“Milli Məclisdə ağsaqqal olmalıdır...” – Müsahibə

“Milli Məclisdə ağsaqqal olmalıdır...” – Müsahibə
  02 Mart 2015    Oxunub:4354
“Özümü parlamentin ən fəal deputatlarından hesab edirəm”
AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin 9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən deputatı Rafael Cəbrayılovdur.

Millət vəkili AzVision.az -a müsahibəsində indiyədək gördüyü işlərdən, deputat həmkarlarının fəaliyyətindən, söz açıb, bir sıra maraqlı məqamlara toxunub.

- Rafael müəllim, bildiyimiz kimi qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu il sizin də deputat fəaliyyətiniz başa çatacaq. İlk öncə geridə qalan 5 ilə nəzər salmaq istərdik. Deputat fəaliyyətinizi necə qiymətləndirirsiniz? Seçicilərinizin etimadını doğrulda bildinizmi?

-Əvvəla onu deyim ki, parlamentin 4-cü çağırışı çox məhsuldar olub. Bilirsiz ki, 2009-cu ilin mart ayının 18-də Respublika konstitusiyasına referendumla əlavə və dəyişikliklər edildi. Bu, kifayət qədər fundamental dəyişikliklər idi. Onların demək olar ki, hamısı insan hüquqları baxımından demokratiyanın daha da inkişafı üçün çox gərəkli dəyişikliklərdir. Konstitusiyada olan dəyişikliklərin sözsüz ki, ayrı-ayrı qanunlarda, məcəllələrdə əksini tapması məsələsi çox vacibdir.Əks təqdirdə qanunvericilikdə ziddiyyətlərin, boşluqların yaranmasına gətirib çıxa bilərdi. Bu baxımdan parlament bu çağırış dövründə çox vacib dəyişikliklər etdi. Çoxlu sayda qanunlar qəbul olundu.

Bundan başqa Azərbaycan iqtisadiyyatı və insanları üçün mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul olundu. Bunların arasında Şəhərsalma və Tikinti Məcəlləsini göstərmək olar. Həmçinin Miqrasiya Məcəlləsini qeyd etmək istərdim. Bundan əlavə Azərbaycanın sığorta sistemində yeni “İcbari sığortalar haqqında” qanun qəbul olundu ki, bu da çox mühüm bir addım idi. Bu baxımdan parlamentin dördüncü çağırışını çox məhsuldar hesab edirəm.

Parlamentdə deputatın ən əsas vəzifəsi qanunların qəbul olunması ilə bağlıdır. Bu istiqamətdə çoxlu sayda layihələrim var. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində bir başa layihəm əsasında qəbul olunan maddələr var.

-Bəs, seçicilərinizin problemləri ilə necə...

-Bir millət vəkili kimi, əlimdən gələni edirəm ki, seçicilərimin bu və ya digər problemləri, adi məişət problemləri, gündəlik həyatı ilə bağlı problemləri həll olunsun. Bu baxımdan deyərdim ki, bəxtim gətirib. Bilirsiniz ki, son üç ildir ki, seçildiyim Binəqədi rayonunda icra başçısı dəyişib. Ölkə başçısının sərəncamına əsasən Xaləddin İsgəndərov Binəqədiyə icra başçısı təyin olunub. Bu gün Binəqədidə gedən quruculuq, abadlıq işləri tam məsuliyyətlə deyirəm ki, Respublikanın heç bir rayonunda getmir.
Elə vaxt olub ki, təxminən 700-dən artıq yerdə paralel olaraq iş görülüb. Demək olar ki, Binəqədinin siması dəyişib. Binəqədi rayonunda çox böyük dəyişikliklər gedib. Bu baxımdan mənim yüküm azalıb.

Bir növ rayon icra hakimiyyətinin başçısı artıq mənə müraciət olunan bu problemlərlə özü məşğul olduğuna görə, demək olar ki, son ildə bu müraciətlərin sayı azalıb. Bundan başqa Binəqədinin özünün spesifik problemləri də var. Bunlar sovet dönəmindən yığılıb qalmış, əvvəlki rəhbərliklərin dövründə həll edilməyən problemlərdir. Əsas problem qanunsuz tikililərlə bağlıdır. Mindən artıq məhkəmə qərarı var ki, bu qərarlara əsasən həmin fərdi yaşayış evləri sökülməlidir. Bunları faktiki olaraq icra etmək mümkün deyil. Çünki bu insanlar bir vaxt 90-cı illər, bəlkə də ondan qabaqki illərin rəhbərlərin günahı ucbatından bu evləri tikiblər. Həmin insanlar xərc çəkiblər. Amma qanunun tələbi rəhbər tutularaq məhkəmə tərəfindən evlərin sökülməsi barədə qərar verilib, amma onları faktiki olaraq icra etmək mümkün deyil. Amma bu problemlər bu gün həll olunur.

Qeyd edim ki, problemli evlər yüksək gərginlikli elektrik xətlərinin, magistral qaz boru kəmərlərinin, habelə neft şirkətinin kontraktla neft-kəşfiyyat işləri aparmaq üçün ayrılmış ərzilərində tikilib. Onların arasında sovet dönəmində tikilənlər də var.

-Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

-Müraciətlər əsasən qanunsuz tikintilər, su, qaz, abadlıq problemləri idi. İndi bu problemlər çoxu uğurla həll olunur. Binəqədi Bakı şəhərində yeganə rayondur ki, sakinlər 24 saat öz şikayətləri ilə bağlı müraciət edə bilərlər. İnsanlar evdən çıxmadan elektron formada müraciət edə bilərlər. Müraciətlərə dərhal baxılır, həlli istiqamətində lazımı addımlar atılır. Bir sözlə əvvəlki illlərlə müqayisədə seçicilərin şikayətləri xeyli azalıb.

Buna baxmayaraq, deməzdim ki, hazırda Binəqədidə heç bir problem yoxdur. Əgər yaşayış varsa, insanların mövcudluğu varsa, problemlər həmişə olacaq. Amma bu gün Binəqədidə problemlərin həll olunma əmsalı daha yüksəkdir.

-Milli Məclisin dördüncü çağırışının daha məhsuldar olduğunu hesab edirsiniz. İndiyədək hansı qanunvericilik təşəbbüsləriniz olub?

-Çoxlu sayda qanunvericilik təşəbbüslərim var. Sərbəst toplaşmaq haqqında qanun layihəsini xüsusi qeyd etmək istərdim. Bundan başqa Cinayət və İnzibati Xətalar Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna olunan dəyişikliklər, Cinayət Məcəlləsində ictimai işlər cəzasının eyni zamanda İnzibati Xətalar Məcəlləsinə keçirilməsi layihəsini vermişəm. Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı Cinayət Məcəlləsinin 200-1 maddəsi, İnzibati Xətalar Məcəlləsinin isə 68-4 maddəsi qanunvericilik təşəbbüsü hüququmdan istifadə etməklə verdiyimi layihə əsasında qəbul olunub. Bundan başqa qeyd edə bilərəm ki, çoxlusayda layihənin müəllifiyəm.

-Rafael müəllim, Milli Məclisdə ara-sıra çıxışlar edirsiniz. Amma bəzi həmkarlarınız demək olar ki, hər iclasda çıxışa yazılırlar. Onlara münasibətiniz necədir?

- Özümü parlamentin ən fəal deputatlarından hesab edirəm. Amma əfsuslar olsun ki, elə insanlar var ki, bütün məsələlərdən danışır. Bu tək parlamentə aid deyil. İnsan bütün sahələr üzrə mütəxəssis ola bilməz. İnsan konkret bir neçə sahənin mütəxəssisi ola bilər və o sahədən elə bir söz deyə bilər ki, ona diqqətlə qulaq assınlar. Özüm peşəkar hüquqşünasam. Hüquq fakültəsini bitirəndən sonra iki iş yerim olub. 20 il 5 ay prokurorluq orqanlarında çalışmışam. Mən yalnız hüquqla işləmişəm. Bütün çıxışlarım qanunla və siyasətlə bağlıdır.

Tutaq ki, kənd təsərrüfatı haqqında danışa bilmərəm. Hüquqdan, qanundan, hüquq siyasətindən danışa bilərəm. Bir sözlə, özümü hüquqla bağlı sahənin mütəxəsssisi hesab edirəm.

Parlamentdə danışmaq xatirinə danışmaq lazım deyil. Mütəxəssis olaraq çıxış etmək lazımdır. Televiziya kanallarına da yalnız hüquqla bağlı və ictimai-siyasi verilişlərə gedirəm. Başqa bir mövzu ilə bağlı olan verilişlərə getmirəm.

-Bəs, bu ilki seçkilərdə yenidən namizədliyinizi verəcəksinizmi?

-Düzü bu barədə heç düşünməmişəm. Hazırda elmlər doktoru dissertasiyam üzərində işləyirəm. Ona görə təxminən 15 gündən sonra 2 kitabım dərc olunacaq. İki ildir hüquqla bağlı kitablar yazırdım. Onlarda biri “Azərbaycan Respublikasında hüquq islahatları”, o biri isə “Sərbəst toplaşmaq azadlığı”dır. Ölkəmizdə bu adda kitablar yox idi. Azərbaycan müstəqillik qazanandan indiyədək ölkəmizdə hüquq siyasəti necə aparılıb, bu kitabda qeyd etmişəm. Daha çox bu işlərə başım qarışıb. İşlərimizi bitirdikdən sonra namizədliyim haqda düşünəcəm.

-Rafael müəllim, tez-tez belə fikirlər səslənir ki, Milli Məclis üzvlərinin çoxunu yaşlı nəslin nümayəndələri təşkil edir. Sizcə, parlamentdə gəncləşmə siyasəti aparmaq lazımdırmı?

-Dünya parlamentlərinə nəzər yetirsək, görərik ki, orada yaşlı deputatlar çoxluq təşkil edir. Parlamenti gəncləşdirməni bir siyasət olaraq qarşıya qoymağı düzgün hesab etmirəm. Hüquq mühafizə orqanları olan DİN, Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi və s. bu kimi qurumlarda tamamilə gəncləşdirilməsinin tərəfdarıyam. Amma parlament qanun yaza bilən bir orqandır. Burada ağsaqqal sözünün olması vacibdir. Düşünürəm ki, parlamentdə ağsaqqalların olması parlamenti mənəvi baxımdan zinətləndirən bir haldır. Ağsaqqal sözünün tarixən bizim mentalitetdə özünəməxsus yeri var. Bəlkə də kimsə səhhətinə görə və s. səbəbə namizədliyini irəli sürməyəcək. Amma deməzdim ki, Azərbaycan parlamenti qocadır. Bu “qüsuru” bizim parlamentdə görmürəm.

-Hazırda parlamentdə gənc deputatların sayı sizcə, yetərlidirmi? Bundan əlavə onların fəaliyyətindən razısınızmı?

-Parlamentdə kifayət qədər gənc deputatlarımız var. Amma yenə də gənclərin parlamentdə gəlməsi yaxşı olardı.

Hesab edirəm ki, parlametdə olmaq üçün hüquqi təfəkkür olmalıdır. Bunu da bəzən təcrübədə qazanmaq olmur. Bütün dünyada peşəkar parlamentarilərin yetişdirilməsi prosesi gedir. Parlamentə əsasən peşəkar qanun yazan insanlar cəlb olunur. Belə desək, həmin insanların ixtisası, peşəsi qanun yazmaqdır. Burada yaşın elə bir önəmi yoxdur. Milli Məclisdə elə həmkarlarım var ki, onları özümə ağsaqqal hesab edirəm. Düşünürəm ki, onlar parlamentdə olmalıdırlar.

-Bəzi həmkarlarınız deputat fəaliyyəti ilə yanaşı şəxsi bizneslə də məşğul olurlar. Mətbuatda sizin də haqqınızda belə məlumatlar yayılır. Bilmək istədik sizin necə şəxsi biznesiniz varmı, yoxsa sadəcə deputat maaşı ilə dolanırsınız?

-Etiraf edim ki, heç bir biznesim yoxdur. Deputat qohumlarından, əhatəsindən, dostlarından və əzizlərindən təcrid olunmuş bir insan deyil. Nə edə bilərəm ki, iki qardaşım bizneslə məşğuldur. Çox bacarıqlı, savadlı qardaşlarım var. Biri hüquq sahəsi üzrə təhsil alıb, digəri isə ilahiyyatla məşğul olur. Hər iki qardaşım böyük bizneslə məşğuldur. İndi çoxları onların fəaliyyətini adıma çıxarırlar. Bunun adıma çıxarılması isə xoş niyyətdən irəli gəlmir. Əfsuslar olsun ki, qardaşlarımın bizneslə məşğul olmasını qəribə bir ironiya ilə deyirlər. Başqa ölkələrdə bunu çox fəxrlə deyirlər. Fəxrlə deyə bilərəm ki, qardaşlarım bizneslə məşğuldurlar və onlar Azərbaycanın dövlət büdcəsinə kifayət qədər vergi ödəyirlər.

Tamamilə o fikrinizlə bölüşürəm ki, dövlət qulluqçularının, deputatların, fəaliyyəti ayrı-ayrı qanunlarla tənzimlənən dövlət qulluqçularının polis, prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, məhkəmə, Vergilər Nazirliyi, Müdafiə Nazirliyi, Ombudsmanın bütün bunların konstitusiya və onların fəaliyyətini tənzimləyən qanunlara görə, onlar elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa, haqqı ödənilən heç bir kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər. Ayrı-ayrı ölkələri çıxmaq şərti ilə dünya təcrübəsində də bu belədir.

Hətta bir neçə il əvvəl parlamentə belə bir qanun layihəsi müzakirəyə çıxmışdı ki, biznes fəaliyyəti ilə məşğul olan nəyin ki, deputatlar, ümumiyyətlə biznes fəaliyyəti qadağan olan dövlət qulluqçuları barəsində cinayət işi başlanılsın. Bunun üçün iki ilə qədər azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdu. O zaman bir çoxları və mən də onun əleyhinə çıxış etdim. Bu gün də həmin fikirdəyəm. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları bunu düzgün anlamadılar. Axı, bu insan biznes fəaliyyəti ilə məşğul olursa, azadlıqdan iki il məhrum etmək nə deməkdir? Bu insan bizneslə məşğul olub neyləyib ki? O, hər hansı bir emal sahəsi yaradıb, yeni iş yerləri açıb və bir neçə adamı işlə təmin edib.

Qanunvericilik deyir ki, həmin şəxsi seçim qarşısında qoyursan. Ya fəaliyyətin davam etdirsin, ya da bizneslə məşğul olsun. Bu məsələ qanunvericilikdə çox dəqiq tənzimlənib. İnsan qalır dilemma qarşısında. Əgər bizneslə məşğul olacaqsa, buna müvafiq qaydada intizam komissiyası baxacaq, təqdimat verəcək və mandatı ləğv olunacaq. Bunu bəziləri mənfi şəkildə yazırlar.

Ümumiyyətlə nəzəri baxımdan o fikirdəyəm ki, cəmiyyət vahid bir orqanizmdir. Ola bilməz ki, cəmiyyətin bir tərəfi əla işləsin, digər tərəfi bərbad vəziyyəti olsun. Bu mümkün deyil. Vahid orqanizmdə hər tərəf eyni işləyir. Yəni biz yaxşı işləyirik, onlar pis işləyir deyil. Çünki vahid cəmiyyətdir. Hər kəs öz fəaliyyətində qarşılıqlı əlaqədədir, üzvü bağlılıq var.

-Millət vəkili olaraq jurnalistlərlə aranız necədir?

-Jurnalistlərlə münasibətim normaldır. Jurnalistika ilə bağlı “Diffamasiya haqqında” qanun xatırlayırsınızsa, bu məsələ gündəmdə idi. Etiraf edim ki, mən bu qanun layihəsinin əleyhinəyəm. Bu qanunun olub-olmaması Azərbaycan jurnalistikasının demokratik yolla inkişaf etməsinə, öz peşə fəaliyyətini həyata keçirməsinə mane olmur. Bu qanunun qəbul olunmasını o insanlar istəyir ki, onlar jurnalistikada delitantdırlar, ümumiyyətlə jurnalistikanın nə olduğunu anlamırlar. Bu şəkildə məsələni qoymaq düzgün deyil. Bununla açıq şəkildə kimisə söyüş söymək, təhqir etmək istəyirlər.

Hər il jurnalist təşkilatları tərəfindən ən azı 2 mükafat alıram. Jurnalistlərə hər zaman açığam və bunu xidməti vəzifəm hesab edirəm. Bəzi məsul vəzifə tutan insanlar var ki, jurnalistə etikadan kənar söz deyirlər. Tamamilə bunun əleyhinəyəm. Heç bir vəzifə kiminsə şəxsi vəzifəsi deyil. Jurnalistə informasiya vermək vəzifəli şəxslərin borcudur.

-Yəqin ki, özünüzdə bilirsiniz ki, parlamentdə yaxın dostluq münasibətində olan həmkarlarınız da var. Sizin deputat dostlarınız varmı?

- Milli Məclisdə demək olar ki, dostlarım çoxdur. Fəzail İbrahimlini universitetin Hüquq fakültəsinə daxil olduğum gündən tanıyıram. Bir məqamı sizə qeyd edim ki, təhsil almaq üçün Bakıya rayondan gəlmişdim. O zaman Bakıda qalmağa yerim yox idi və Fəzail müəllim qalmaq üçün mənə öz evində yer verdi. İndiyədək ona minnətdaram. Bu gündə ona öz müəllimim kimi baxıram. Onunla dostlumuz bu gün də davam edir. Rüstəm Xəlilovla da həmçinin dostam. Hüquq fakültəsini bitirəndən sonra Sabirabad rayon Prokurorluğunun baş müstəntiqi kimi ora təyinat almışdım. Rüstəm Xəlilov o zaman Sabirabadda komsomolun birinci katibi idi. Biz gənclik dostlarıyıq. Həmçinin Ülvi Quliyevlə uzun illərin dostuyuq. Adını çəkə bilmədiyim dostlarım çoxdur.

Əmək fəaliyyətimin 13-14 ilini Bakı şəhərində Respublika Prokurorluğunda işləmişəm. Bu baxımdan çoxları ilə bir çox məsələlərdə üz-üzə gəlmişik.

- Rafael müəllim son olaraq manatın devalvasiyası ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Manatın dünyanın ən dəyərli pul vahidlərindən biri kimi qalmasının özü qeyri-real bir şey deyil. Bunu gözləyirdim, çünki ölkə başçısı bunu rəsmi şəkildə demişdi. Pulun alıcılıq qabiliyyətinin saxlanması dövlətə müəyyən bir vəsaitə başa gəlirdi. Bu gizlin deyildi və elan olunmuşdu. Əsasən məni narahat edən bu gün əhalinin aztəminatlı hissəsidir. Hansı ki, bu insanların sosial müdafiəyə daha çox ehtiyacı var. Sosial baxımdan daha həssas təbəqədir ki, onların mənafeyləri çox zərbəyə məruz qalmasın deyə süni qiymət artımının qarşısı alınmalıdır. Əsasən ərzaq məhsullarının bahalaşmasının qarşısı alınmalıdır. Əmək haqqları məsələsinə baxılmalıdır. İstənilən cəmiyyətin ortadan aşağı təbəqəsi adətən çoxluq təşkil edir. Bu da cəmiyyətin əsasını təşkil edən təbəqədir. O insanlardan alınan vergi hesabına biz əmək haqqı alırıq. Dünyanın hər yerində belədir. O təbəqəni hökmən iqtisadi zərbələrdən qorumaq lazımdır. Düşünürəm ki, dövlət süni qiymət artımın qarşısını almaq üçün çevik işlər görməlidir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti