`Heç bir etirazım yoxdur` - Spikerdən deputata

`Heç bir etirazım yoxdur` - Spikerdən deputata
  16 Dekabr 2014    Oxunub:2147
Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilib.

Gündəlikdə həmçinin Azərbaycanın bir neçə dövlətlərlə imzaladığı sazişlərin təsdiqi, eləcə də qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi də yer alıb.

İlk olaraq çıxış edən millət vəkili Musa Quliyev həmkarlarının beynəlxalq təşkilatların tədbirlərindəki çıxışının rəsmi dövlət dilində olmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanın parlament nümayəndələri beynəlxalq təşkilatlarda fəal çalışırlar:

“İstərdim ki, oradakı çıxışlarımız Azərbaycan dilində səslənsin. Xarici dillərdə danışa bilən deputatlarımız var. Lakin bəzi dövlətlər var ki, onlar öz rəsmi dillərində çıxış etdiyi halda, biz niyə bunu etməyək? Niyə Azərbaycan dilini həmin tədbirlərdə təbliğ etməyək? Düşünürəm ki, bu məsələyə elədə böyük xərc lazım deyil. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsində bu məsələni qabartmalıyıq. Tərcüməçiləri ora aparıb ölkəmizi kifayət qədər təbliğ edə bilirik”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin irəli sürdüyü təklifə cavab olaraq bildirib ki, tərcüməçi məsələsinin də öz qaydası var: “Dillə bağlı tərcüməçiləri təşkilatlar özləri təşkil edirlər. Bir çox təşkilatlarda əvvəlcədən təsdiq olunmuş dillər var. Yox əgər hansısa təşkilatlarda bu təklifin keçməsi üçün imkan varsa, o zaman heç bir etirazım yoxdur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti