Ucuz neft büdcəyə yenidən baxdıracaq – TƏHLİL

Ucuz neft büdcəyə yenidən baxdıracaq – TƏHLİL
  08 Yanvar 2015    Oxunub:3148
Neftin qiymətinin 50 ABŞ dollarından aşağı düşməsi ölkəmizin dövlət büdcəsində onun bu il 90-dan götürülməsi baxımdan, getdikcə daha ciddi narahatlıq doğurur. Düzdür, il təzə başlayıb. Məsələ bundadır ki, neftin fyüçers adlanan müqaviləyə əsasən qeydə alınan qiymətində ifadə olunan gəlir heç də həmin anda və yaxud ayda deyil, bir neçə müddətdən sonra ölkəyə daxil olur. Odur ki, əldə olunan razılaşma və yaxud real qiymət barəsində 2-3 ay əvvəldən düşünmək lazımdır.

Fyüçers müqaviləsi (futures contract) aktivi gələcəkdə müəyyən tarixdə və qiymətə almaq, satmaq öhdəliyini əks etdirən standartlaşdırılmış razılaşmadır. Nəzərə alsaq ki, dünya bazarlarında qiymət keçən ilin iyun ayından enir və indiyədək 2 dəfədən çox, təkcə bu həftə ərzində isə 10 faiz həddində düşüb, onun yaxın günlərdə yenidən bahalaşacağı təqdirdə belə, bu ilin birinci yarısında yenidən 100 dollara qalxacacağı absurd sayılır. Odur ki, Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin 2015-ci ilin ortası üçün də 90 dollardan aşağı təşkil edəcəyi aydın görünür.

Bəs, bizi nə gözləyir? Hökumət neftin ucuzlaşmasının davam etməsi qarşısında nə düşünür və hansı tədbirlər görür?

Hökumət nümayəndələri əvvəl dünya bazarlarında neftin 1 barelinin qiyməti hətta 60 dollara düşsə belə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaranmayacağını söyləyirdilər. Ancaq az sonra bunun icmal büdcəyə təsirsiz ötüşməyəcəyini qeyd etməyə başladılar. Bu da təbii göründü. O mənada ki, neftin qiymətinin düşməsinin yalnız yola saldığımız ilin büdcəsinə təsirindən danışmaq mümkün idi ki, ucuzlaşma davam etdiyi halda prosesin 2015-ci ilin dövlət büdcəsinə necə təsir göstərəcəyini isə söyləmək mümkün deyildi.

Elə hökumətin 2015-ci ilin dövlət büdcəsi qəbul edildikdən sonra Vergi Məcəlləsinə (VM) bir sıra dəyişikliklər etmək barədə təşəbbüslə çıxış etməsi və qanunverici orqan tərəfindən də bunların qəbulu həmin narahatlıqla izah edilməlidir.

Belə ki, ötən ilin sonuncu günündə Milli Məclisdə (MM) VM-ya dəyişikliklər ediləcəyi gözlənilən idi. Təklif irəli sürülərkən hökumət nümayəndələri bu addımın bəzi aksiz dərəcələrinə uzun müddətdir baxılmaması və Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması, habelə idxal və daxildə istehsal olunan tütün məmulatlarına aksizin tətbiqi mexanizminin eyniləşdirməsi nail olmaq kimi amillərlə izah etməklərinə baxmayaraq, səbəb heç də bunlarla əlaqədar deyildi.

Məsələ dünya bazarlarında neftin qiymətinin ucuzlaşmaqda olması ilə əlaqədar idi. Hökumət təmsilçilərinin fikrincə, 2004-cü ildən ölkədə aksiz dərəcələri əsasən dəyişməz qalırdı ki, bu müddət ərzində isə bazarda çox şeylər dəyişmiş - tələb və təklif, o cümlədən digər amillərin təsiri nəticəsində aksizli malların qiymətlərində müxtəlif tendensiyalar müşahidə edilmişdir.

Yeri gəlmişkən, xarici ölkələrdə aksiz dərəcələri mütəmadi indeksasiya edilir. Ancaq təkrar edirik: bizdə sözügedən addım əsasən, 2015-ci ilin dövlət büdcəsinnin gəlirlərini sabit saxlamaq üçün atıldı. Ümumiyyətlə, aksiz vergisi aksizli malların satış qiymətinə daxil edilən və bunları istehsal edən - satan vergi ödəyicilərindən tutulan dolayı vergi növü sayıldığından bütün dolayı vergilər kimi o da əmtəənin qiymətini formalaşdırır ki, onun ödəyiciləri faktik olaraq alıcılar hesab edilir. Bu verginin ödəyicilərinin aksizli mal istehsal edən və satan müəssisələrin olması formal xarakter daşıyır. Belə ki, aksiz əmtəənin qiymətinə daxil olduğundan, onun ödəyiciləri faktiki aksizli malların istehlakçıları sayılır.

Bundan əlavə, aksiz yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması məqsədilə müəyyən edilir ki, iqtisadi mahiyyətinə görə bu, bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir.

Ölkəmizdə aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr daxildir. Bunların idxalçıları və daxildəki istehsalçıları da aksiz vergisinin ödəyiciləri sayılırlar.

Yeri gəlmişkən, bizdə neft məhsulları ilə minik avtomobillərinin (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla) aksiz vergiləri üzrə dərəcələrə 2004-cü ildən sonra baxılmışdı. Demək istədiyimiz budur ki, hökumətin fiskal – vergi və büdcə siyasətinə uyğun olaraq ölkəmizdə bəzi aksiz dərəcəri indeksasiyalaşdırılmışdı. Sözümüz bunda deyil.

Bəs, yol vergisini yerli avtomobil sahiblərinin üzərlərindən yanacaq məhsullarına “transferi”, ölkəyə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına daxil edilməsi real olaraq hansı zərurətdən doğdu?

Təbii ki, bütün bu addımlar neftin qiymətiylə əlaqədar atıldı. Ancaq sual yaranır ki, görəsən, bu tədbirlər bu ilin dövlət büdcəsini neftin ucuzlaşmasından sığortalaya biləcəkmi?

Hələlik bəlli olan budur ki, ölkədə müəyyən bahalaşma olacaq. Təkrar edirik ki, aksiz vergisi malın qiymətində oturur. Odur ki, onun dərəcəsinin hər hansı bir formada dəyişdirilməsi pərakəndə satış qiymətinə təsir etməlidir. Düzdür, bəzi hallarda bu, özünü göstərməyə də bilər. Ancaq bizdəki son dəyişikliyə əsasən, söhbət aksizlərin əhəmiyyətli artırıldığından getdiyindən aid olduğu məhsulların qiymətlərində bahalaşma qaçılmazdır. Çox güman, bahalaşma standart səviyyədə özünü göstərməyəcək. Bununla belə, spirtli içki və tütün məmulatlarına ölkəmizdə tələbat yüksək olduğundan aksizlərin artırılması nəticəsində qiymətlərin yüksəlişi hissedilən olacaq.

Yol vergisinin yanacağın üzərinə “transferinə” dair şərhimizdə də yazdıq ki, təkcə buna görə yaxın müddətdə bahalaşma olmasa da, ölkədə yanacaq neftə görə ucuzlaşmayacaq. SOCAR dövlət büdcəsi qarşısında böyük öhdəlik və ağır yük daşıyıcısı olduğundan adı çəkilən şirkətin bunu “cibindən” ödəyib, ödəyə bilməyəcəyi yaxında bəlli olacaq.

Ancaq bütün bunlar kosmetik tədbirlər olduğundan ilin ortasında hökumət çox güman ki, daha ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. Çünki mövcud tendensiya Neft Fondunun aktivlərinə ciddi zərbə vurur. Elə bu üzdən də maliyyə naziri hələ keçən ilin sonunda qeyd etdi ki, hökumət ucuzlaşmanı diqqətdə saxlayır və şərait tələb edərsə, yaxın illər üçün prioritet olmayan infrastruktur layihələri təxirə salınacaq.

Qısa desək, konkret nələrin baş verəcəyini hələ demək mümkün olmasa da may ayında MM-da 2015-ci ilin dövlət büdcəsinə yenidən baxılacağı artıq, şübhəsizdir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti