Keçmiş NİDA-çı: “YAP-a keçəndə ailəm şokda idi” – Müsahibə

Keçmiş NİDA-çı: “YAP-a keçəndə ailəm şokda idi” – Müsahibə
  25 Dekabr 2014    Oxunub:5381
““Azadlıq” və “Yeni Müsavat” mənə 1 qəzeti çox görürdülər”

“NİDA-çılar mənə nifrət edirlər...”

Keçmiş NİDA-çı, hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Elsevər Mürsəlli AzVision.az-a müsahibəsində bir sıra məqamlara toxunub. O müxalifətə necə keçməsindən tutmuş YAP-a qədər keçdiyi yoldan söz açıb.

- İlk olaraq həbsdən əvvəlki fəaliyyətinizlə bağlı soruşmaq istəyirəm. Əvvəl AXCP-nin, sonra isə NİDA-nın üzvü olmusuz. İndi də YAP sıralarında təmsil olunursunuz. Qısa vaxtda bu dəyişiklik nədən irəli gəlir?

- Həbsdən əvvəl heç bir partiyanın üzvü deyildim. AXCP-nin üzvü olmaq istəsəm də ailəm icazə vermirdi. Siyasi fəaliyyətim həbs olunduğum günə qədər demək olar ki, ailəmdən gizli idi. Ailəm siyasi fəaliyyətimdən xəbərsiz idi.

- Bəs, necə oldu NİDA-ya qoşuldunuz?

- NİDA-çılardan bir neçəsini tanıyırdım. Həbsdə olanda Rəşadət Axundovun sayəsində təşkilata üzv oldum. Şahin, Rəşadət, Zaurla aram yaxşı idi. Şahin həbsdən çıxandan sonra mənimlə münasibəti kəsdi. Səbəb isə mənim YAP-a üzv olmağım idi. NİDA-çılar bir neçə dəfə zəng etdilər görüşmək üçün, amma görüşmədim.

- Əvvəlcə müxalif mövqeli NİDA-ya, sonra isə hakim partiyaya üzv olmağınız ictimai sektorda birmənalı qarşılanmadı.

- Sözün düzü mənim YAP-a üzv olmağım hər kəs üçün gözlənilməz oldu. Hətta ailəm belə şoka düşdü. Özüm oturdum, düşündüm və doğru -düzgün addımın YAP-a qoşulmaq olduğu qərarına gəldim. Cənab prezidentimizə sadiqliyimi göstərdim. Fikrimin dəyişməyinə təsir edən bir amil də həbsdə olanda YAP-ın mənə qayğısı, NİDA-nın isə etinasızlığı oldu.

- Həbsdə olanda NİDA-çı dostlarınız sizinlə maraqlanırdımı, həbsxanada sizə baş çəkirdilərmi?

- Həbsdə olanda yəqin onlara lazım deyildim. Halbuki təklif özlərindən gəlmişdi. “Azadlıq” və “Yeni Müsavat” mənə 1 qəzeti çox görürdülər. Sonra öz xahişimlə həbsxanaya yalnız “Azadlıq” qəzeti yolladılar.
Onu da əlavə edim ki, Sumqayıt Appelyasiya Məhkəməsində vəkilim Xalid Bağırov demişdi ki, nə iş verirlər versinlər, çıxaq gedək evimizə. Bu sözü anamla atam da eşitmişdi, çox pis olmuşdular. Deməli, mənim 5 yada, 10 il iş almağım nə vəkilimə, nə də NİDA-ya lazım deyil, onlar sadəcə görüntü üçün ora gəliblərmiş.

- Onların özündən bu barədə soruşmadınız ki, niyə belə etinasızdılar?

- Həbsdə olanda arabir Ülvi Həsənliylə danışırdım. Ancaq durub kiməsə deyəsi deyiləm ki, niyə yanıma gəlmirsiniz? Mən bir yana, atama baş çəkərdilər heç olmasa.

- Vəkilinizin məhkəmədə dediyi sözlə bağlı da heç nə demədiniz?

- Mənə Cəmil Həsənlidən başqa heç kim kömək etmədi. Cəmil bəy atamla görüşürdü, hər müsahibəsində məndən danışırdı. Cəmil bəy çox savadlı insandır əslində, amma onun ətrafında Əli Kərimli kimi pislər var, o da özü istəmədən bu tora düşüb çıxa bilmir.
Müsavatçı və AXCP-çi gənclər arasında seçim etməli olsam Müsavat partiyasının gənclərini seçərdim, çünki AXCP gəncləri çox tərbiyəsiz, əqidəsiz, ancaq söyüşlə nəyəsə nail olacaqlarını düşünən ünsürlərdir. Əli Kərimlidən tərbiyə aldıqları çox bəllidi. Atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar. AXCP-çilər də “Əlişka”yla bir yerdə ola-ola onun tərbiyəsizliklərni götürüblər.
19 iyunda məhkəməm oldu, 23-ü mən təşkilatdan vəkildən imtina yazdım. Vəkilin dediyi söz mənə pis təsir etmişdi, kamerada bəyanatı yazdım, xahiş etdim ki, məni rəis Elnur İsmayılovun yanına çıxarsınlar. Çıxdım dedim ki, mənə kömək edin bəyənatı yayımlayım. O da sağ olsun kömək etdi.

- Daha sonra bağışlanmaq üçün prezidentə müraciət etdiniz. Necə oldu bu qərara gəldiniz?

- Bəli, peşman da deyiləm. Çox şey əldə etdim. Prezidentə müraciətdən əvvəl mənlə maraqlanmayan NİDA müraciətdən sonra durmadam mənə xəbər yollayırdılar, mənlə maraqlanırdılar.

- Müraciət yazmağınıza sizinlə eyni vaxtda həbsdə olan NİDA-çıların reaksiyası necə oldu?
- Mən öncə Kürdəxanıdaydım, sonra Appelyasiya ilə əlaqədar Şüvəlan təcridxanasına köçürüldüm. Orada isə Ömər Məmmədov və Yadigar Sadıqov var idi. Yadigar üzümə heç nə deməsə də arxamca danışmışdı. Ömər isə arada məktub yazırdı. Ömər çox yaxşı oğlandır. Məhkəməsi oldu, amma ərizəsi təmin edilmədi. İnşallah o da tezliklə əfvlə çıxar. Bilmirəm o çıxandan sonra əlaqəmiz olacaq, ya yox, amma yəqin ki, o da mənlə danışmaz. O, NİDA-çıdır, mən YAP-çı. Onlar mənə nifrət edirlər.

- Həbsdən çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət etdiniz və onda jurnalistlərə bildirmişdiniz ki, daha siyasətə qoşulmayacaqsınız, amma YAP-a üzv oldunuz. Bu, siyasətə qoşulmaq sayılır axı...

- Bəli siyasətə qoşulmayacağımı bildirdim, amma YAP-a qoşulmayacağımı demədim. YAP bir partiyadır, hər bir ölkə vətəndaşının ürəyinin istədiyi hansısa bir partiyaya qoşulmaq haqqı var, o demək deyil ki, həmin adam aktiv siyasətçidir. Mən də hələlik siyasətdən kənaram. Ancaq o demək deyil ki, 1 il sonra nə olacaq. Mən indi sadəcə hələlik işimi və təhsilmi düşünürəm, təhsil aldıqdan sonra isə yəqin ki, siyasi arenada özümü göstərəcəm, bundan əmin olun. Təbii ki, müxalifət tərəfdən yox,YAP tərəfdən.

- Təhsilinizi hansı sahə üzrə davam etdirmək istəyirsiz?

- Həmişə jurnalist olmaq istəyirdim. Bu sahəyə marağım olub, amma yəqin ki, mühasibatlıq, ya da sosiologiya sahəsi üzrə təhsil alacam. Dəqiq bilmirəm hələ. İndi mühasibatlıq üzrə işləyirəm , deyə yəqin ki, mühasibatlıq oxuyacam.

- İndi harada işləyirsiniz?

- Xaçmaz rayon Avtovağzalında mühasib işləyirəm.

- Bu sahədə təhsil almadan işin öhdəsindən necə gəlirsiz?

- Düzü hələ ki, çətindi mənə. Çalışıram ki, baş mühasibdən öyrənim hər şeyi. Hələlik işlər yaxşıdır. Mən gözləyirdim ki, YAP Gənclər Təşkilatında Xaçmaz üzrə nəsə iş verəcəklər, amma heç bir təklif gəlmədi. Mənim ictimai işlərə marağım daha çoxdur, nəiinki hesab-kitab işlərinə. Tədbirlər təşkil etmək, bayramlar, flashmoblar qurmaq maraqlıdı.

- YAP-ın üzvlük vəsiqəsini almısınız?

- İki aydır ki, YAP-a üzv olmaq üçün ərizə yazmışam, amma hələ də vəsiqəmi almamışam. O gün zəng etmişdim, dedilər hələ hazır deyil.

- Yenidən NİDA-ya qoşulmağınızdan danışmaq istərdim. Orada sizi cəlb edən hansı məqamlar var idi. Kimlər tərəfindən təlimatlar alırdınız? Bu haqda fikirləriniz maraqlıdır...

- Həbsdə olanda AXCP-ə qoşulmaq istəyirdim, Rəşadət Axundov mənə bir neçə dəfə təklif etdi ki, gəl NİDA-ya qoşul. AXCP ilə Müsavat düşməndi, AXCP-yə qoşulsan, Müsavat səni siyasi cəhətdən tanımayacaq, Müsavata qoşulsan, AXCP sənə zidd gedəcək.

- Niyə məhz AXCP-yə üzv olmaq istəyirdiniz ki?

- Cəbhəçi dostlarım çox idi, amma valideynlərim qoymurdular. Yaxşı ki, qoşulmamışam. İndi kənardan AXCP-çilərə baxıram, onları İŞİD terror təşkilatına oxşadıram. AXCP-çilər onlara dəstək olmayan hər kəsi məhv etməyə çalışırlar.

- Bəs, Rəşadət Axundov NİDA-nı sizə necə bir təşkilat kimi təqdim etmişdi?

- Rəşadət mənə qeydiyyat vərəqəsini gətirmişdi. Dedi ki, NİDA yeni yaranan təşkilatdır, gəl bizə qoşul? sayımız çoxalsın. Oxudum, üzv oldum. Bir müddət əvvəl Bəxtiyar Quliyevin müsahibəsini oxudum, deyir ki, üzv olanda oxumamışdım, nə yalan deyim, mən oxumuşdum.

- Bəxtiyarla həbsdən münasibətin var?

- İlk çıxan vaxtlar münasibətimiz var idi, amma yavaş-yavaş soyudu. Heç Facebokda dostluğumda yoxdur.

- Həbsdə olanda əlaqə saxlayırdınızmı?

- Əlbəttə. Rəşadət, Zaur və Şahinlə münasibətim çox yaxşı idi. Onların xətrini hələ də çox istəyirəm, baxmayaraq ki, bir-birinə əks təşkilatların üzvüyük.

- Həbsdə olan NİDA-çılara baş çəkirsinizmi?

- Xeyr. Azadlığa çıxandan sonra şəhərə gəlməmişəm. Mən azadlığa çıxandan sonra bir oğlan dostum var, o mənə bəs edər. O insandan başqa heç kimi dost kimi həyatıma buraxmıram. O, mənim ikinci ağlımdı. Atdığım hər addımı onunla məsləhətləşirəm.

- Həmin dostunuz kimdir? Həbsdə tanış olmusunuz?

- O nə siyasətçidir, nə də tanınmış biri. Xeyr, Xaçmazda yaşamır. Mən əfv yazdıqdan sonra dəlilik etməməyimə yeganə səbəb o insandır. Çünki müxalifətdən gələn təkliflərə aldanıb həyatımı məhv edə bilərdim, ancaq o, qoymadı. Atdığım hər səhv addımda qarşımı kəsdi. Onunla həbsdə dost olmuşuq.
- Xatırlayıram ki, bir müddət əvvəl Facebook-da sizin olduğu iddia edilən profil var idi. Orada sizin şəkillərinizi yaymışdılar.

- Mən çıxandan sonra adıma 10-dan çox profil açılmışdı, sonra şikayət etdim, sildilər.

- Bilirdinmi bunu kimlərin etdiyini?

- Xeyr. AXCP-çilər mənim iki il öncəki şəkillərimdən ibarət video da yaymışdılar. Sonra o da silindi.

- Əlavə etmək istədiyiniz nə isə var?

- Məni dünyaya gətirən anama, çörək verib böyüdən atama öz təşəkkürlərimi bildirirəm. Çox sağ olsunlar ki, mənim 1 il əziyyətmi çəkdilər, necə ki, 20 il çəkiblər. Mən heç vaxt onların dəstəyini unutmaram, mənim ən böyük dəstəkçim oldular.
Bir də sonda cənab prezidentimizi də ad günü münasibətilə təbrik edirəm. Eyni gündə mənim də ad günümdür. Yəqin ki, bu da mənim alınıma yazılmış bir qismətdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti