İkinci `ərəb baharı`: Yəməni kimlər qarışdırır

İkinci `ərəb baharı`: Yəməni kimlər qarışdırır
  29 Mart 2015    Oxunub:11871
Tofiq Əsgərov

(1-ci yazı)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Küveyt, Bəhreyn, Qətər, İordaniya, Pakistan və Misir hərbi hava qüvvələrindən ibarət koalisiya Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib. Əməliyyatlar qiyamçı Husidlərin hərbi obyektlərinə aviozərbələr endirilməklə başlayıb. Lakin yaxın zamanlarda koalisiya qüvvələrinin Yəməndə yerüstü əməliyyatlara başlayacağı istisna olunmur.


Amerika ərəb koalisiyasının hücumlarını dəstəkləyir və hərbi əməliyyatların aparılması üçün kəşfiyyat məlumatlarının verilməsilə köməklik göstərəcək. Koalisiya qüvvələri rəsmi olaraq hücumun səbəbini hakimiyyətdən kənarlaşdırılmış prezident Əbd Rəbbu Mənsur Hadinin qanuni hakimiyyətini bərqərar etmək olduğunu bildirirlər. Bir çox ekspertlər iddia edir ki, qiyamçı Husidləri İran dəstəkləyir və şiələrin Yəməndə hakimiyyətinin bərqərar olmasına çalışır.

Əslində nə baş verir və Səudiyyə Ərəbistanının qonşusu Yəmənə hücun etməsi və Yaxın Şərqdə növbəti münaqişə ocağını yaratmaqda məqsədi nədir?

Yəmən Ərəbistan yarımadasının cənubunda birbaşa Ədən körfəzi və Ərəbistan dənizinə çıxışı olan, eyni zamanda qərbdə Avropa ilə Asiya arasında dəniz yolunun əsasını təşkil edən Bab-əl-Məndəb boğazı və Qırmızı dənizlə həmsərhəddir. Şimalda isə Səudiyyə Ərəbistanı ilə qonşudur.

Yəmənin neft və qaz ehtiyatları olsa da, neft ehtiyatları tükəndiyindən, qaz ehtiyatlarını isə lazımı səviyyədə hasil edə bilmədiyinə görə bu ölkə faydalı qazıntılar hesabına zənginləşə bilməyib və ərəb ölkələri arasında ən kasıb dövlətdir. Yəmənin 25 milyon etnik ərəblərdən ibarət əhalisinin 52 faizi sünni, 46 faizi isə şiə-zeydilərdir. Lakin İran və İraqdakı şiələrdən fərqli olaraq, Yəmən şiələri daha sülhsevərdilər və sünnilərə qarşı bir o qədər radikal mövqedə dayanmırlar.

Yəmən şiələri VIII əsrdə burada yaşamış və xilafətə qarşı üsyan qaldırmış Zeyd ibn Əlinin davamçıları hesab olunurlar. Buna görə Yəmən şiələri özlərini `zeydilər` adlanır və on iki imamın yenidən dünyaya qayıdacağına inanırlar.

Qiyam qaldırmış Husidlər isə adlarını 1994-cü ildə “Ənsər Allah” təşkilatını yaratmış və mərkəzi hakimiyyətə qarşı üsyan qaldırmış Hüseyn əl-Husinin adından götürürlər. Hüseyn əl-Hüsi 2004-cü ildə hökumət qüvvələri tərəfindən məhv edilmişdi.

Bunu əminliklə söyləmək olar ki, Yəmən hadisələrinin mərkəzində vahid ölkənin yarnmasından bu yana onun dəyişməz prezidenti olmuş və 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başlamış məlum “Ərəb baharı” nəticəsində hakimiyyətdən devrilmiş Əli Abdulla Saleh dayanır.

Şiələrin yaşadığı Şimali Yəmən 1918-ci ildə Osmanlı İmperiyasının tərkibindən çıxaraq müstəqillik əldə etmiş, cənubi Yəmən isə 1967-ci ilə kimi Britaniyanın protektoratında qalmışdır. Müstəqillik əldə etmiş Şimali yəməndə monarxiya tərəfdarları ilə respublikaçılar arasında mübarizə başlamış və 1962-ci ildə respublikaçılar qələbə qazanmışlar. Respublikaçılar tərəfində mübarizə aparan hərbçi-komandan Əli Abdullah Saleh yeni yaranmış Şimali Yəmən Respublikasında baş qərargah rəisinin müavini vəzifəsinə təyin olunur, 1978-ci ildə prezident Əhməd Hüseyn Haşiminin qətlindən sonra isə prezident kürsüsünə yiyələnə bilir. Bundan sonra uzun illər şimali və cənubi Yəmən arasında münaqişələr baş verib lakin Əli Abdullah Saleh 1990-cı ildə iki Yəmənin birləşməsinə nail olur və vahid Yəmənin prezidenti seçilir. Saleh həmin dövrdən 2012-ci ilin mart ayına qədər Yəmənin dəyişməz prezidenti olub. “Ərəb baharı”ndan sonra hakimiyyətdən könüllü şəkildə gedən Salehin yerinə alternativsiz namizəd kimi vitse-prezident, sünni Əbd Rəbbuh Mənsur Hadi irəli sürülür və növbədənkənar seçkilərdə qələbə qazanaraq prezident olur. Qarışıqlıqlar da məhz bundan sonra başlayır.

Belə bir sual yarana bilr ki, Yəmənin zəngin neft-qaz yataqlarına malik olmamasına baxmayaraq nəyə görə bu ölkənin nəzarətə götürülməsi Səudiyyə Ərəbistanı üçün bu qədər əhəmiyyətlidir?

Söhbət Yəmənin coğrafi mövqeyi və Səudiyyə Ərəbistanının strateji enerji marşrutlarına nəzarət etmək istəyi ilə bağlıdır. Mahiyyət etibarilə Səudiyyə Ərəbistanı hər nə qədər zəngin enerji resurslarına malik olsa da, onların ixrac edilməsi üçün digər ölkələr və regional qüvvələrdən asılıdır. “Ərəb baharı” baş verənə qədər faktik olaraq ərəblərin dünya bazarına bütün çıxış nöqtələri nə qədər qəribə səslənsə də, məhz İranın nəzarətində olub. Quru yolla neft və qazın Aralıq dənizinə çıxarılması Suriya və Livan ərazisindən keçir. Məlumdur ki, Livanı qeyri-rəsmi olaraq İranın yaratdığı “Hizbullah” təşkilatı, Suriyanı isə şiə və İranla tərəfdaş Bəşər Əsəd irarə edir. Səudiyyə Ərəbistanı şərqdən okena tankerlərini göndərmək üçün Hörmüz boğazından istifadə etməlidir ki, bu boğaz birbaşa İranın nəzarətindədir və ərəb tankerləri boğazdakı adalarda yerləşdirilmiş İran hərbiçilərinin müşayəti altında hərəkət etmək məcburiyyətindədirlər. Ərəbistan yarımadasının qərbində isə Yəmən yeləşir və Bab-əl--Məndəb boğazına nəzarət edir.

(İkinci yazını BURADAN oxuya bilərsiniz)


Teqlər:  





Xəbər lenti