Kəlbəcər girovlarının `məhkəməsi` niyə Xocalı faciəsi gününə salındı? – ŞƏRH

Kəlbəcər girovlarının `məhkəməsi` niyə Xocalı faciəsi gününə salındı? – ŞƏRH
  12 Fevral 2015    Oxunub:5394
Erməni separatçılarının qondarma “məhkəmə”si Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərovun apellyasiya şikayətinə fevralın 26-da baxacaq. Yəni Xocalı soyqırımı günü. Niyə?

Bu, erməni tərəfinin vicdansız və hiyləgər bir gedişidir. Və onunla bir neçə məqsəd güdülür:

1) Fevralın 26-da adətən Azərbaycanın bütün media arsenalı diqqətini Xocalı faciəsinin təbliği üzərində cəmləşdirir. İndi isə diqqət həm də Kəlbəcər girovlarının `məhkəməsinə` yönələcəyi üçün, Xocalı təbliğatının intensivliyi zəifləyəcək.

2) Erməni tərəf bütün media imkanlarını işə salıb, qondarma `məhkəmə`də deyilənlərə əsaslanaraq, girovların qatil olmasını car çəkib, bunu Xocalıda etdikləri vəhşiliklərə əks arqument kimi ortaya atacaqlar. Beləcə, məqsədli şəkildə həyata keçirilmiş kütləvi qırğını adi məişət cinayəti ilə neytrallaşdırmağa çalışacaqlar.

3) Bu addım azərbaycanlıların hisslərilə oynamağa hesablanıb.

İki ölkə arasında çox sərt və amansız şəkildə, açıq-aşkar informasiya savaşı gedir. Ermənilər bu savaşda çox vicdansız metodlara əl atırlar. İzləyəndə görmək çətin deyil ki, erməni mediası və digər təbliğat vasitələri (bloqqerlər, sosial şəbəkə istifadəçiləri və s. ) mərkəzləşmiş və istiqamətli şəkildə işləyirlər. Azərbaycana qarşı ideoloji tezislər hazırlanır, sonra da bütün kanallarla yayılır.

Belə vəziyyətdə Azərbaycanın bütün təbliğat resursları bir araya gəlməli və ermənilərin informasiya-ideoloji hücumlarını izləyərək, cavab verməlidir. Daha yaxşısı isə, hücuma keçmək lazımdır. Ölkənin xarici dildə olan informasiya resurslarının üstünə bu işdə xüsusi vəzifə düşür.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti