Sürücülərə xəbərdarlıq: yollar təhlükəlidir
Bu gün səhər Bakıda maddi ziyanla nəticələnən 9 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov anspress-ə məlumat verib. Yol polisi paytaxt yolarında havanın çiskinli, yağışlı olması səbəbində sürücülərə müraciət edib.
Onun sözlərinə görə, havanın dumanlı olması səbəbindən paytaxtın bəzi ərazilərində avtomobillərin hərəkətində çətinliklər yaranıb.
“Yasamal, Əhmədli, Qaradağ, “20 yanvar”, Günəşli və digər hündür ərazilərdə avtomobillərin hərəkəti üçün yollar təhlükəlidir. Bu səbəbdən sürücülər son dərəcə ehtiyatlı olmalıdırlar. Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər:
“Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib. Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər. “Piyadaların üst-başını su ilə isladan sürücülər yol polisi tərəfindən cəzalandırılacaq”, - deyə Vaqif Əsdov bildirib.
Yol polisi əlavə edib ki, sürücülər sürət həddinə diqqət yetirməlidirlər: “Yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur”.
Vaqif Əsədov həmçinin vurğulayıb ki, vətəndaşlar mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər. İmkanları olanlar ictimai nəqliyyatdan istifadə etsələr dah yaxşı olar.
Teqlər: