ABŞ-Avropa ziddiyyətləri: faciələrin gizli səbəbi

ABŞ-Avropa ziddiyyətləri: faciələrin gizli səbəbi
  20 Yanvar 2015    Oxunub:4204
“2015-ci il dünya iqtisadiyyatı üçün çətin il və təbii sərvətlərlə zəngin ölkələr üçün bir sınaq dövrü olacaq”. Əlbəttə, mövzuya Prezident İlham Əliyevdən sitat gətirməklə başlamaqda məqsədim var. Cənab Prezidentin fikri olduqca doğrudur, həmçinin dünyadakı siyasi atmosferin düzgün qiymətləndirilməsidir.

Vəziyyətin çətin olacağı elə 2015-ci ilin ilk günlərindən özünü göstərməyə başladı. Dünyanın siyasi xronologiyası beynəlxalq münasibətlərin heç də konstruktiv ab-havada keçməyəcəyini, tam əksinə, qarışıq anlaşılmazlığın və böhranlı iqtisadi vəziyyətin kulminasiyaya çatacağına işarə edir.

Tarix boyu ABŞ-Avropa münasibətləri müxtəlif səpkidə inkişaf edib. 1823-cü ildə Monro doktrinası ilə Avropanın öz daxili işlərinə qarışmasını önləməyə çalışan Birləşmiş Ştatlar, sonradan özü Avropanın daxili işlərinə qarışmağa başladı. Məsələn, I və II Dünya Müharibələri, Kosovo konflikti, Dnestryanı münaqişə, Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi, eləcə də Ukrayna münaqişəsi buna misaldır.
Ümumiyyətlə, “Qoca Qitə” ilə “Yeni Dünya” arasında gedən gizli mübarizə əsasən 3 istiqamət üzrə diqqəti çəkir:

- Birincisi, Ukraynada maraqların toqquşması - İkincisi, Suriya, Livan, İraq, Liviya, Fələstin uğurunda mübarizə
- Üçüncüsü, rasizm və islamafobiya anlayışları fonunda qarşılıqlı ziddiyyətlər.

Birinci məsələdən başlayaq. Təzəlikcə Vaşinqton Kiyev üçün 2 milyard dollar maliyyə yardımı ayırdı. Cavabında Aİ öz növbəsində yenə rəsmi Kiyev üçün əlavə 2,1 milyard dollar kredit ayıracağı ilə bağlı vəd verib. Görünür, Vaşinqton və Brüssel arasında “Avropa ağası” titulu uğrunda gizli mübarizə gedir. Şərt deyil ki, ağalıq silah gücünə gercəkləşdirilsin. Nəzərə almaq lazımdır ki, Amerikanın “Dollar diplomatiyası, AB-ni idarə edən Almaniyanın isə “Avro diplomatiyası” var.

İkinci məsələyə, yəni Suriya, Livan, İraq, Liviya və Fələstin uğurunda gedən mübarizəyə gəldikdə isə, diqqət etsəniz, narazı tərəfləri – daha dəqiq desək, Fransa və Almaniyanı açıq-aşkar görə bilərsiniz. Elə Parisdəki terror səhnəciyi buna sübutdur. Guya, terrorçulardan birinin İŞİD-in üzvü olduğunu əlində bayraq tutaraq, Fransa 488 deputatın razılığı ilə İraqa ordu göndərməklə bağlı rəsmi qərar qəbul etdi. Fransanın MN-i isə, İŞİD-i yer üzündən siləcəklərini bildirdi. Düzdür, ABŞ-ın müttəfiqi olan Fransanın daha çox geosiyasi dividentlərə nail olmağa çalışdığı sezilməkdədir. Nəzərə alsaq ki, Fransa Suriya, Livan və Liviyada sıxışdırılıb, onda mövcud vəziyyəti tam aydın başa düşmək olar.

Digər tərəfdən, İŞİD-in İraq və Suriya neftini talan etdiyi və Avropa ölkələrinin enerji təhlükəsizliyinin getdikcə həyati əhəmiyyət daşıdığı bir vaxtda `İŞİD-lə müharibə` adı ilə regionun qaz-neft yataqlarına nəzarət etmək istəyi Qərb diplomatiyasının spesifik dəsti-xəttidir. İŞİD-in nəzarət etdiyi enerji yataqlarından Fransa uzun müddət özünü təmin edə bilər, bu, həm ucuz neft, həm də regionda söz sahibi olmaq deməkdir.

Ən maraqlısı isə budur ki, `Əl-Qaidə`nin Livan qanadının lideri Parisdəki terror olayını rəsmən öz üzərinə götürüb. Şübhəsiz, bundan sonrakı hərbi gedişatda Fransanın Livana müdaxilə etməyəcəyinə də heç kəs qarantiya verə bilməz.

Nərəzə çarpan məqamlardan biri də Almaniyanın artıq hərbi passivlikdən aktiv hərbi fəaliyyətə keçməsidir. Belə ki, Almaniya Ərbildə döyüşən Peşmərgə qüvvələrinə yardım məqsədilə 100 nəfərdən ibarət hərbi kontingent göndərəcək. Bu haqda Almaniyanın Müdafiə Naziri Ursula fon der Leyen İraqda kürdlərin lideri Bərzani ilə görüşündə bildirib.

Bütün sadalanan arqumentlər onu göstərir ki, Ərəb dünyası uğrunda gizli formada ABŞ-Avropa siyasi mübarizəsi gedir.

Üçüncü məqama gəldikdə isə, bunu tam əminliklə media vasitələrilə yürüdülən anti-təbliğat saymaq olar. ABŞ-da Ferqüsson iğtişaşları zamanı Avropa mediası bu hadisələri `rasizm`, `irqi faciə` kimi təqdim edib, həm də qəti pisləyib: misal üçün Britaniyanın "The Guardian", "Daily Mail" və "The Telegraph" nəşrləri, Almaniyanın "Zeit Online", "Frankfurter Allgemeine Zeitung", "Spiegel Online", “Der Westen”, Fransanın "Le Figaro" qəzeti və başqa nəşrlər çox sərt bir şəkildə ABŞ-ı tənqid ediblər.

Parisdəki terror hücumundan sonra ABŞ mediasına adekvat cavab vermək şansı yarandı. Bir müddət sonra ABŞ-ın çox nüfuzlu “Nyu-York Tayms” qəzeti fransız kolleqalarının ifrat karikatura simptomunu tənqid edərək, jurnalistlərin həmin pis hərəkətinə görə utanc hissi keçirdiklərini bildirdilər. Nəzərə almaq lazımdır ki, ABŞ diplomatiyasına ən böyük dəstəyi Amerika mediası verir.

Fikir verin, Parisdəki terror hadisəsindən sonra Amerika prezidenti Barak Obama sadəcə başsağlığı verməklə kifayətləndi. Hətta Fransada terror əleyhinə rəsmi yürüşdə 40 dövlətin nümayəndəsi arasında ABŞ sadəcə və sadəcə Parisdəki səfirilə təmsil olunurdu! Nə Dövlət Katibi, nə Prezident, nə vitse-prezident, nə də başqa nüfuzlu dövlət rəsmisi yürüşdə iştirak edirdi.

Digər nüanslara diqqət çəkməyə çalışaq, Rusiyanın Krımı ilhaq etməsinə qarşı ABŞ başda olmaqla anti-Rusiya birliyi yarandı. Fransa və Almaniyanın da öndə gəldiyi bu birlik Avropa dövlətlərinin siyasi, iqtisadi və mədəni maraqlarına əks mövqe sərgiləyirdi, çünki ən azından Avropa Rusiya ilə sərhəddir və ən çox ziyan elə Avropaya dəyir. Əlbəttə, ABŞ-ın təzyiqilə formalaşmış bu ittifaqda Avropa dövlətləri, xüsusən, Fransa çox narazı görünürdü, bu səbəbdən də Fransa Rusiyaya qarşı olan sanksiyalara qarşı çıxmağa başladı.

Fransanın nəhəng neft-qaz şirkəti “Total” təkidlə Rusiya ilə əməkdaşlığın davamını tələb edirdi. Bəs sonra nə oldu? 2014-cü ildə anti-Rusiya birliyinin istəklərinə ziddi hərəkət edən “Total” şirkətinin prezidenti Kristof de Marjeri müəmmalı bir şəkildə Rusiyada təyyarə qəzasında öldü! Təsadüfdürmü?..

Bütün olub-bitənlərin ardından Fransua Olland gözlənilməz şəkildə Rusiyaya rəsmi səfər etdi. Beləliklə, qeyd olunan faktlar Qərbin, eləcə də Fransanın ABŞ-la əks tərəflərdə dayandıqlarını və Avropanın sərbəst diplomatiya yürütməyə çalışdığını sübut edir.

Henri Kissincer bir dəfə demişdi ki, tarix boyu Avropa və ABŞ arasında həmişə ziddiyyətli siyasət olub. Əlbəttə ki, baş verənlərdə ABŞ-ın barmağının olmağını heç kəs inkar edə bilməz. Axı, nə də olsa, siyasətdə təsadüflər olmur...

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti