli sürənlərdən biri də məşhur amerikalı politoloq Zbiqnev Bjezinskidir. O, hesab edir ki, Rusiyanın aqressiv siyasəti Ukrayna ilə bitməyəcək və sonrakı mərhələdə Baltikyanı ölkələr, Gürcüstan, Moldova və Azərbaycan da təhlükə ilə üzləşə bilərlər.

Amerika Senatının bu günlərdə qəbul etdiyi qanun layihəsi isə ABŞ prezidentinə Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmə sərbəstliyi verməklə yanaşı, Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan Amerika ilə birbaşa hərbi tərəfdaşlıq təmin edir. Politoloq Rasim Musabəyov ABŞ-Azərbaycan hərbi əməkdaşlığının genişlənməsini müsbət qiymətləndirsə də bu əməkdaşlığın riskli olduğunu da gizlətmir. Söhbət ondan gedir ki, əməkdaşlığın səviyyəsi Moskvanı qıcıqlandıra bilər və belə olan halda Moskvanın proqnozlaşdırılmayan addım atması riski mövcuddur.

Beləlikllə sual yaranır: Rusiyanın Azərbaycana hərbi müdaxilə etmək ehtimalı nə dərəcədə realdır və belə bir hal baş verərsə, ölkəmiz özünü müdafiə üçün hansı yollara əl atacaq?

Bakı-Tbilisi-Ceyhan lahiyəsi Azərbaycana imkan verdi ki, Rusiyanın iqtisadi təsir dairəsindən çıxsın. Bunun ardınca reallaşmaqda olan Bakı-Tbilisi-Qars və TANAP layihələri Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, regionun söz sahibinə çevirir. Məhz bu layihələrdə iştirakı hesabına Gürcüstan Rusiyadan iqtisadi asılılığını aradan qaldırdı. Orta Asiya ölkələrinin TANAP-a qoşulma perspektivi isə bu regionun da Moskvanın nəzarətindən çıxacağından xəbər verir. Üstəgəl, hazırkı məqamda TANAP Rusiyanın müəllifi olduğu və Türkiyə ərazisindan Avropaya çəkmək istədiyi “Mavi axın” layihəsinin əsas rəqibidir.

Rusiyanın Azərbaycana qarşı qəzəbli mövqe nümayiş etdirməsinə səbəb olacaq əsas amil qeyd olunan iqtisadi faktordur. Buna baxmayaraq, Azərbaycan Rusiya ilə kifayət qədər mehriban münasibətləri qoruyub saxlaya bilir. Bunu aşağıdakı faktorlar təmin edir:

1) Azərbaycan Rusiyaya sübut edir ki, bizneslə münasibətləri qarışdırmır. Yəni Bakının hansısa iqtisadi layihəyə qoşulması sırf ölkə üçün gəlir məqsədi güdür və Rusiya ilə münasibətlərinə heç bir təsiri yoxdur. Gürcüstandan fərqli olaraq Azərbaycan özünün iqtisadi müstəqilliyindən ürəklənib Rusiyaya hədə-qorxu gəlmir.

2) Azərbaycan daxılində Ukrayna və Gürcüstanda olduğu kimi anti-rus təbliğatının aparılmasının qarşısının alınması. Azərbaycan xaricdən maliyyələşən bəzi QHT-lərin fəaliyyətini məhdudlaşdırmaqla bir tərəfdən dövlətçilik əleyhinə olan müəyyən riskləri aradan qaldırırmaqla yanaşı Rusiyaya Amerikanın təsirində olmadığını nümayiş etdirir.

3) Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu və diasporaya rəsmi Bakının təsir imkanları. Məsələn prezident seçkiləri ərəfəsində Azərbaycan diasporunun birmənalı şəkildə Putini dəstəkləməsi əhəmiyyətli jestdir.

4) Azərbaycanın siyasi rəhbərliyinin Rusiyanın siyasi elitasının ayrı-ayrı üzvləri ilə şəxsi xoş münasibətlərinin mövcudluğu.

5) Ayrı-ayrı mədəni-kütləvi, iqtisadi, ictimai tədbirlərlə Rusiya ictimai rəyində Azərbaycanın müsbət imicinin formalaşdırılması. Müasir dövrdə ictimai rəyin xarici siyasətdə oynadığı rol danılmazdır.

6) Dağlıq Qarabağ münaqişəsinin baş verməsində və həll olunmamasında Rusiyanın birbaşa ittiham edilməməsi

7) Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlığının digər ölkələrlə nisbətdə daha yüksək olması. Yəni əgər Azərbaycan ABŞ-la hərbi əməkdaşlığı dərinləşdirsə belə günan ki, bu əməkdaşlıq Rusiya ilə olan hərbi əməkdaşlıq həddini keçməyəcək.

Qeyd olunan səbəblər göstərir ki, Rusiyanın Azərbaycana hərbi müdaxilə etməsi ehtimalı inandırıcı deyil. Hətta Rusiyanın hərbi müdaxilə edəcəyi postsovet respublikaları siyahısında Azərbaycan sonuncu yerdə olduğunu da əminliklə söyləmək olar.

Bununla belə, Kreml Azərbaycanı hərbi yolla ram etmək qərarına gələrsə, Ukrayna və Gürcüstan hadisələri göstərir ki, Kreml öz məqsədini reallaşdırmaq üçün birbaşa deyil, dolayı hərbi müdaxilədən istifadə edəcək. Bunun üçün Rusiyanın iki yolu var - Ermənistan vasitəsilə münaqişənin tənzimlənməsi bəhanəsi və yaxud Dağıstandan ləzgilərin hüquqlarının qorunması bəhanələri irəli sürülməklə.

Lakin hansısa bəhanənin irəli sürülməsi hərbi müdaxilənin mahiyyətini dəyişmir və Rusiya bu reallıqları nəzərə almalı olacaq. Eyni zamanda Azərbaycana hərbi müdaxilənin onunçün yaratdığı riskləri Moskva əvvəlcədən göz önünə almalıdır. Risklər nədən ibarətdir:

1) Azərbaycanın hərbi potensialının kifayət qədər güclü olması və Rusiyaya layiqli cavab verməsi imkanlarının mövcudluğu.

2) İranın bu məsələdə Rusiyanı dəstəkləməməsi. Çünki İran TANAP layihəsinə qoşulmaqla iqtisadi vəziyyətini bərpa etmək istəyir və Azərbaycana qarşı hərbi müdaxilə Tehranın iqtisadi planlarına ziddir. Odur ki, Moskvanın Tehranla onsuz da pisləşmiş münasibətləri daha da pisləşəcək.

3) Türkiyə faktoru. Ankara birbaşa hərbi müdaxilə etməklə yanaşı digər təsir vasitələrini işə sala bilər. Məsələn, Türkiyənin azacıq dəstəyi ilə, Krımda tatarlar anti-Rusiya üsyanına qalxa və bu üsyan zəncirvari effeklə Rusiyanın tərkibindəki Tatarıstanda da narazılıqların baş qaldırmasına səbəb ola bilər. Türkiyə “Mavi axın” həmçinin Rusiya ilə birgə həyata keçirdiyi digər çoxmilyardlı layihələri dondura bilər.

4) Rusiyanın Gömrük İttifaqındakı əsas tərəfdaşı olan Qazaxıstanın etirazı labüddür. Bu isə Moskvanın çətinliklə başa gətirdiyi Gömrük İttifaqının dağılması deməkdir.

5) Pakistan faktoru da mühüm rol oynayır. Pakistanla Azərbaycanın dərin münasibətləri ehtiyat edilməli səbəbdir. Nüvə silahına malik olan Pakistanın hərbi müdaxiləsi mümkündür. Bunu Pakistanın Səudiyyə Ərəbistanı ilə birlikdə anti-Yəmən koalisiyasında yer alması da sübut edir.

6) Avropanın enerji maraqlarına ciddi zərbə olduğu üçün Amerika başda olmaqla bütün qərb dövlətlərinin kəskin reaksiyası və hətta müxtəlif yollarla müdaxilələrin baş verməsi ehtimalı.

7) Rusiyanın daxilində qalxa biləcək narazılıq. Müsəlman həmrəyliyi faktoru və s.

Aydın olur ki, Azərbaycana hərbi müdaxilə müqabilində Moskva faktiki heç nə qazanmayacaq. Odur ki, Rusiyanın hücum planını reallaşdırması inandırıcı deyil.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti