`Cənubi azərbaycanlılar Şimaldan olanları qəbul etmirlər` - MÜSAHİBƏ

`Cənubi azərbaycanlılar Şimaldan olanları qəbul etmirlər` - MÜSAHİBƏ
  13 Yanvar 2015    Oxunub:9607
Hazırda İsveçdə yaşayan rejissor azərbaycanlı Rahim Sadıqbəyli Bakıya son səfəri zamanı AzVision.az üçün müsahibə verib.

- Vətənə xoş gəlmisən, Rahim. Budəfəki səfərin yalnız istirahətlə bağlıdır, yoxsa...?


- Səfərim həm istirahət, həm də iş məqsədi daşıyır. İsveç-Azərbaycan birgə mədəniyyət layihəsi üzərində işləyirəm. Rəsmi prosedurlara artıq start verilib. Əsas istiqamət Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğatına, eləcə də ölkələrarası incəsənət mübadiləsinə yönəlib. Digər tərəfdən, Bakıda iş qurmağım bura gəlişimi daha da sıx edər. İnsan yaşlaşdıqca Vətənə yaxın olmaq istəyir.

- Sovet televiziya sisteminin yetirməsi, hazırda da İsveçin dövlət televiziyasının əməkdaşı olaraq iki ölkənin telekanal fərqlərini nədə görürsən?

- Əsas fərq hər hansı bir telelayihəyə yanaşmadadır. İsveçdə veriliş kollektiv şəkildə reallaşır, istehsalat dönəmində bir çox insanın rolu olur. Ən əsası isə, ictimai fikir mütləq nəzərə alınır. Məsələn, verilişin saytı hazırlanır, ictimai sorğular keçirilir, insanların fikri öyrənilir. Məhz bundan sonra reallaşdırmaq barədə qərar verilir.
Digər fərq isə televiziya layihələrinin qısamüddətliyidir. Yəni, reytinq çox yüksək olduğu halda belə, bir proyekt maksimum 10 buraxılışdan ibarət ola bilər. Həm tamaşaçını bezdirməmək, həm marağı öldürməmək üçün başqa bir veriliş istehsalata buraxılır.

- İsveçdə televiziya sahəsində işləmək üçün təhsil nə dərəcədə önəmlidir?

- İsveçdə hər şey təhsillə tənzimlənir. Hətta xadimə işləmək üçün belə, təhsil lazımdır. Azərbaycan və İsveç arasındakı inkişafın təməlindəki fərq də məhz budur. İsveçdə təhsil sosial rifaha xidmət edirsə, Azərbaycanda təəssüf ki, bunun əksini görürük. Xüsusilə son gəlişimdə bazar qiymətlərinin İsveçdə demək olar ki, eyni olduğunu çox qabarıq şəkildə hiss etdim. Lakin insan əməyi burda olduqca aşağıdır. Dövlət bu əksikliyi gündəmdə tutaraq insan əməyinin yüksək dəyərləndirməlidir.

- İki ölkənin təhsil səviyyəsində də fərq var, yəqin ki...

- Şübhəsiz. İsveçdə universitetə girmək çox asan, oxuyub bitirmək çox çətindir. Təshilin səviyyəsi də çox yüksəkdir. Yenə pessimisit olmaq istəmirəm. Azərbaycanda da savadlı uşaqlar var. Amma bu, təhsilin ümumilikdə müsbət mənzərəsini göstərmir.

- Gəl bir az da Azərbaycanlıların İsveçdəki diaspor fəaliyyətindən danışaq.

- Azərbaycanın İsveçdəki diasporu təəssüf ki, güclü və aktiv fəaliyyətilə seçilmir. Azərbaycan Federasiyası adlı təşkilat vardı. Dövrünə və zamanına görə çox işlər görüb. İndi də müəyyən işlər görməkdədir. Əvvəllər əsasən Cənubi Azərbaycanlı üzvləri vardısa, Şimali Azərbaycanlıların sayəsində üzvlərin sayı getdikcə çoxalmağa başladı. Amma bəzi yoldaşlar “biz Cənubi Azərbaycanlılarla birgə yox, ayrı diaspor təşkilatı yaratmaq istəyirik” iddiaları ayrılıq toxumu səpdi. Səbəb də bu idi ki, cənublular şimali azərbaycanlıları mentalitet, mədəniyyət fərqlərindən dolayı qəbul eləmirlər.

Nəticə etibarilə 2008-ci ildə Azərbaycanlıların İsveç Konqresi yaradıldı. Ancaq sonradan Xocalı, 20 yanvar faciələrinin anım mərasimləri, Qarabağ haqda broşurların paylanılması və şəxsi mənafeləri istisna olmaqla Azərbaycan adına faktiki olaraq heç bir iş görülmədi. 4-5 nəfər yığılır, özləri deyib özləri eşidirdi.

Diasporumuzun böyük mənada varlığı bilinmir. Ədalət naminə deyim ki, AFİ-nin (Azərbaycan Federasiyası – İsveç - red. ) tərkibində olanda daha çox işlər görürdük. Ən azından onların İsveç toplumuna yolları, İsveç Xarici İşlər Nazirliyinə çıxışları vardı. Əsasən qabartdıqları məsələlər - Cənubi Azərbaycan problemləri, ana dilinin məhdudlaşdırılması idi. Ara-sıra Qarabağı məsələsini də gündəmdə saxlayırdılar.

Uzun sözün qısası, diasporumuzun adı var, özü yox. Düzdür, müəyyən lokal işlər görur, gedib hansısa məmurlar görüşür, Qarabağ haqda boruşurlar paylayırlar, amma böyük mənada Azərbaycanlıların İsveç Konqresinin varlığı bilinmir.

İsveçdə yeganə azərbaycanlıyam ki, həm Xarici İşlər Nazirliyində, İsveç parlamentində qeydiyyatdan keçmişəm, İhlas Xəbər Agentliyi və Life News kanalının İsveçdəki xüsusi müxbiriyəm. Özümün çəkiliş qrupum da var. Amma bu imkanlarıma rəğmən nə Azərbaycan telekanalları, nə də diaporumuz mənim bu xidmətlərimdən bəhrələnmək istəmirlər. Səbəbini soruşmayın, çünki bilmirəm. Tək qorxuları var, birdən Rahimin adı hallanar. Halbuki dəfələrlə demişəm ki, adımın çəkilməsinə ehtiyacım yoxdur, lap konqresin adından verilsin. Yetər ki, Azərbaycan haqda həqiqətləri çatdıraq. Amma maraq göstərmirlər.

Ən yaxşı bələdiyyələrdə ermənilərin mərkəzləri var. Bizim federasiya onlardan da əvvəl yaranıb, lakin heç bir məkanı, ünvanı yoxdur. İclasları da, görüşləri də keçirmək üçün hökümətə, fondlara müraciət edirik, onlar da bizə yer verirlər.



- Maliyyə mənbəyiniz əsasən hardandır?

- İsveç dövləti konkret layihə əsasında federasiyalara, etnik dərnəklərə hər il maliyyə ayırır. Məsələn, keçən il ermənilər 2 milyon kron aldılar. Türklərin 3 federasiyası 2-3 milyon kron, kürdlərin 5-6 federasiyasının hamısı, eləcə də farsların qadın təşkilatlarının hamısı İsveç dövlətindən maddi dəstək alır. Amma 3 ildir ki, nə AFİ, nə də konqress maliyyə dəstəyi ala bilməyib. Çünki, normal bir proyek yazıb ortaya qoya, vaxtlı-vaxtında sənədləri toplayıb göndərə bilmirlər.

- Belə çıxır ki, Azərbaycanla bağlı ürəkaçan bir fəaliyyət yoxdur?

- Tam belə deməzdim. Pisi deyəndə, yaxşını da unutmaq olmaz. Məsələn, İsveçin ikinci böyük şəhəri Yöteburqda 3-4 il öncə Arif Rəhimoğlu tərəfindən Azərbaycan Evi yaradılıb. Lokal şəkildə fəaliyyət göstərir, yəni, konkret ünvanı, məkanı mövcuddur. Çox aktiv uşaqlarımız var orda, Azərbaycanla bağlı mütəmadi maraqlı tədbirlər keçirirlər.

Elə Arif Rəhimoğlunun özü, ağsaqqal adamdır, Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. Filologiya elmləri doktorudur, ürəyindən iki dəfə əməliyyat olunub, amma buna rəğmən dayanmadan işləyir. Bu yaxınlarda özü və qızı Azərbaycan-İsveç dili lüğəti yazıblar. Bundan başqa, onkoloji xəstəliklər üzrə tibb elmləri doktoru, professor İbadulla Ağayev. 63 yaşında gəlib İsveçə, indi 74 yaşı var. 100 min sözdən ibarət İsveç-Azərbaycan danışıq və söz lüğətini yazıb.

Jönköpinq şəhər bələdiyyəsinin üzvü – həmyerlimiz İradə Ağayeva-Söderberq də aktiv fəaliyyətilə seçilir. Hər biri gərgin iş məşğulluqlarına baxmayaraq yenə də vahid Azərbaycan təşkilatının yaradılmasını istəyir və bu yolda hər biri əmək verməyə hazırdır. Təşkilatı məhz belə fəxr olunası insanları bir araya toplamaqla yaratmaq lazımdır.

- Diasporların fəaliyyəti həm də bir ölkənin tanıdılmasına, təbliğinə yönəlmiş olur, xüsusilə də mədəniyyət sahəsində. Sözlərindən belə anladım ki, isveç ictimaiyyəti Azərbaycanın mədəni həyatından da məlumatsızdır?

- Sadəcə onu deyə bilərəm ki, muğamımız haqda isveçlilərdə hələ indi-indi müəyyən təsəvvür yaranır. Amma istər tarixdən, istərsə də müasir zamandan onları təəccübləndirən fakt yoxdur. Necə ki, 1918-ci ildə ilk dəfə Azərbaycanın qadınlarının səsvermə hüququna malik olması, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradılması faktı onları təəccübləndirmişdi. Bir şeyi də xüsusi vurğulayım ki, Avroviziya müsabiqəsinin qalibi Lorenin yaddaşında Azərbaycan güclü təsir buraxmışdı. Azərbaycanı ərəb ölkəsi kimi tanıyanlara Avropa olduğunu, muğamımızı, musiqimizi çox sevdiyini demişdi. Hətta müsahbələrinin birində bu cümləni işlətmişdi: “Bu ölkənin insanları daha yaxşı yaşamağa layiqdirlər”.

Məndən tez-tez soruşurlar ki, sizdə nə var ki, İsveçdə yoxdur? Cavabım də həmişə bu olur ki, Azərbaycanda qonaqpərvərlik çox yüksək səviyyədədir. Qonaq üçün əldən-ayaqdan gedirik. Bunun neqativ tərəfləri də olur təbii ki. Ümumiyyətlə, təbliğat baxımından diaporumuz çox işləməlidir, müvafiq saytlar yaradılmalıdır. Qarabağ dərdimizin nə unutmaq, nə də unutdurmaq olmaz. Amma təkcə Qarabağla insanları çox yükləmək olmaz. Daha çox mədəniyyətə, tarixə, incəsənətə üstünlük verilməlidir.

- Azərbaycana qayıdıb burda yaşamaq fikrin varmı?

- Bu barədə hələ ki, düşünmürəm. Gəlsəm, 61 yaşımda gələcəyəm. O vaxta həm uşaqlarımın 18 yaşı tamam olar, həddi-buluğa çatar, həm də mənim pensiya vaxtıma düşər.

Qayıdıb Bakıda yox, Lənkəranda məskunlaşacağam. Yaxın 10 ildə uşaqlarımı tək qoya bilmərəm. Çünki, həm təhsilləri çox yaxşıdır, həm də artıq o mühitə öyrəşiblər. Qızım ingilis dilində oxumağa başlayıb. İkisinin də beyni riyaziyyat yönümlüdür. Bu da nəsildən, gendən gəlir. Bacım universitetdə tətbiqi riyaziyyat kafedrasında çalışır. Atam mühəndisdir, anam rəhmətlik mühasib olub. Bibim riyaziyyat elmləri üzrə doktor idi. Uşaqlarımın ikisi də riyazi elmlərə meyllidirlər. Amma 11 yaşlı qızım Əminə aktrisa olmaq istəyir. İşlədiyim kanalda iki verilişə aparıcılıq edib. Qısametrajlı filmlərə çəkilir. (gülərək) Deyir, mən Hollivudda filmə çəkiləcəyəm, qazancımla sənə villa, özümə də Ferrari maşın alacağam.



- Bir müddət öncə sosial şəbəkələrin birində Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasını hazırlayacağın haqda məlumat getmişdi. İstərdim bu barədə ətraflı danışasan?

- Almaniyada yaşayan həmyerlimiz Fəxrəddin Hacıbəyli ilə “Ölülər” tamaşasını hazırlamağı qərara almışdıq. Bu barədə İshaq Dəvəli Ozanoğlu ilə danışdıq. O da vaxtilə İncəsənət və və Mədəniyyət Universitetini bitirib, Almaniyada türklərlə birgə “Ozan” teatrını yaratmışdı. Çox istedadlı və dəyərli insandır. İndi başqa sənətlə məşğul olsa da, layihəmizə qoşulmağa, tamaşanın ərsəyə gəlməsində dəstək göstərəcəyini demişdi. Ondan başqa digər mühacir həmyerlimiz, muğam ustası Zahid Quliyevin də razılığını alıb, layihəyə cəlb elədik. Ümumiyyətlə, Almaniyada yaşayan digər sənətçilər, jurnalistlər və həvəskarların iştirakı ilə özfəaliyyət səviyyəsində bir tamaşa olacaq.

Tamaşa Azərbaycan türkcəsində oynanılacaq, çünki Mirzə Cəlili doğma dilimizdə daha təsirlidir. Amma Avropa seyrçisinə anlaşıqlı olması üçün əsərin məzmunu, ideyası alman və ingilis dilində yazılmış broşurlar paylanacaq. Pyesi bir qədər qısaltmalı oldum, yəni, əsər iki pərdəlidirsə, tamaşa bir pərdədən ibarət olacaq.

- Nə üçün məhz “Ölülər”?

- Çünki, son illər dünyada gedən proseslər bu mövzunun nə qədər aktual olduğunu göstərir. Dünyanın hər yerində, eləcə də Azərbaycanda din pərdəsi altında da parçalanmalar, dağıdıcı hadisələr, faciələr törədilir. Din və mövhumat arasında fərqi görə bilməyənlərə bu tamaşa, Mirzə Cəlilin dililə bizim etirazımız olacaq.

- Rol bölgüsü necə olacaq?

- Kefli İsgəndəri Fəxrəddin Hacıbəyli oynayacaq, Şeyx Nəsrullahı ya mən, ya da İshaq Dəvəli. Böyük ehtimalla İshaq Dəvəli olacaq, çünki sözün həqiqi mənasında böyük aktyordur. Hacı Həsən ağanı da Zahid Quliyevə tapşırmağı düşünürəm.

- Sənin İsveçdə, yaradıcı heyətin Almaniyada yaşadığını nəzərə alsaq, böyük ehtimalla sən ora gedəcəksən.. .

- Belə düşünmüşdüm ki, Almaniyaya gedib ilkin məşqləri bir-iki gün orda, daha sonra skype vasitəsilə edək. Növbəti səfərim zamanı isə səhnə məşqlərində mizanları quraram və premyera keçirərik. İsveç-Almaniya yolu çox da uzaq deyil. İki ölkə arasında cəmi 1100 km-lik məsafə var.

- Hazırlanandan sonra mütəmadi nümayişi düşünülür, yoxsa bir-iki premyera ilə kifayətlənəcəksiniz?
- Tamaşanın davamlılığı seyrçi marağından asılıdır. Nümayişə gəlincə, əvvəl Almaniya, Belçikada, Fransada, sonda da Azərbaycanda göstərməyi planlaşdırırıq. Multimedia vasitələrindən istifadə edərək bir az film formatinda olmasini istəyirəm. Euronews kanalı ilə də danışmışam, informasiya dəstəyi verməyə razılaşıblar. Avropadakı mühacirlərin tamaşa hazırlamasına yönəlik bir süjet olacaq.

- Layihənin söhbəti təxminən 1 ildir ki, gedir, amma gerçəkləşmsi nədənsə uzanır. Səbəb?

- Etiraf edim ki, gecikməyin səbəbkarı mənəm. Almaniyaya getməliydim, amma qismət elə gətirdi ki, Bakıya gələsi oldum. Buna görə Fəxrəddin inciyib məndən. Azərbaycanda həm həllini bitirməli olduğum işlərim vardı, həm də ailə vəziyyətinə görə. Ata yurdum Lənkəranda azacıq təmir işləri görüb atama həyan olmağa çalışdım. 76 yaşlı atamın indi mənə daha çox ehtiyacı var. “Ölülər” tamaşasını hazırlamaq planı isə qüvvədədir. Mirzə Cəlil də hər zaman aktualdır, istənilən vaxt reallaşdıra bilərik.

Sevda Babayeva-Birer
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti