Damdan düşüb qəpik apardılar
AzVision.az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə ötən gecə rayon bazarının içərisində yerləşən ərzaq və meyvə-tərəvəz satılan mağazalarda baş verib. Həsən Tağıyevə məxsus obyektə daxil olan oğrular ərzaq məhsulları aparıblar. Dükan sahibinin sözlərinə görə, satış mərkəzinin damından içəri daxil olan şəxs və ya şəxslər dükanın elektrik xəttini də kəsiblər. Səhər saatlarında satıcı dükanı açan zaman içəridə ayaq izləri və tavanın dağıldığını görüb. Bu barədə o, dərhal mağaza sahibini məlumatlandırıb.
Daha bir oğurluq hadisəsi həmin bazarda yerləşən meyvə-tərəvəz satılan dükanda qeydə alınıb. Bu dəfə qənimət kimi 20 manat məbləğində xırda qəpik pullar oğurlanıb. Mağaza sahibi Qulu Həsənovun sözlərinə görə, mağazanın qıfılını sındıran oğrular meyvələrə toxunmayıblar. Hələlik hadisəni törədənləri saxlamaq mümkün olmayıb.
Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb.
AzVision.az