Ermənistanda siyasi böhran güclənir - TƏHLİL

Ermənistanda siyasi böhran güclənir - TƏHLİL
  17 Fevral 2015    Oxunub:2603
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarırının müzakirə edilməsi məqsədilə Azərbaycana gəliblər. Azərbaycanda danışıqlar başa çatdıqdan sonra həmsədrlər əvvəlcə Yerevana, sonra isə Dağlıq Qarabağ ərazisinə səfər edəcəklər.

Son dövrlər münaqişə zonasında gərginliyin artması ilə bağlı vasitəçi dövlətlərin nümayəndələri dəfələrlə narahatçılıqlarını biruzə verən bəyanatlarla çıxış ediblər. Xarici işlər naziri E.Məmmədyarovun həmsədrlərin gəlişi öncəsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə bağlı narahatçılıqlarını ifadə etməkdənsə, Ermənistanı Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmağa məcbur etməli olduqlarını xatırlatması aparılacaq danışıqlarda rəsmi Bakının hansı mövqedə dayanacağına açıq işarədir.

Ümumiyyətlə, həm vasitəçilərin, həm də Ermənistan tərəfinin son vaxtlar narahatçılıq keçirmələrinə ciddi əsasları var. Hətta hər iki tərəf yaranmış vəziyyətlə bağlı qorxuya düşüb desək yanılmarıq. Məsələ təkcə atəşkəsin pozulması ilə bağlı deyil.

Söhbət ondan gedir ki, Ermənistanda siyasi vəziyyət kifayət qədər gərginləşib və faktik olaraq Yerevandakı hakim klan daxilində parçalanma baş verib. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, Ermənistanın ən zəngin adamı hesab olunan Qaqik Çarukyan ölkə ictimayyətini prezident Serj Sarkisyanı istefaya göndərmək üçün mitinqlərə səsləyib.

Hakim partiyaya kifayət qədər loyal olan, hətta hakimiyyətin bir hissəsi hesab edilən, Milli Təhlükəsizlik Şurasının üzvü, Milli Olimpiya Komitəsinin rəhbəri və hamisi, ölkənin bir nömrəli oliqarxı Çarukyanın müxalifətə keçməsi Sarkisyan üçün ciddi siqnaldır. Sarkisyan Çarukyanın bəyanatlarına cavab olaraq öz çıxışında onu təhqir edərək, “axmaq” adlandırıb, Təhlükəsizlik Şurasından kənarlaşdırıb və baş nazirə göstəriş verib ki, onun `xeyriyyəçilik` adı ilə vergidən yayınması ilə bağlı sahibi olduğu şirkətlərdə müvafiq orqanlar yoxlamalar aparsın.

Başqa sözlə desək, prezident Qaqik Çarukyana qarşı tətbiq edə biləcəyi bütün `rıçaq`ların hamısını birdən işə salıb. Çarukyan isə prezidentin ona müharibə elan etdiyini söyləyib və növbəti dəfə əhalini Sarkisyanı hakimiyyətdən devirməyə çağırıb. Artıq Çarukyanın Ermənistanın əsas müxalif liderləri olan Levon Ter-Petrosyan və Raffi Ovanesyan arasında danışıqlar başlayıb.

Erməni ailəsini qətlə yetirən rus əsgəri Permyakovun Ermənistana verilməməsi, hakimiyyətin yeni islahatlar keçirmək niyyəti, Rusiyadakı iqtisadi vəziyyətlə əlaqədar Ermənistan əhalisinin sosial vəziyyətinin daha da ağırlaşması və nəhayət cəbhə xəttində qətlə yetirilən erməni hərbçilərinin meyidlərinin artması ölkə ictimayyətində mövcud hakimiyyətə qarşı ciddi narazılıq yaradıb. Belə vəziyyətdə Qaqik Çarukyan müxalif düşərgəyə keçməklə çox uğurlu addım atıb və Çarukyanla Ter-Petrosyanın və Ovenasiyanın öz qüvvələrini birləşdirməsi Sarkisyan hakimiyyətinin sonunun başlanğıcı olduğunu deməyə əsas verir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Çarukyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdaşı hesab olunur və eyni komandanın üzvüdürlər. Koçaryan isə hazırda Rusiyanın AFK “Sistema” şirkətininin direktorudur və Kremlin ehtiyat kadrları skamyasında fəxri yerə malikdir.

Çarukyanın prezidentə qarşı çıxması o anlama gəlir ki, Robert Koçaryan Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrinə düşüb. Bu məsələnin Moskva ilə razılaşdırılıb-razılaşdırılmadığı sual altındandadır, ancaq Koçaryanın Kremlin icazəsi olmadan bu tip qərarlar qəbul etməsi inandırıcı deyil. Demək artıq nə Rusiya, nə də Qərb Sarkisyanı dəstəkləmir.

Ermənistanda Sarkisyan rejiminin devrilməsi və hakimiyyətə Koçaryan, yaxud Çarukyanın gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri baxımından nə vəd etdiyini söyləmək tezdir. Lakin yaranmış vəziyyətdə həmsədrlərin və Sarkisyanın narahatçılığına səbəb olan məqam ondan ibarətdir ki, prezident müxalifətə müqavimət göstərsin, dinc yolla hakimiyyətdən getmək istəməsin və ölkədə qarşıdurma yaransın. Bu fonda artıq Ermənistanla güc və hədə diliylə danışan, işğal olunmuş ərazilərinin boşaldılmasını daha qətiyyətli tələb edən, münaqişə zonasında hərbi gücünü nümayiş etdirməkdən çəkinməyən Azərbaycan isə Ermənistanda yarana biləcək daxili qarşudurmadan istifadə edərək qəfil hücuma keçsin.

Ermənistanın hakim Respublikaçı Partiyasının nümayəndəsi Arutunyan bildirib ki, hakimiyyət çevrilişi olsa, `Ukrayna ssenarisi` reallaşa bilər. Bu bəyanat əslində onu sübut edir ki, Sarkisyan xoşluqla hakimiyyəti təhvil vermək fikrində deyil və müxalif qüvvələrlə qarşıdurma qaçılmazdır.

Təbii ki, həmsədrlər bunu anlayır və Avropa sərhədində növbəti münaqişə ocağının yaranmaması üçün Ermənistanda hakimiyyət dəyişikliyinin daha ağrısız həyata keçməsini istəyirlər. Bunun üçün onlar Azərbaycandan vaxt udmağa çalışacaq və müəyyən “konstruktiv” təkliflər irəli sürmələri mümkündür. Əslində Sarkisyan Azərbaycan tərəfdən sığortalanmaq üçün hansısa təklifləri qəbul etməlidir. Əks halda, öz hakimiyyəti və dövləti üçün gözlənilməz nəticələrlə üzləşə bilər.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti