6,6 mln. manatı vergidən yayındıran şəxslər həbs edildi

6,6 mln. manatı vergidən yayındıran şəxslər həbs edildi
  02 Fevral 2015    Oxunub:1594
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan növbəti çox epizodlu və mürəkkəb tərkibli cinayətin ibtidai istintaqı başa çatıb.
AzVision.az xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşları, əvvəllər məhkum olunmuş Abbasov İlkin Cahangir oğlu İsmayılov Ələkbər Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradaraq 2011-2013-cü illər ərzində külli miqdar təşkil edən 1 mln. 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bu məqsədlə o, cəmi 106 sayda müəssisə yaradaraq, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqla cinayət əməlləri törədib.

İ.Abbasov Ə.İsmayılovu təsis etdiyi “Nur Yapı Group” MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlunu "Venta Group" MMC-yə, Mirzəyev Allahyar Adaşil oğlunu 54 sayda MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 sayda MMC-yə, Fətullayev Samir İzmir oğlunu isə 28 sayda MMC-yə direktor vəzifəsinə təyin etdirsə də, bu müəssisələrə faktiki özü rəhbərlik etmiş, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutan əməliyyatlar aparmış, vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 155.1, 157, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq vergi orqanına ya bəyannamə təqdim etməmiş, yaxud təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

İlkin Abbasov atası - əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.12.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda həmin iş üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Abbasov Cahangir Oktay oğlu ilə də cinayət əlaqəsinə girərək, atasının direktor olduğu "Qlobus M" MMC-nin Samux rayonunun Poylu və Salahlı kəndlərində yerləşən hər biri 180 yerlik orta məktəb binalarının tikintisi zamanı görülmüş işlərin təhvil verilməsinə dair aktları (forma 2) atasının əvəzinə imzalayaraq onunla birlikdə 2011-ci ilin dekabr ayı üzrə cəmi 152 min 446 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Müəyyən edilib ki, C. Abbasov “Qlobus M” MMC-nin təsisçisi Ə. İsmayılov, D. Əsgərov və öz oğlu İ. Abbasovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, müxtəlif vaxtlarda onları “Qlobus M” MMC-yə direktor vəzifəsinə təyin edib, lakin həmin məhdud məsuliyyətli cəmiyyətə faktiki özü rəhbərlik edərək, 914 338 manat, bundan əlavə “Tərtər inşaat” MMC-nin fəaliyyətinə də faktiki rəhbərlik edərək 3 mln. 748 min 999 manat, ümumilikdə külli miqdar təşkil edən 4 mln. 663 min 338 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Ə.İsmayılov “Nur Yapı Qroup” MMC-nin direktoru vəzifəsində işləyərkən I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına dair xüsusi razılıq (lisenziya) almadan "Cənubtikintiservis" ASC-nin Bakı şəhəri G. Əliyev küçəsi-25 ünvanından elektrik avadanlıqlarının yeni tikilmiş elektrik stansiyasının binasına köçürülməsi, kabel xətlərinin çəkilməsi, şəbəkəyə qoşulması və layihə topoqrafik planalma işlərinin yerinə yetirilməsi üzrə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq xeyli miqdar təşkil edən 2 mln. 863 min manat məbləğində gəlir əldə edib. O, “Səma inşaat” MMC-nin direktoru vəzifəsində işləyərkən də Salyan rayonu Yolüstü-Kürsəngi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı təmiri işlərini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yerinə yetirib və külli miqdar təşkil edən 722 min 895 manat məbləğində gəlir əldə edib.

Araşdırma zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri dəfələrlə törətdikləri əməllərdən yaxa qurtarmaq və istintaqı çaşdırmaq, həqiqətin ortaya çıxmasına maneçilik törətməyə çalışıb, Abbasov İlkin Cahangir oğlu, Əsgərov Dərgah Fəzail oğlu və Mirzəyev Allahyar Adaşil oğlu isə müəyyən müddət istintaq orqanından gizlənmişlər. Lakin qeyd olunan şəxslər tərəfindən sadalanan cinayət əməllərinin törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla - ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanması, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb.

Cinayət işi üzrə mütəşəkkil cinayətkar dəstənin üzvlərinə qarşı verilmiş mülki iddianın ümumi məbləği 6 mln. 611 min 96 manat təşkil edib.

Qeyd olunanlara əsasən cinayətkar dəstənin bütün üzvlərinə 24 dekabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri üzrə ittihamlar elan edilib. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qərarı ilə 2014-cü ilin dekabr ayında cinayətkar dəstənin digər üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi ittiham aktı ilə təsdiq olunması üçün Respublika Baş Prokurorluğuna göndərilib.


Teqlər:





Xəbər lenti