Yaponiya geosiyasi hücuma keçir

Yaponiya geosiyasi hücuma keçir
  29 Yanvar 2015    Oxunub:3716
Fərrux Həsənov

(I yazı)

Yaponiya II Dünya Müharibəsindən bu yana hərbi müstəvidə daha çox passiv, ya da neytral mövqeyilə seçilirdi. Lakin Asiya regionu və ondan kənarda baş verən ciddi geostrateji transformasiyalar rəsmi Tokionu əməlli-başlı narahat etməyə başlayıb.


Yaponiyanın Çin, Rusiya, Şimali Koreya və Cənubi Koreya ilə gərgin münasibətləri, nəticə etibarilə onu regionda ciddi şəkildə təkləyir. Yaponiyanın təkləndiyini düşünməyə bu faktlar əsas verir:

1) Rəsmi Tokionun Moskva ilə mövcud olan Saxalin və Kuril adaları mübahisəsi, bunun fonunda Rusiya qırıcılarının Yaponiyanın hava sərhədini tez-tez pozması ikitərəfli əlaqələri düşmənçilik həddinə çatdırır. Əlbəttə, Rusiya ilə soyuq münasibət təkcə bununla bitmir və Rusiya-Şimali Koreya əlaqələrinin isinməsi, eləcə də rəsmi Moskvanın Koreya lideri Kim Yonqunu qarşıdan gələn II Dünya Müharibəsinin 70 illiyinə həsr olunacaq mərasimə dəvət etməsi Rusiya-Yaponiya ziddiyyətlərini daha da alovlandırır. Şübhəsiz, bu dəvət Rusiya və Şimali Koreya arasında münasibətlərdə yeni səhifə açacaq.

2) Digər məqam isə odur ki, bərbad Yaponiya-Şimali Koreya münasibətləri, həmçinin bu əlaqələrin fonunda Yaponiya və Cənubi Koreya arasındakı soyuqluq Tokionu çətin vəziyyətdə qoyur.

3) Gərgin, bəzən isə böhran həddinə çatan Çin-Yapon əlaqələri rəsmi Tokionun regionda təklənməsini göstərən səbəblərdən biridir. Çinin bölgədə artan hərbi, iqtisadi və siyasi nüfuzu, üstəgəl, Çin-Rusiya yaxınlığı, Çinin Afrikada ağalığı bölgədə Yaponiyanın milli maraqlarına hədədir. Cənubi Amerikadakı güclənən kapital bazarında Çinin yüksəlişi də Yaponiyanı çox narahat etməkdədir. Çinin Venesuela ilə təzəlikcə 20 milyard dəyərində imzaladığı müqavilə, əvvəl vermiş olduğu 42 milyardlıq kredit, hətta, Çinin Ekvadora 7,5 milyard dollar kredit verməyə hazırlaşması, şübhəsiz, Yaponiyanı qıcıqlandırır. Bu arqumentlərə 2014-cü ilin may ayında Tokioda Çin əleyihə Uyğur məsələsilə bağlı keçirilən etirazı da əlavə etsək, durumun nə dərəcədə böhranlı olduğu aydınlaşar.

4) ABŞ-Avropa münasibətlərinin fonunda Amerikanın Yaponiyanı ideal müttəfiq görməsi, Yaponiyanın isə, öz növbəsində ABŞ-ı real tərəfdaş sayması daha da intensivləşir. 2014-cü ildə Çin və Yaponiya arasındakı mübahisəli adalar mövzusunda rəsmi Vaşinqtonun Tokioya verdiyi açıq-aşkar dəstək, habelə ikitərəfli hərbi yardım haqqında müqavilə buna ən gözəl nümunədir. Bu faktlar sırasına tez-tez keçirilən hərbi təlimləri də əlavə etsək, kritik Çin-Yapon qarşıdurmasında Ağ Evin aşkar mövqe sərgilədiyi aydınlaşar. Vaşinqton gərgin Çin-Yapon qarşıdurmasında Tokioya hər cür hərbi yardım edəcəyini Prezident, Dövlət Katibi, Müdafiə Naziri səviyyəsində rəsmən aydın şəkildə bəyan ediblər.

Asiyadakı goesiyasi dəyişikliklərin Yaponiyanın maraqlarının əksinə olması rəsmi Tokionu çox qıcıqlandırır. Əsas hədəf Çindir, çünki güclənən Pekin Asiya regionunda Yaponiyanın milli təhlükəsizliyinə birbaşa təhlükə törədir.

Bəs bu vəziyyətdə Yaponiya hansı siyasi hədəflərə yönəlir?

Baş verən siyasi proseslərdəki ardıcıllığa diqqət yetirək. Demək olar ki, Yaponiyanın bütün geosiyasi arealda aktivliyə can atdığını görmək mümkündür. Yaponiya Milli Təhlükəsizliklə bağlı hesabatında Çinin artan hərbi nüfuzu, bölgədə keçirdiyi hərbi təlimlər, hərbi gəmilərinin regionda nəzarəti öz əlinə almaq cəhdləri, ən əsası isə, 24 ildə Çinin hərbi büdcəsinin 30 dəfə artdığını əsas göstərərək, ciddi adekvat addımlar atacağına dair mesaj verdi. Yaponiya Parlamenti Yapon ordusunun ölkə sərhədlərindən kənarda fəal hərbi əməliyyatlarda iştirak edə bilməsi üçün ötən il qanunda ciddi dəyişikliklər etdi. İndiyə qədər sadəcə müdafiə mövqeyi tutan rəsmi Tokio bundan sonra artıq müttəfiqlərinə sərhəddən kənarda hər cür hərbi yardım edəcəyini rəsmən açıqladı. Tokionun bu addımı atmasına səbəb, əlbəttə ki, Asiyada təklənməsidir.

Təbii ki, Yaponiyanın bu addımı Çini bərk narahat etməkdədir. Diqqət olunmalı incə nüanslardan biri də budur ki, Yaponiya II Dünya Müharibəsindən bu yana ilk dəfə belə bir qərar qəbul edir. Baş nazir Şinzo Abe bu qərarın vacib olduğunu bildirib.

Şübhə ola bilməz ki, bu “sərt güc” (hard power) dəyişiklikləri Yaponiyanın hərbi potensialının müdafiədən hücuma keçməsinə hesablanıb. Parlamentin etdiyi dəyişiklik yapon ordusuna hərbi gücə üstünlük vermək hüququ qazandırmaqla, böyük hərbi əməliyyatlarda iştirak etmək imkanları da açır.


Teqlər:  





Xəbər lenti