Doğu Perinçək: `Kluninin arvadı CİA-nın agentidir` - MÜSAHİBƏ (EKSKLÜZİV)

Doğu Perinçək: `Kluninin arvadı CİA-nın agentidir` - MÜSAHİBƏ (EKSKLÜZİV)
  08 Yanvar 2015    Oxunub:15262
`Strasburqda azərbaycanlılarla çiyin-çiyinə olmalıyıq`
Yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsində Türkiyə İşçi Partiyasının sədri, saxta “Erməni soyqırımı”nı rədd edən Doğu Perinçəyə qarşı proses keçiriləcək.

Perinçək “Erməni soyqırımı”nı tanımadığına görə İsveçrədə təzminat cəzasına məhkum edildikdən sonra, 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 17 Dekabr 2013-cü ildə keçirilən prosesdə Perinçək qalib gəlmişdi. AİHM təsdiqləmişdi ki, “erməni soyqırımı yalandır” ifadəsini deyə bilmək insanın söz azadlığıdır.

Bundan sonra İsveçrə hökuməti apellyasiya şikayəti verdi. Yanvarın 28-də keçiriləcək məhkəmədə Ermənistanı məşhur Hollivud aktyoru Corc Kluninin arvadı Amal Alamuddin (Kluni) müdafiə edəcək.

AzVision.az məhkmə ərəfəsində Doğu Perinçəkdən müsahibə alıb.

- Məhkəmə ilə bağlı gözləntiləriniz nədir?


- Azərbaycan xalqını salamlayıram və Yeni İl münasibəti ilə təbrik edirəm! Bu, hamımızın mübarizəsidir. Azərbaycanlıların, türkiyəlilərin, türkcə danışan hər kəsin və eyni zamanda bütün bəşəriyyətin davasıdır. Çünki I Dünya müharibəsindən sonra böyük bir yalan uydurulub ki, guya `erməni soyqırımı` olub. Böyük dövlətlər – Çar Rusiyası, Fransa və İngiltərə, - Türkiyəni bölüşdürmək üçün müttəfiq olmuşdular. Müharibənin əvvəlində və ortasında – o zamanlar `soyqırım` ifadəsi yox idi – ermənilərin qırğına məruz qaldığını iddia etdilər.

Bu məhkəmə də yüz ildir davam edən prosesin tərkib hissəsidir və indi yenidən gündəmə gəlib. Onların məqsədi budur ki, Kürdüstan yaratsınlar və bu dövləti yaradan zaman da Türkiyə hərbi yola baş vursa, bunu “Baxın, türklər yenə soyqırım törədir” şəklində təqdim etsinlər.

Biz Avropadakı türklərimizi ayağa qaldıraraq, azərilərlə əl-ələ verib, Fransa, Almaniya və İsveçrədə böyük mitinq və yürüşlər keçirdik. Bu mitinqlərdə “erməni soyqırımı”nın imperialist bir yalan olduğunu, sadəcə öz vətənimizi müdafiə etdiyimizi, soyqırım törətmədiyimizi bəyan etdik. Bundan sonra İsveçrədə mənim haqqımda cinayət işi açıldı, saxlanıldım, məhkəməm oldu və həbs olundum. Daha sonra həbsi pul cəriməsilə əvəz etdilər. Biz isə Avropa İnsan Haqları məhkəməsinə müraciət etdik və o, İsveçrədəki məhkəmənin qərarını ləğv etdi.

- Həmin məhkəmə necə keçmişdi? Nə əcəb, qalib gələ bildiniz?

- Avropa İnsan Haqları Məhkəməsinin qərarında “erməni soyqırımı yalandır” ifadəsini deyə bilmənin söz azadlığı olduğu təsdiqlədi. Avropalılar özləri də məhkəmənin bu qərarını çox ədalətli və cəsur hökm kimi qiymətləndirdilər.

Digər önəmli nüans budur ki, məhkəmənin qərarında 1915-ci ildə baş verənlərin `soyqırım` hesab olunmadığı vurğulanır. Başqa sözlə desək, məhkəmə 1915-ci il olaylarının soyqırım olmadığını təsdiqləmişdi. Bu, böyük zəfər idi.

Hazırda İsveçrə dövləti Avropa İnsan Haqları Məhkəməsinin qərarına etiraz edib və bu müraciətə məhkəmənin Böyük Dairəsi baxacaq.

Buradan azəri qardaşlarımıza, Azərbaycan türklərinə səslənirəm ki, həmin məhkəmə prosesində növbəti dəfə həqiqət təsdiqlənəcək. Bu imperialist yalan orada faş ediləcək. Ona görə də heç narahat deyilik. Yanvarın 28-i Strasburqdayıq. Orada tükün qürurunu, sanbalını göstərəcəyik.

Avropa İnsan Haqları məhkəməsinin önünə Strasburqdakı bütün türklər, azərilər toplaşacaq və biz türkə yaraşan şərəflə orada olacağıq. Həmçinin Avropa İnsan Haqları məhkəməsinə güvəndiyimizi, ədalətli qərar çıxaracağına inandığımızı vurğulayacağıq. Azərbaycanın fikir adamlarını, vətənpərvərləri gözləyirik. Orada çiyin-çiyinə olmalıyıq.

- Məhkəmədə erməniləri aktyor Corc Kluninin həyat yoldaşı Amal Alamuddin Kluni müdafiə edəcək. O, ərəb əsilli olduğu halda, niyə erməniləri müdafiə edir?

- Ərəb əsilli olduğunu bilmirəm, amma hər millətin içindən xainlər çıxır. Onu da əlavə edim ki, bütün qəzetlər Alamuddinin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğunu yazırlar. Bu, ona verilən ilk tapşırıq deyil. Bundan əvvəlki tapşırıqlarına da nəzər salanda görürsən ki, həmişə ərəb və digər məzlum millətlərin düşməni mövqeyində olub.

- Qərbin Azərbaycan və Türkiyəyə əks mövqedə olması, ermənipərəst münasibət sərgiləməsi nədən qaynaqlanır?

- Onsuz da erməniləri Qərb dövlətləri qızışdırdı. Ermənilər Anadolu və Azərbaycan torpaqlarınada uzun illər mehriban şəraitdə yaşayıblar. Fransa və daha sonra Çar Rusiyası onları təşkilatlandırdı, silahlandırdı. Fransa onları öz ordusuna daxil etdi. Ona görə də ermənilərdən çox Fransa, İngiltərə və Çar Rusiyası günahkardır. İndi də irəli verdikləri “piyada”larını qoruyurlar.

Amma bu, təkcə tarixlə bağlı deyil, bu günə də nəzər salmaq lazımdır. Hazırda Amerikanın “Böyük Yaxın Şərq” layihəsi var. Türkiyə də daxil olmaqla 23 müsəlman ölkəsini parçalamağı planlaşdırır. Türkiyəni bölmək üçün də erməni məsələsindən istifadə edirlər. Amma uğursuzluğa düçar oldular, planları baş tutmadı. Türkiyədə də kürd vətəndaşlarımız bizimlə bir yerdə yaşamaq istəyir, ona görə də Amerikanın cəhdləri baş tutmadı.

Seymur Süleymanov
Fatimə Kərimli / AzVision.az



Teqlər:  





Xəbər lenti