KİV-in işi çətinləşdi - Qalmaqallı müzakirə

KİV-in işi çətinləşdi - Qalmaqallı müzakirə
  16 Dekabr 2014    Oxunub:2728
Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanun layihəsinə edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, layihə haqda deputatlara məlumat verən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, dəyişikliklər KİV-lərin özünü tənzimləməsini ehtiva edir.

R.Aslanova qeyd edib ki, dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına verilməsi qadağan olunur: “Oxşar adlı nəşrlərə tez-tez rast gəlirik. Bəzən hansısa şəxs informasiya almaq istəyərkən özünü doğruldan agentliyə, qəzetə müraciət edir. Bu zaman eyni adda olan digər mətbu orqan məlumat verməklə onun reputasiyasına ziyan gətirir. Odur ki, təklif edilən dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına qoyulması qadağan edilir. Bununla bağlı qanuna “oxşar adlar” anlayışı əlavə edilir.

Eyni zamanda, KİV orqanı qərəzli informasiyalara əsasən iki dəfə məhkəməyə verilirsə, bu zaman onun istehsalının dayandırılması haqda məhkəmə qarşısında iş qaldırıla bilər. Əvvəlki qanunda bu üç dəfə göstərilirdi. Bu addımın atılması media sahəsində məsuliyyətin artırılması, mobinq qüvvələrin mediadan öz xeyrinə istifadəsinin qarşısını alınması məqsədi daşıyır.

Millət vəkili əlavə edib ki, KİV-lərin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsi aşkar edildikdə istehsalı dayandırıla bilər.

Komitə sədrinin sözlərinə görə, dəyişikliklər KİV sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədi daşıyır.

Deputat Zahid Oruc layihəyə təklif edilən dəyişiklikləri dəstəkləyib və bunun mürtəce adlandırılmasının düzgün olmadığını vurğulayıb. O qeyd edib ki, mətbuatda təhqirə görə heç kim məhkəməyə verilmir, başqa sözlə, diffamasiya gözlənilir:

“Məncə, bu yerində olan düzəlişdir. Kimlərsə bu gün özlərini beynəlxalq aləmə mücahid kimi göstərmək istyəyirlərsə, jurnalist vəsiqəsi arxasında gizlənirlər. Əslində onlar bəzi məkrli dairələrə, kəşfiyyat orqanlarına işləyirlər”.

Deputat Tahir Rzayev də çıxışında medianın bağlanmasının tərəfdarı olmadığını deyib.
“Bəzən elə qərəzli yazılar yazılır ki, dözmək olmur. Bu günlərdə KİV-dən birində 74 deputat “lal deputat” kimi qələmə verilib. Halbuki, onların əksəriyyəti ağsaqqal deputatlardır, bizi beynəlxalq aləmdə təmsil edirlər. Belə yazmaqla cəmiyyətdə pis əhval-ruhiyyə yaradır”

Spiker Oqtay Əsədov da bu yazıdan xəbərdar olduğunu deyib:

“İşi bilməyərəkdən belə yazmaq, düzgün deyil. O deputatların 30-40 faizi bizi beynəlxalq təşkilatlarda təmsil edənlərdir, o qədər Azərbaycanın mövqeyini qoruyan çıxışlar ediblər ki, onların çıxışlarının əvəzinə bunu yazanlardan biri gedib dalbadal 3 söz deyə bilməz” .

Bahar Muradova isə hər bir sahədə, həmçinin mediada məsuliyyətin artırılmasının tərəfdarı olduğunu bildirib:

“Xədicə İsmayıl öz hərəkətinə görə cavab verməlidir. Kimisə intihar həddinə gətirib çıxarıb. Azərbaycan prezidenti bütün qanunları ayaq altına alıb onu azadlığa buraxmalıdır ki, Avropada müəyyən qüvvələr bunu istəyir?”.

“Heç kəsi təhqir eləmə, təhqid elə, nöqsanlarını tap çıxart, amma təhqir eləmə”.
Bu fikri Siyavuş Novruzov məsələyə münasibətini bildirərkən səsləndirib.
Onun sözləinə görə, qanunları pozmayan media orqanları üçün dəyişikliklərin heç bir təhlükəsi yoxdur.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilərək qəbul olunub.

Qeyd edək ki, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti